www.science.az
10.09.2015 14:12

Yeni texnologiya iflic olmuş şəxslərə tənəffüs siqnallarının köməyilə ünsiyyət qurmağa imkan verəcək

Son bir neçə il ərzində alimlər tərəfindən iflic olmuş şəxslərə siqnalların konvertasiyası sistemlərinin köməyilə ünsiyyət qurmağa imkan verən bir çox texnologiya hazırlanıb. Lakin bəzi hallarda iflic olmuş insanlar hətta göz hərəkətlərinin hesablanmasına əsaslanan texnologiyaları idarə edə bilmirlər. Bu zaman daha universal və sadə idarəetmə sisteminin hazırlanmasına ehtiyac duyulur.

Bu səbəbdən Böyük Britaniyanın Lafboro Universitetində fəaliyyət göstərən bir qrup alim tənəffüs siqnallarının sözə çevrilməsinə əsaslanan yeni texnologiya hazırlayıb.

Sistem pasiyentin burun və ağzını örtən maskadan və xüsusi kompüter interfeysindən ibarətdir. Pasiyent nəfəs aldıqda proqram təminatı hər hansı sözə və ya ifadəyə uyğun olan şablonu tanıyır. Texnologiyanın üstünlüyü ondan ibarətdir ki, tənəffüs siqnallarının hansı söz və ya ifadəyə uyğun olacağını istifadəçi özü seçir.

Kliniki sınaqlar zamanı sistemin könüllü pasiyentlərin nə demək istədiyini 97,5 faiz düzgün əks etdirdiyi məlum olub.

Müəlliflərin sözlərinə görə, sistem universal olması ilə fərqlənir. Belə ki, yeni texnologiya iflicin istənilən növündən əziyyət çəkən insanlara uyğun gəlir və əl-ayaqların, hətta üz əzələlərinin fəal işləməsini tələb etmir.

www.nanonewsnet.ru