Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

10.12.2013 00:00
  • A-
  • A
  • A+

AMEA Biologiya və Tibb Elmləri Bölməsinin fəaliyyəti barədə illik hesabat müzakirə olundu

AMEA Biologiya və Tibb Elmləri Bölməsinin fəaliyyəti barədə illik hesabat müzakirə olundu

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Cərrahiyyə Klinikasında AMEA Biologiya və Tibb Elmləri Bölməsinin(BTEB) növbəti iclası keçirildi.

İclasa BTEB-in elmi müəssisə və digər təşkilatlarının direktorları, direktor müavinləri, elmi katiblər, bölmə üzrə mühüm nəticələrin icraçıları və əlaqədar təşkilatların nümayəndələri dəvət olunmuşdular.

Öncə iclas zalının foyesində bölmə institutlarının hesabat ilində əldə etdikləri elmi nailiyyətləri əks etdirən sərgi nümayiş etdirildi.

Tədbiri giriş sözü ilə açan bölmənin akademik-katibi, akademik Əhliman Əmiraslanov gündəlikdə duran məsələlər barədə məlumat verdi. Bildirdi ki, bölmənin elmi müəssisələri “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” və “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrdən istifadəyə dair Dövlət Proqramı” çərçivəsində tədqiqatları davam etdirmişlər. Həmin tədqiqatlara dair hesabatlar AMEA-nın İdarə heyətinə təqdim olunmuşdur.

Akademik qeyd edib ki, BTEB-in elmi fəaliyyəti biologiya və tibb sahəsində fundamental və tətbiqi problemlərin həllinə yönəlmişdir. BTEB Bürosunun elmi–təşkilati fəaliyyəti Botanika, Zoologiya, Fiziologiya, Mikrobiologiya institutlarının,Mərkəzi Nəbatat Bağının və Mərdəkan Dendrarisinin, habelə respublikada tibb elmləri sahəsində fəaliyyət göstərən institutların, bəzi təhsil müəssisələrinin biologiya profilli kafedralarının və əcnəbi alimlərin fəaliyyəti ilə əlaqələndirilmişdir. BTEB əməkdaşları hesabat ilində beynəlxalq və respublika səviyyəli bir neçə elmi yığıncaqda iştirak edərək xarici ölkələrin alimləri ilə sıx əlaqələr saxlamışlar.

Sonra AMEA Botanika İnstitutunun direktoru, b.ü.e.d. Validə Əlizadə institutun 2013-cü ildəki elmi və elmi təşkilati fəaliyyəti barədə hesabatla çıxış etdi. Bildirildi di, 2013-cü ildə AMEA Botanika İnstitutunda elmi-tədqiqat işləri iki istiqamət üzrə davam etdirilmişdir. İnstitutun mövzu planına uyğun olaraq 11 mövzunun yerinə yetirilməsi istiqamətində 27 işin 73 mərhələsi işlənib hazırlanmışdır. Qeyd edildi ki, institut tərəfindən Azərbaycanın nadir və nəsli kəsilməkdə olan bitki və göbələklərinin daxil edildiyi “Azərbaycanın Qırmızı Kitabı”nın 2-ci nəşri çapdan çıxmışdır. Yeni siyahıya daxil edilmiş 300 növün 266-sı ali bitkilərə, 20-si ibtidai bitkilərə və 14-ü göbələk növlərinə aiddir. Bundan başqa, Azərbaycan florasında yayılmış Apiaceae fəsiləsinə aid Peucedanum ruthenicum L. növündən xərçəng xəstəliyi əleyhinə fəallığa malik maddənin çıxımını 2 dəfə artıran yeni təkmil alınma üsulu ixtira olunmuşdur. İlk dəfə olaraq Azərbaycan florasında yayılmış 4 növ yemişanın bioloji fəal maddələrinin miqdarı və keyfiyyət tərkibi, növlərin kimyəvi taksonomik fərqi müəyyən edilmişdir. Cari ildə institut əməkdaşları tərəfindən 180 elmi əsər, 4 kitab, 91 məqalə (55 yerli, 36 xarici mətbuatda), 52 tezis (26 xarici mətbuatda) nəşr edilmişdir.

AMEA Zoologiya İnstitutunun 2013-cü ildə elmi və elmi-təşkilati fəaliyyətinin yekunları haqqında məlumat verən direktor, AMEA-nın müxbir üzvü İlham Ələkbərov bildirdi ki, institutda 1 istiqamət, 3 problem, 11 mövzu və 40 işi əhatə edən elmi tədqiqat işləri aparılmışdır.

İ.Ələkbərov qeyd etdi ki, institut tərəfindən “Azərbaycanın Qırmızı Kitabı”nın faunaya aid 2-ci cildi çap olunmuşdur. Kitabda 223 nadir və nəsli kəsilən heyvan növləri haqqında məlumat verilmişdir. Azərbaycanda ilk dəfə olaraq molekulyar üsulla bal arısında virus xəstəlikləri təyin edilməklə qara ana yuva virusu aşkar edilmişdir. Ətraf mühitin çirklənməsinin indikatoru kimi müxtəlif regionlardan bal nümunələri analiz edilmiş və nəticədə diazinon və heksaxlorbenzolun qalıqları tapılmışdır.

Bildirdi ki, hesabat ilində 151 elmi əsər (1 kitab, 2 kitabça, 131 məqalə, 20 tezis) çapdan çıxmışdır. Onlardan 53 məqalə və 18 tezis xaricdə nəşr olunmuşdur. Hazırda institutda 5 elmlər doktoru, 4 doktorant və 15 dissertant hazırlanır.

AMEA A.İ.Qarayev adına Fiziologiya İnstitutunun hesabat məruzəsi ilə çıxış edən institutun elmi işlər üzrə müavini, biologiya üzrə fəlsəfə doktoru Afiq Qazıyevqeyd edib ki, 1 istiqamət 1 problem üzrə elmi-tədqiqatlar aparılmışdır. Tədqiqatlar fundamental aspektdə insan və heyvan orqanizmlərinin həyat fəaliyyətlərinin müxtəlif mərhələlərində fizioloji və biokimyəvi proseslərin, ətraf mühit amillərinin onların həyat təminatı sistemlərinin müdafiəsi və bərpa mexanizmlərinə təsirlərinin araşdırılmasına həsr edilmişdir. Elmi-tədqiqat işlərinin yekunları respublika və xarici dövrü mətbuatlarda 149 elmi iş, o cümlədən 75 məqalə (onlardan 9 xaricdə) və 74 tezis (onlardan 42 xaricdə) çap edilmişdir. İnstitutda 7 elmlər doktoru, 13 fəlsəfə doktoru, 3 doktorant və 20 dissertant hazırlanır.

Sonra AMEA Mikrobiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Pənah Muradov institutun 2013-cü ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş məruzə ilə çıxış etdi. Bildirdi ki, institutda 1 istiqamət üzrə 1 problemi əhatə edən 3 mövzu üzrə 5 elmi-tədqiqat işi 7 mərhələdə aparılmışdır. Aparılan tədqiqatlar nəticəsində Azərbaycan təbiətinə xas olan mikobiota üçün yeni olan növlərin yayılması aşkar edilmişdir.

Hesabat ilində 70 elmi əsər çapdan çıxmışdır. Onlardan 5 məqalə və 18 tezis xaricdə nəşr olunmuşdur. 3 məqalə impakt faktorlu jurnallarda dərc olunmuşdur. İnstitut alimləri qrant layihələrində iştirak etmiş, 2 qrant layihəsi maliyyələşdirilmişdir.

AMEA Mərkəzi Nəbatat Bağının illik hesabatını təqdim edən institutun elmi işlər üzrə direktor müavini, b.ü.f.d. Vahid Fərzəliyev nəzərə çatdırdı ki, müəssisədə 1 problem üzrə 2013-cü ildə 5 mövzunu əhatə edən 12 iş və 19 mərhələdə elmi-tədqiqat işləri yerinə yetirilmişdir. “Ağac və kol bitkiləri” laboratoriyasında “Azərbaycan florasına aid ağac və kol bitkilərinin növmüxtəlifliyinin, introduksiyasıın, bioekolojı xüsusiyyətlərinin və genofondunun qorunub saxlanması” mövzusu üzrə 5 iş və 8 mərhələdə elmi-tədqiqat işləri aparılmışdır. Ardıc cinsinə aid 8 növ bitkinin növmüxtəlifliyi aşkar edilmiş, onların bəzi biomorfoloji xüsusiyyətləri öyrənilmişdir. Şam növlərinin taksonomiki, biomorfoloji və rentgenoloji xüsusiyyətlərinin tədqiqindən alınan nəticələrin əsasında tərtib edilmiş hərfli-rəqəmsal politomik təyinat açarının tətbiqi ilə eldar şamının sərbəst növ statusu sübuta yetirilmişdir.

AMEA Mərdəkan Dendrarisinin 2013-cü ildə elmi və elmi-təşkilati fəaliyyətinin yekunları haqqında məlumat verən direktor, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov bildirdi ki, burada 1 istiqamət üzrə 1 problemi əhatə edən 7 mövzu üzrə 8 elmi-tədqiqat işi 12 mərhələdə aparılmışdır. Yeni 17 növ və forma ağac-kol bitkisi kolleksiya sahəsinə əlavə edilmişdir. Azərbaycan florasında təbii halda yayılmış 42 fəsilə 71 cinsə aid 198 növ nadir və nəsli kəsilməkdə olan ağac və kol bitkiləri tərtərəfli tədqiq edilmiş, bitkilərin areallarının kiçilmə səbəbləri, təhlükə meyarları, bioloji xüsusiyyətləri, ehtiyatı, təbii ehtiyatının dəyişmə səbəbləri və qoruma tədbirləri öyrənilərək “Azərbaycanın nadir ağac və kol bitkiləri” kitabı hazırlanmışdır.

Bildirdi ki, hesabat ilində 2 kitab, 53 məqalə, 9 tezis çapdan çıxmışdır. Onlardan 10 məqalə və 3 tezis xaricdə nəşr olunmuşdur.

Hesabatlarla bağlı müzakirələrdə iştirak edən akademik Böyükkişi Ağayev, AMEA-nın müxbir üzvü İradə Hüseynova, professor Zakir Qarayev və başqaları aparılmış tədqiqatların nəticələrini yüksək qiymətləndirərək illik hesabatları qənaətbəxş hesab etdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: