Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Xaraba-Gilan antik və orta əsr şəhər yerində uğurlu arxeoloji tədqiqatlar aparılıb
28.09.2015 07:29
  • A-
  • A
  • A+

Xaraba-Gilan antik və orta əsr şəhər yerində uğurlu arxeoloji tədqiqatlar aparılıb

2015-ci il çöl-tədqiqat mövsümündə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Bəhlul İbrahimlinin rəhbəri olduğu “Xaraba-Gilan” arxeoloji ekspedisiyası Xaraba-Gilan antik və orta əsr şəhər yerində Sovet dönəmində dayandırılmış arxeoloji tədqiqatları davam etdirib.

İndiyədək şəhər yerində aparılan arxeoloji qazıntılar, yalnız dini və ictimai tikililəri əhatə edib, şəhərin əsas məhəllələri və Narınqala demək olar ki, tədqiq olunmayıb.

Builki arxeoloji tədqiqatlar şəhərin nisbətən salamat qalmış birinci məhəlləsində başlanılıb. Bu, şəhərin əsas məhəlləsi olmaqla Narınqalanın giriş qapısına yaxındır. Məhəllədə əhənkövrədən istifadə etməklə tikilmiş fundamental binalar vardır. Qazıntı da belə binalardan birinin yanında aparılıb. Məhəllənin müdafiə divarının bir hissəsi və üç otaq aşkarlanıb. Müdafiə divarı iki metr enində olub, çəkisi bir tonadək, bəzilərinin çəkisi isə bir neçə ton olan daşlarla inşa edilib. Otaqlarda monqol işğalından sonra tələm-tələsik aparılmış bərpa izləri aydın nəzərə çarpır. Müdafiə divarının uçulmuş daşları da yerinə qoyulmayıb. Əldə edilən şirli və şirsiz gil qablar, hətta qazan və tavalar da mis və dəmir məftillərlə, təsərrüfat küpləri isə əhənglə təmir olunub. Tapılan mis sikkələrin əksəriyyəti Hulakular dövrünə, yalnız birinci otaqdan, döşəmənin altından tapılan bir ədəd mis sikkə isə Səlcuqlar dövrünə aiddir. Bütün bunlar onu göstərir ki, monqolların hücümü ilə dağıdılmış şəhər bərpa olunmasa da, dulusçuluq istehsalı dayansa da burada yaşayış XIII əsrin sonlarınadək davam edib. Xaraba-Gilan şəhər yerinin müdafiə divarı ilə əhatə olunmuş əsas məhəlləsinin qazıntıları, buranın bütünlüklə açılması şəhərin yaranması və inkişaf mərhələlərini dəqiqləşdirməyə, bir-birini əvəz edən antik (Parfiya), ilk orta əsrlər (Sasani) və orta əsrlər (Səlcuq) memarlığını, həmçinin, ərəb və monqol işğallarının miqyasını öyrənməyə imkan verəcək. Bu isə Naxçıvanın və bütövlükdə Azərbaycan şəhərlərinin yaranması, inkişafı problemlərinin tədqiqi üçün çox əhəmiyyətlidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: