Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Beynəlxalq konfransda Azərbaycan aliminin məruzəsi maraqla dinlənilib
12.10.2015 14:08
  • A-
  • A
  • A+

Beynəlxalq konfransda Azərbaycan aliminin məruzəsi maraqla dinlənilib

Rusiyanın Sankt-Peterburq şəhərində görkəmli arxeoloq Aleksandr Millerin 140 illiyinə həsr olunan “Qafqaz Şərqi Avropa ilə Ön Asiya arasında əlaqələndirici kimi: mədəniyyətlərin dialoqu, dialoq mədəniyyəti” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Rusiya Elmlər Akademiyasının Maddi Mədəniyyət Tarixi İnstitutu, Dövlət Ermitajı və Almaniya Arxeologiya İnstitutu tərəfindən təşkil olunan beynəlxalq tədbirdə Rusiya, Almaniya, Avstraliya, İtaliya, Polşa, Slovakiya, Gürcüstan və Moldovadan olan alim və mütəxəssislər iştirak ediblər.

Konfransda AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Nəcəf Müseyibli “Eramızdan əvvəl IV minillikdə Yaxın Şərq-Qafqaz əlaqələri Leylatəpə və Maykop mədəniyyətləri kontekstində” mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə 100 ildən artıq bir müddətdə tədqiq edilən, mənşəyi barədə müxtəlif fikirlərin irəli sürüldüyü Maykop mədəniyyətinin köklərinin eramızdan əvvəl IV minillikdə Azərbaycanda yayılmış Leylatəpə mədəniyyəti ilə bağlı olduğunu və bu faktın təkzibedilməz arxeoloji faktlara əsaslandığını konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Konfransda dinlənilən məruzələrin coğrafi arealı və mövzuları kifayət qədər geniş olsa da başlıca diqqət bir sıra Rusiya və Avropa alimlərinin tədqiqat obyekti olan Şimali Qafqazın Maykop arxeoloji mədəniyyətinə, onun mənşəyi və inkişaf mərhələlərinin tarixinə yönəlib. Heç də təsadüfi deyildir ki, konfransın rəmzi kimi məhz Böyük Maykop kurqanından aşkar edilən qızıl əşyalar seçilib. Bu baxımdan da N.Müseyiblinin məruzəsi maraq doğurub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: