Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Geologiya və Geofizika İnstitutunda “Geomexanika” üzrə seminarlar təşkil olunacaq
19.10.2015 14:21
  • A-
  • A
  • A+

Geologiya və Geofizika İnstitutunda “Geomexanika” üzrə seminarlar təşkil olunacaq

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin “AMEA Rəyasət Heyəti tərəfindən tövsiyyə olunan elmi-tədqiqat proqramları haqqında” 11 fevral 2015-ci il tarixli qərarı ilə Geologiya və Geofizika, Riyaziyyat və Mexanika institutları, Respublika Seysmoloji Xidmət Mərkəzi, Bakı Dövlət Universiteti, Yıldız Texniki Universitetinin (İstanbul, Türkiyə) əməkdaşları tərəfindən birgə həyata keçirilən “Geomexanikanın fənlərarası problemlərinin nəzəri və eksperimental tədqiqatlar kompleksi” mövzusunda layihə çərçivəsində “Geomexanika” üzrə seminarlar təşkil olunacaq.

Seminar AMEA Geologiya və Geofizika İnstitutunun direktorunun 22 iyun 2015-ci il tarixli əmrinə əsasən təşkil olunacaq və oktyabr ayından başlayaraq hər ayın sonuncu həftəsinin dördüncü günləri saat 15.00-da bu elmi müəssisədə keçiriləcək.

Seminarın ilk iclası oktyabr ayının 29-na planlaşdırılıb. Seminarda Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, akademik Hətəm Quliyevin “Yerin daxili quruluşunun  nəzəri model parametrlərinin dəqiqliyinin və dayanıqlığının deformasiya intervalları” mövzusunda məruzəsi dinləniləcək. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: