www.science.az
03.09.2015 01:02

AMEA-nin II Xüsusi şöbəsində növbəti seminar-məşğələ keçirilib

AMEA Rəyasət Heyəti aparatının II Xüsusi şöbəsində növbəti seminar-məşğələ keçirilib.

Tədbiri giriş sözü ilə II Xüsusi şöbənin rəisi Eldar Quliyev açaraq Akademiyanın elmi müəssisə və təşkilatlarının mülki müdafiə qərargah rəislərinin müxtəlif istiqamətləri əhatə edən mövzularla əlaqədar mütəmadi məlumatlandırıldığını diqqətə çatdırıb.

Sonra E.Quliyev gündəlikdə olan məsələlərlə seminar iştirakçılarını tanış edib və bu ilin noyabr ayında AMEA-nın 70 illik yubileyinin keçiriləcəyini nəzərə çatdıraraq görüləcək işlərin 2015-ci ilin Mülki Müdafiə (MM) Planına uyğun yerinə yetirilməsinin vacibliyini qeyd edib.  

Daha sonra Tarix İnstitutunun direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhrəmovun "Beynəlxalq vəziyyət, Yaxın Şərq ölkələrindəki münaqişələr və bu münaqişələri yaradan faktorlar" adlı məruzəsi dinlənilib. İlk olaraq öz çıxışında uzun illər Bakı neftinin bir çox ölkələrin mübarizə obyektinə çevrildiyini vurğulayan Cəbi Bəhrəmov XX əsrin ən dəhşətli iki müharibəsi − I və II Dünya müharibələrinin başlıca səbəbi kimi Bakı nefti ilə bağlı olan məsələləri dilə gətirib. Məruzəçi bildirib ki, Bakı nefti 1895-1897-ci illərdə dünyanın neftə olan tələbatının 57%-ni, Rusiyanın isə 95%-ni ödəyirdi. Bu, heç də sadə göstərici deyil. Tarixi həqiqətlərdən bəhs edən alim ölkənin elm adamlarının faktlar əsasında bütün gerçəklikləri meydana çıxartdığını və tədqiqatçıların müasir dövrdə dərc olunan nəşrlərdə yalnız reallıqlarla çıxış etdiyini bildirib. C.Bəhramov qeyd edib ki, ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən yürüdülən məqsədyönlü siyasət, Yaxın Şərq ölkələri, eləcə də digər ölkələrlə qurulan sıx əməkdaşlıq əlaqələri və Azərbaycanın təhsil, iqtisadiyyat, hərb və elm sahələrində irəliləməsi üçün həyata keçirilən tədbirlər sayəsində tarixi həqiqətlər bərpa olunacaq. 

Alim bu yaxınlarda “Neft tarixi” kitabının ingilis dilinə tərcümə olunduğunu bildirib, nəşrdə Bakı nefti ilə bağlı əsaslı faktların əksini tapdığını söyləyib.

2015-ci ilin MM planına uyğun olaraq elmi müəssisə və təşkilatlarda elmi işçilərin MM-ə hazırlığının - əməkdaşların ehtimal olunan fövqəladə hadisələrin təsirindən qorunması məqsədilə profilaktik tədbirlərin həyata keçirilməsi üçün rəhbər heyətin MM məşqinin, xəbərdarlıq və toplanış məşqlərinin vaxtında keçirilməsinin vacibliyi qeyd edilib.

Eyni zamanda, AMEA prezidentinin 24 dekabr 2014-cü il tarixli müvafiq sərəncamına uyğun olaraq 5 elmi müəssisə və təşkilat rəhbərinin cari ilin noyabr ayının 23-27-də AR Fövqəladə Hallar Nazirliyinin mərkəzi mülki müdafiə kurslarında hazırlıq keçmələri diqqətə çatdırılıb.

Tədbirdə geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir