Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

16.10.2015 17:14
  • A-
  • A
  • A+

AMEA-da doktoranturaya qəbul və doktorluq imtahanlarında test texnologiyalarının tətbiqi ilə əlaqədar yaradılmış Ekspert komissiyasının ilk iclası keçirildi

AMEA-da doktoranturaya qəbul və doktorluq imtahanlarında test texnologiyalarının tətbiqi ilə əlaqədar yaradılmış Ekspert komissiyasının ilk iclası keçirildi

Məlumdur ki, AMEA prezidenti, akademik Akif Əlizadə 9 iyun 2015-ci ildə “AMEA-da doktoranturaya qəbul və doktorluq imtahanlarının test texnologiyaları əsasında keçirilməsi haqqında” Sərəncam imzalamışdır. Sərəncama əsasən, AMEA-nın elmi müəssisələri tərəfindən doktoranturaya qəbul və doktorluq imtahanları üçün müvafiq ixtisas fənləri üzrə tərtib olunmuş test suallarının təhlil edilməsi məqsədilə AMEA Rəyasət Heyətinin nəzdində Ekspert komissiyası yaradılmışdır.

Oktyabrın 16-da AMEA Rəyasət Heyətində Ekspert Komissiyasının ilk iclası keçirildi. Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Ekspert komissiyasının sədri, akademik İbrahim Quliyev açaraq əsas məqsədin  doktoranturaya qəbul və doktorluq imtahanları üçün müvafiq ixtisas fənləri üzrə tərtib edilmiş test suallarını müzakirə etmək olduğunu bildirdi. AMEA-da test texnologiyasının ilk dəfədir tətbiq olunduğunu deyən İ.Quliyev akademik A.Əlizadənin son bir neçə ayda bu məsələ ilə bağlı imzaladığı sərəncamlardan sonra kompleks tədbirlərin görüldüyünü diqqətə çatdırdı. 

Sonra Ekspert komissiyasının üzvləri çıxış etdilər.

AMEA-nın Elm və Təhsil İdarəsinin rəhbəri, texnika üzrə elmlər doktoru Əminağa Sadıqov çıxış edərək bildirdi ki, Akademiya prezidentinin sərəncamına əsasən, doktoranturaya qəbul və doktorluq imtahanları üçün hazırlanmış test sualları AMEA-nın müvafiq elmi bölmələrinə təqdim edilmişdir. Test sualları elmi bölmələrdə müzakirə olunmuş və bölmə bürolarının müvafiq qərarı ilə AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinə təqdim edilmişdir.

Məruzəçi son illər AMEA-da akademik Akif Əlizadənin rəhbərliyi ilə elm və təhsilin inteqrasiyası sahəsində həyata keçirilən mühüm işlərdən danışdı. Bütün ixtisas fənləri üzrə proqramların hazırlanmasını, Akademiyanın Elmi Şuralarında geniş müzakirəyə çıxarılmasını bu sahədə AMEA-nın əldə etdiyi böyük nailiyyət kimi qiymətləndirdi.

Ə.Sadıqov bildirdi ki, AMEA prezidentinin sərəncamına görə, Ekspert Komissiyası tərəfindən müvafiq institutların tərtib etdiyi test suallarının tədris proqramlarını tam əhatə etməsi, elmi-metodiki tələblərə cavab verməsi, dürüstlüyü, bütövlükdə test standartlarına uyğunluğu bir həftə müddətində müəyyənləşdirilməli və müvafiq rəy hazırlanaraq AMEA-nın prezidentinə təqdim edilməlidir.

“Test suallarının təhlili zamanı mübahisə doğuran suallar geniş müzakirə olunmalı və komissiya öz tövsiyələrini hazırlamalıdır” deyə bildirən Ə.Sadıqov test tapşırıqlarının hansı üsulla qiymətləndiriləcəyi məsələsinə də toxundu. Yalnız Ali Attestasiya Komissiyasının cavabından sonra son qərarın veriləcəyini dedi.

Ə.Sadıqov qeyd etdi ki, artıq oktyabrın 15-dən doktorantura və dissertanturaya sənədlərin qəbuluna  başlanılıb və bu proses 20 gün davam edəcək. Sənəd verənlərin sayı isə noyabrın 5-dən sonra  məlum olacaq.

Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə çıxış edərək test suallarının hazırlanma mexanizmi sahəsində AMEA əməkdaşlarının müəyyən təcrübəyə malik olduqlarını dedi. Qeyd etdi ki, hazırda test nümunələrinin sistemləşdirilməsi və qruplaşdırılması prosesi aparılır. Ekspert komissiyasının əsas vəzifəsi isə test suallarını proqramlaşdırmaqdır. Vurğuladı ki, təsdiq olunmuş test bankı hər il yenilənməli, testlər üzərində daim işlənilməlidir. Natiq öz çıxışında hazırlanmış testləri ekspertizadan keçirməyin zəruri olduğunu da dilə gətirdi.

Tədbirdə Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov da çıxış etdi. Onun sözlərinə görə, testlər tərtib olunarkən onların sadə, orta və ya mürəkkəb olduğu müəyyənləşdirilməlidir. O, imtahan zamanı şəffaflıq və obyektivliyin qorunması məsələsinin olduqca mühüm olduğunu, bunun imtahanların nəticələrinin düzgün qiymətləndirilməsində vacib amil olduğunu vurğuladı.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov testlərin hazırlanması ilə bağlı instituta həvalə edilən işlərdən söz açdı. Qeyd etdi ki, tərtib olunmuş testlər İnformasiya Texnologiyaları İnstitutuna təqdim olunacaq və komissiya tərəfindən kompüterə daxil ediləcək. Sonra isə test nümunələri imtahanların keçiriləcəyi institut və təşkilatlara elektron formada ötürüləcək.

R.Ələkbərov test texnologiyası sahəsində institutun təcrübəsindən də danışdı. İmtahan nəticələrinin operativ olaraq həmin gün açıqlandığını, imtahan prosesinə düzgün qiymət verildiyini diqqətə çatdırdı. O, testlərin tərtib edilməsi zamanı sualların magistratura səviyyəsində keçirilən fənlərə uyğun olmasının vacibliyini də önə çəkdi.

Ekspert komissiyanın digər üzvləri - Neft-Kimya Prosesləri İnstitutunun direktor müavini, tex.ü.e.d. Hikmət İbrahimov, Fizika İnstitutunun şöbə müdiri, f.ü.e.d. Abasət İsayev, Fəlsəfə və Hüquq İnstitutunun şöbə müdiri, h.ü.e.d. Habil Qurbanov, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşı, k.ü.e.d. Asif Məmmədov, Fizika İnstitutunun laboratoriya müdiri, f.ü.e.d. Şakir Nağıyev, AMEA-nın H.Zərdabi adına Milli Təbiət tarixi muzeyinin direktoru, b.ü.f.d. Tariyel Eybatov, Genetik Ehtiyatlar İnstitutunun şöbə müdiri, b.ü.f.d. Xanbala Rüstəmov, Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, t.ü.f.d. Namiq Məmmədov, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun aparıcı elmi işçisi, a.e.ü.f.d. Eldar Qurbanov, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşı, b.ü.f.d. Samirə Rüstəmova da müzakirələrdə fəal iştirak etdilər, çoxsaylı təkliflər irəli sürdülər.

Tədbirdə, həmçinin test üsulu ilə keçiriləcək imtahanların müddəti, testlərin sayı, sadə və ya mürəkkəblik dərəcəsi kimi məsələlər ilə bağlı müzakirələr aparıldı, imtahanların müddəti müvəqqəti olaraq 2 saat kimi müəyyənləşdirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

 

  • Paylaş: