www.science.az
06.10.2015 07:05

Referatın keyfiyyətinin artırılması üçün metod işlənilib

Elmdə mühüm nəticələrin əldə olunması, inqilabi kəşflərin edilməsində əməkdaşlıq əlaqələri vacib rol oynayır. Bu baxımdan ölkədə elmi-tədqiqat müəssisələri və təşkilatlar ilə nüfuzlu beynəlxalq elmi qurumlar arasında əməkdaşlıq əlaqələri genişləndirilir. 

AMEA İnformasiya Texnologiyaları İnstitutunda xarici alimlərlə birgə araşdırmalar aparılır, mühüm elmi nəticələr əldə olunur. Bu yaxınlarda Malaya Universiteti (Malayziya) və institut alimlərinin referatın keyfiyyətinin artırılması üsullarına həsr olunmuş məqaləsi “Springer” nəşriyyatının “Soft Computing. A Fusion of Foundations, Methodologies and Applications” jurnalında dərc olunub.

“Linqvistik biliklər və sözlərin kontent genişlənməsindən istifadə etməklə sənədlər çoxluğunun sorğu əsasında referatının yaradılması” (“Query-based multi-documents summarization using linguistic knowledge and content word expansion”) adlı məqalənin müəllifləri Asad Abdi, Norisma İdris, akademik Rasim Əliquliyev və texnika üzrə elmlər doktoru Ramiz Alıquliyevdir.

Məqalədə çoxsaylı sənədlərin içərisindən əsas məna daşıyan cümlələrin çıxarılması üçün sorğuya görə referatlaşdırma metodu təklif olunub. Metod sorğu ilə yaxınlıq dərəcəsi yüksək olan, lakin semantik mənası fərqli olan cümlələri aşkarlamır, bu da referatın keyfiyyətinin artırılmasına imkan verir. Metod cümlə və cümlə, cümlə və sorğu arasındakı semantik və sintaktik yaxınlığın hesablanması ilə yerinə yetirilir. Təcrübələr göstərir ki, təklif edilən metod digər metodlarla müqayisədə yüksək nəticə verir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir