Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA-da geokimyəvi anomaliyaların əmələ gəlməsində sorbsiya-desorbsiya amillərinin rolu müzakirə olunub
02.10.2015 10:05
  • A-
  • A
  • A+

AMEA-da geokimyəvi anomaliyaların əmələ gəlməsində sorbsiya-desorbsiya amillərinin rolu müzakirə olunub

Oktyabrın 2-də AMEA Geologiya və Geofizika İnstitutunda (GGİ) Elmi Şuranın növbəti iclası keçirilib.

Tədbiri müəssisənin elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynov açıb. O, əvvəlcə palçıq vulkanizmi şöbəsinin rəhbəri, professor Adil Əliyevi 85 illik yubileyi münasibəti ilə kollektiv adından təbrik edib. Yubilyara həyat və yaradıcılığı ilə bağlı xoş arzular ifadə olunub.

Sonra iclasın gündəliyinə nəzər salınıb. İlk olaraq  “Geokimyəvi anomaliyaların əmələ gəlməsində sorbsiya-desorbsiya amillərinin rolu” mövzusunda tədqiqatlardan danışılıb. D.Hüseynov bildirib ki, institutun Filiz və qeyri-filiz faydalı qazıntı yataqlarının geologiyası və geokimyası şöbəsi tərəfindən qara şistlərin bir çox kimyəvi elementlərə qarşı sorbsiya xüsusiyyətləri öyrənilib. Bu tədqiqatları aparmaq üçün xüsusi qurğular qurulub və əhəmiyyətli nəticələr əldə olunub.

Sonra adıçəkilən şöbənin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru Çingiz Kaşkay həmin nəticələrə dair geniş məruzə ilə çıxış edib. Onun sözlərinə görə, eksperimental tədqiqatlar nəticəsində məlum olub ki, qara şistlər çoxkomponentli məhlullarla təmasda olduqda hər bir element ona xas olan sorbsiya tutumu və sorbsiya kinetikası ilə fərqlənir. Bu fərqlilikdən asılı olaraq qara şist kütləsində kimyəvi elementlərin diferensiasiyası baş verir və geokimyəvi anomaliyaların əmələ gəlməsinə səbəb olur. Proseslərin izahı xromatoqrafiya prinsipinə əsasən verilib.

Eksperimental tədqiqatlar nəticəsində Böyük Qafqazın Duruca zonasının qara şistlərinin güclü sorbsiya potensialına malik olması müəyyən edilib. Nəticələrin genetik baxımdan interpretasiya üçün istifadə yolları təklif olunub.

Tədqiqatların nəticələri geniş müzakirə edilib, suallar cavablandırılıb. Məruzə elmi şuranın qərarı ilə qəbul olunub.

Daha sonra AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq Əlaqələr İdarəsinin rəisi, geologiya-mineralogiya elmləri namizədi Qulam Babayev Nüvə Silahlarının Hərtərəfli Qadağan Olunması üzrə Müqavilə Təşkilatının (CTBTO) Azərbaycandakı Milli Məlumat Mərkəzində yerinə yetirilən işlərin gedişatı haqqında danışıb.

A.Əliyev isə Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyası çərçivəsində aparılan müştərək işlərin gedişatından bəhs edib.

Müzakirəyə çıxarılan növbəti məsələ nəşrə hazırlanan “Naxçıvan Muxtar Respublikasının stratiqrafiyası” adlı sorğu kitabı olub. Hazırlıq işlərinə nəzər saldıqdan sonra kitabın çap edilməsi tövsiyə olunub.

İclas kadr hazırlığı və digər məsələlərin müzakirəsi ilə davam edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: