www.science.az
11.12.2013 00:00

Qalib layihələrin rəhbərləri ilə görüş keçirildi

Bu gün “Hilton Baku” otelində AR Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) tərəfindən “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində bu il keçirilmiş Gənc alim və mütəxəssislərin 2-ci qrant müsabiqəsi və fondun YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə birlikdə keçirdiyi 2-ci “Şuşa Qrantı” müsabiqəsində qalib gəlmiş layihələrin rəhbərləri ilə görüş keçirildi.

Öncə ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Dövlət və hökumət nümayəndələri, görkəmli alim və mütəxəssislərin iştirak etdiyi tədbiri giriş sözü ilə fondun icraçı direktoru Elçin Babayev açdı. Bildirdi ki, ölkəmizdə elmin inkişafı özünün yeni mərhələsinə qədəm qoyub. Alimlər üçün yaradılan şərait, maddi-texniki bazanın gücləndirilməsi, kadr hazırlığı, sosial məsələlərin həlli, alim nüfuzunun cəmiyyətdə artması kimi faktorlar fundamental elmin aparıcı sahəyə çevrilməsini zəruri edir. Fondun qrant müsabiqələrinin formatının zənginləşdiyini və beynəlxalq əlaqələrinin genişləndirildiyini bildirən E.Babayev cari ildə fond tərəfindən 9 müsabiqənin elan edildiyini diqqətə çatdırdı.

Qeyd etdi ki, YUNESKO üzrə AR Milli Komissiyası ilə birgə 10 may tarixində elan edilərək keçirilən II “Şuşa qrantı” müsabiqəsinin məqsədi Qarabağ tarixi, qeyri-maddi və maddi-mədəni irs, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, tibbi, bioloji və aqrar məsələlər, qaçqın və məcburi köçkünlərin hüquqlarının qorunmasının və s. kompleks şəkildə elmi əsaslarla tədqiq olunmasının dəstəklənməsidir.

Müsabiqə nəticəsində 10 qalib layihənin müəyyənləşdirildiyini vurğulayan E.Babayev hər bir fundamental-tətbiqi xarakterli layihə üzrə alınmış nəticələri əks etdirən kitab, monoqrafiya və ya atlasın nəşr olunması nəzərdə tutulduğunu qeyd etdi.

E.Babayev 2013-cü ildə həyata keçirilmiş Gənc alim və mütəxəssislərin II qrant müsabiqəsində 25 qalib layihə müəyyənləşdirildiyini və onların yerinə yetirilməsi üçün 50000 manat məbləğində vəsait ayrıldığını bildirdi. Əlavə etdi ki, qalib layihələrdən 20-si fundamental tətbiqi xarakterlidir, 3-ü isə müasir cihaz və avadanlıqların təminatını nəzərdə tutur. 2 layihə üzrə Azərbaycanda beynəlxalq konfrans təşkil olunacaqdır.

YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının I katibi Günay Əfəndiyeva bu mövzuda layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğuladı. Bildirdi ki, bu cür layihələrin həyata keçirilməsi Dağlıq Qarabağın təhlükə altında olan maddi-mənəvi irsinin qorunması, humanizm, sülh ideyalarının təbliği baxımından olduqca vacibdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov cəmiyyətdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni innovativ fikirlərin, yanaşmaların formalaşmasında elmi araşdırmaların böyük əhəmiyyət kəsb etdiyini söylədi.

Tədbirdə millət vəkili, Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyev, millət vəkili, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, professor Musa Qasımlı, AMEA-nın vitse-prezidenti, akademik Tofiq Nağıyev, “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov, Gənclər və idman nazirinin müavini İntiqam Babayev, AR Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyeva və digərləri çıxış etdilər.

Sonra fondun fəaliyyətini əks etdirən video çarx nümayiş olundu.

Tədbirdə, həmçinin I “Şuşa Qrantı” müsabiqəsinin qalibi olmuş “Qarabağ geyimləri” adlı layihənin təqdimatı oldu.

Gənc alim və mütəxəssislərin 1-ci qrant müsabiqəsinin qalibi olmuş “Şabalıdyarpaq palıdın dendroxronoloji tədqiqi” layihəsinin elmi nəticələri barədə isə gənc alim Fərid Seyfullayev çıxış etdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.