www.science.az
22.09.2015 08:29

Azərbaycanın elm tarixində daha bir əlamətdar hadisə

ABŞ-ın “Thomson Reuter” Agentliyinin bu günlərdə açıqlanan 2015-cu il üçün yarımillik hesabatına əsasən Azərbaycanda nəşr olunan “TWMS Journal Pure and Applied Mathematics” (“Türk Dünyası Riyaziyyat Cəmiyyətinin (TDRC) Nəzəri və Tətbiqi Riyaziyyat Jurnalı ”) jurnalı yeni yaradılan “Emerging Sources Citation Index” bazasında yer alıb. Sevindirici haldır ki, elmimizin uğurları beynəlxalq təşkilat və qurumlar tərəfindən də birmənalı qəbul edilir.

2010-cu ildən ingilis dilində nəşr olunan bu jurnalda nəzəri və tətbiqi riyaziyyatın müxtəlif sahələrinə aid yüksək səviyyəli, əsaslı rəydən keçən elmi məqalələr dərc edilir. Nəşrin redaksiya heyətinə 15-dən çox ölkənin tanınmış alimləri daxildir. Jurnal 30-dan artıq ölkənin universitet və elmi mərkəzlərində yayılır.

Bütün məqalələr MatReviews, Zentrablatt, VINITI kimi nüfuzlu bazalarda referat olunur, E-Letter, NA Digest elmi saytlarında anons edilir. İndiyədək jurnalın 10 nömrəsi çap olunub.

Qeyd edək ki, jurnalın baş redaktoru Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyevdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir