www.science.az
12.10.2015 14:16

Azərbaycanda ilk dəfə Dünya Tarixçilərinin VIII Beynəlxalq Atatürk konfransı keçiriləcək

Oktyabrın 13-dən16-dək Gəncə şəhərində AMEA Tarix İnstitutu və Türkiyə Cümhuriyyəti Atatürk Araşdırma Mərkəzinin (ATAM) birgə təşkilatçılığı ilə Dünya Tarixçilərinin VIII Beynəlxalq Atatürk konfransı keçiriləcək. Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsi altında keçirilən beynəlxalq konfrans hər iki dövlətin Müstəqillik Günlərinə həsr olunur.

Konfransda Azərbaycan və region ölkələrinin XIX-XX əsrlər tarixinin aktual problemləri müzakirə olunacaq.

Konfransın Təşkilat Komitəsində Atatürk Araşdırma Mərkəzinin başqanı Mehmet Ali Beyhan, AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, İstanbul Universitetinin professoru Halil Bal, Türkiyə Respublikası Nazirlər Kabineti yanında Dövlət Arxivləri Baş idarəsinin rəisi Uğur Ünal və başqa nüfuzlu alimlər təmsil olunurlar.

Azərbaycan alimlərinin məruzələri ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi, erməni faşizminin xalqımıza qarşı törətdiyi soyqırımlar, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı və başqa problemlərə həsr olunub. Xarici ölkələrdən 130-dan çox alim və rəsmi nümayəndənin iştirak edəcəyi konfransın açılış və bağlanış mərasimləri Gəncədəki Heydər Əliyev Mərkəzində keçiriləcək. Beynəlxalq tədbirdə Azərbaycan tarixçilərinin 25 elmi məruzəsi dinləniləcək.

Konfransın sonuncu günü iştirakçılar Şəki şəhərinə yollanacaq, Qax rayonunda Yunus İmrənin məzarını ziyarət edəcəklər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir