www.science.az
02.10.2015 12:51

“Real tarix və “Böyük Ermənistan” uydurması” adlı kitab ingilis dilində çapdan çıxıb

Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun “Real tarix və “Böyük Ermənistan” uydurması” kitabı ingilis dilində çapdan çıxıb. Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Azərbaycan Tarixçiləri İctimai Birliyi (ATİB) tərəfindən nəşr edilib.

Yeni nəşrin elmi redaktoru tarix üzrə fəlsəfə doktoru Allahverdi Əlimirzəyev, texniki redaktoru Mehri Xanbabayeva, tərcüməçisi isə Səbinə Alməmmədovadır.

Kitabda ilk mənbələr əsasında ermənilərin Kiçik Asiyaya Balkan yarımadasından köçüb gəldikləri, mənşəcə qədim frigayılılarla qohum etnos olduqları və Asiya qitəsinin aborigen əhalisi olmadıqları göstərilir. Sübut edilir ki, müasir ermənilər (haylar) “Armeniya”, “armyane”, “erməni” adlarına sonradan – Şərqi Anadoluya köçüb gədikdən sonra sahib çıxmışlar. Tarixdə heç zaman “Böyük Ermənistan” adlanan dövlət qurumu olmamışdır. “Böyük Ermənistan” anlayışı Azərbaycan, Türkiyə və Gürcüstan torpaqlarına sahib çıxmaq məqsədilə erməni saxtakarları tərəfindən sonradan uydurulmuşdur.

Əsərin birinci bölməsi "Ermənilər Kiçik Asiyaya Balkan yarımadasından köçüb gəlmişlər" adlanır və bu bölmə ermənilərin qədim Urartu irsinə sahib çıxmaq iddialarına qarşı kəskin cavabdır. Kitabda uydurma "Erməni yaylası" ("Armyanskoye naqorye") coğrafi anlayışına ayrıca bölmə həsr olunub. Bu bölmədə müəllif yazır ki, tarixi saxtalaşdıranlar XIX əsrin sonundan etibarən elmi dövriyyəyə daha bir uydurma termin – “Erməni yaylası” (“Armyanskoye naqorye”) coğrafi anlayışını da daxil ediblər. Əsərin son bölməsi isə tarixdə heç vaxt "Böyük Ermənistan" adlı dövlətin olmadığının isbatına həsr olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir