www.science.az
22.09.2015 14:03

“Üzeyir Hacıbəylinin ömürnaməsi” kitabının təqdimatı keçirilib

Sentyabrın 21-də AMEA Mərkəzi Elmi Kitabxanasında bu elmi müəssisənin və Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə akademik Bəkir Nəbiyevin “Üzeyir Hacıbəylinin ömürnaməsi” kitabının təqdimat mərasimi keçirilib. Yeni nəşr akademik Üzeyir Hacıbəylinin 130, akademik Bəkir Nəbiyevin isə 85 illik yubileyləri çərçivəsində çap olunub.

Təqdimat mərasimində çıxış edən Mərkəzi Elmi Kitabxananın direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova ölməz bəstəkarın Azərbaycan klassik musiqi sənətinin, o cümlədən tarixi-mədəni irsinin formalaşmasındakı rolundan danışıb. O, dahi bəstəkarın həyat və yaradıcılığını əks etdirən yeni nəşrin əhəmiyyətli mənbə olduğunu diqqətə çatdırıb.

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli kitabı indiyədək Üzeyir Hacıbəyli haqqında yazılmış ən mükəmməl əsərlərdən biri kimi səciyyələndirib. Bildirilib ki, akademik Bəkir Nəbiyevin yaradıcılığında bu kitab xüsusi yer tutur. Əsərdə Üzeyir Hacıbəyli yaradıcılığının müxtəlif janrları hərtərəfli araşdırılıb, Azərbaycan musiqisini dünyada tanıtmış görkəmli bəstəkarın insani xüsusiyyətləri çox canlı, səmimi əks olunub.

Akademik İsa Həbibbəyli vurğulayıb ki, yeni nəşr dahi bəstəkar Üzeyir Hacıbəylinin həyat və yaradıcığını işıqlandıran “Üzeyirşünaslıq” silsiləsindən olan ilk kitabdır. Dahi bəstəkarın zəngin ömür yolunu xronoloji şəkildə əks etdirən bu kitab yeni üslubda yazılmışdır.

AMEA Rəyasət Heyətinin qərarı ilə ədəbiyyatşünas alim, akademik Bəkir Nəbiyevin 85 illiyinə həsr olunmuş iki kitabın nəşrə hazırlandığını söyləyən akademik İ.Həbibbəyli rəhbərlik etdiyi Ədəbiyyat İnstitutu tərəfindən də görkəmli elm mücahidinin yubileyi münasibətilə tədbirin keçiriləcəyini bildirib.

AMEA-nın vitse-prezidenti böyük bəstəkarın doğum gününün bayram kimi qeyd edilməsi ənənəsinin ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdırıb. Ümummilli liderimizin 1995-ci ildə - dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində imzaladığı Fərmanla hər il sentyabrın 18-i ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.

Təqdimat mərasimində “Üzeyir Hacıbəylinin ömürnaməsi” milli mədəniyyət hadisəsi kimi”, “Kitabdan sətirlər”, “Üzeyir Hacıbəyli. “Arşın mal alan” operasından Gülçöhrənin ariyası”, “Əfrasiyab Bədəlbəyli. “Qız qalası” baletindən Adajio”, “Xalq mahnısı “Evləri var xana-xana”. Niyazi “Arzu” və digər mövzularda məruzələr dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir