www.science.az
28.09.2015 09:02

“Böyük ədib və mütəfəkkir Əli bəy Hüseynzadə” adlı məqalələr toplusu çapdan çıxıb

“Böyük ədib və mütəfəkkir Əli bəy Hüseynzadə” adlı məqalələr toplusu “Elm” nəşriyyatında çapdan çıxıb.

Toplu Azərbaycan Respublikasının Prezidenti cə­nab İlham Əliyevin “Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında” 21 yanvar 2014-cü il tarixli Sərəncamına əsa­sən təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq, AMEA Ədəbiyyat İnstitutunda hazırlanıb.

Topluya Əli bəy Hüseynzadə haqqında müstəqillik illərində yazılmış, əlibəyşünaslığın çağ­daş inkişaf səviyyəsini əks etdirən elmi və elmi-publisistik məqalələr daxil edilib. Bu məqalələr böyük ədib və mütəfəkkir, gör­kəmli ictimai-siyasi xadim Əli bəy Hüseynzadənin mənalı ömür yolu və çoxcəhətli fəaliyyəti barədə dolğun təsəv­vür yaratmağa xidmət edir.

AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin, tanınmış tədqiqatçılardan - AMEA-nın müxbir üzvləri Əziz Mirəhmədovun, Yaşar Qarayevin, Nizami Cəfərovun və başqalarının məqalələrində Əli bəy Hüseynzadənin həyat və yaradıcılığının, XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatının, “Molla Nəsrəddin” və “Füyuzat” ədəbi məktəbləri əlaqələrinin aktual məsələləri öz əksini tapıb.

“Böyük ədib və böyük mütəfəkkir Əli bəy Hüseynzadə” kitabının elmi redaktoru akademik İsa Həbibbəyli, tərtibçiləri və çapa hazırlayanları isə Ədəbiyyat İnstitutunun Azər­bay­can mühacirət ədəbiyyatı şöbəsinin müdiri, filologiya üzrə fəl­sə­fə dok­­toru Nikpur Cabbarlı, professor Şamil Vəliyevdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir