www.science.az
02.09.2015 13:25

Azərbaycanlı alimin əsəri Böyük Britaniyada nəşr edilib

Görkəmli şərqşünas alim, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının və Oksford Akademiya İttifaqının həqiqi üzvü Rafael Hüseynovun Böyük Britaniyada yeni əsəri nəşr edilib.

“Sokrat almanaxı” adlı nüfuzlu və ildə iki dəfə işıq üzü görən külliyyatda akademik Rafael Hüseynovun “Orta əsrlər Azərbaycan əlyazmaları köhnəlməyən mədəniyyət və intellekt hadisəsi kimi” sərlövhəli araşdırması yer alır.

Həmçinin dünyanın bir sıra aparıcı alimləri ilə yanaşı, azərbaycanlı alim də şərqşünaslıq problemləri üzrə mötəbər ekspert olaraq “Sokrat almanaxı”nın redaksiya heyətinə daxil edilib.

Akademik Rafael Hüseynovun tədqiqatında X-XI əsrlərin görkəmli mütəfəkkiri Əbu Reyhan Biruninin əlifbaya, kitaba minnətdarlıq ifadə edən: “Yazılı bilgilər məlumatın bir növüdür ki, digər xəbərlərin hamısından daha üstündür. Axı qələmin əbədi abidələri olmasaydı, biz xalqların rəvayətlərini haradan bilərdik!”, - fikrinə istinad edərək Azərbaycan əlyazmalarının 1000 illik tarixini nəzərdən keçirir.

Müəllif şrift yığımı üsulu ilə ilk Azərbaycan kitabının 1818-ci ildə Təbrizdə nəşr edildiyini, bundan əvvəl isə 8-9 əsr ərzində ədəbiyyatımızın, elmimizin yalnız əlyazma kitabları vasitəsilə yayıldığını vurğulayaraq həmin az öyrənilmiş irsin milli varlığımızı dərk etmək və keçmişimizi layiqincə bilməkdən ötrü başlıca qaynaqlardan olduğunu təsdiqləyir.

Azərbaycan müəlliflərinin, xəttat və miniatürçülərin türk, fars, ərəb dillərində yaratdığı qiymətli əlyazma mirasının mühüm nümunələrini təhlil edən akademik Rafael Hüseynov əlyazma kitabı ənənələrimizin Yaxın və Orta Şərqdə mədəni tərəqqiyə ciddi müsbət təsir göstərdiyini konkret dəlillərlə sübut edir.

Araşdırmada belə bir məqama da diqqət yönəldilir ki, orta əsrlər kitab sənətinin yüksəlişində ərəb əlifbası əsasında yaradılmış yeni xətt növlərinin güclü təsiri olub və həmin xətlərin bir neçəsini də ixtira edənlər məhz azərbaycanlı sənətkarlar idi. Bütün müsəlman Şərqində ən populyar xətt növü olan nəstəliqi yaratmaqla kalliqrafiya sənətində inqilabi yenilik etmiş XIV əsr alimi və şairi Mir Əli ibn İlyas Təbrizi və digər bu qəbil şəxsiyyətlərdən bəhs edən akademik Rafael Hüseynov azərbaycanlı mütəxəssislərin əslində orta əsrlərin bütöv mədəni aləmində məktəblər, cərəyanlar, istiqamətlər qurucusu olduğunu da önə çəkir.

İri həcmli, məxəzlərin dəyərli məlumatları əsasında qələmə alınmış, diqqətəlayiq faktlarla zəngin olan araşdırmada orta əsr kitab mədəniyyətində miniatür sənətinin tutduğu mövqe və azərbaycanlı rəssamların həmin sahədə müstəsna fəaliyyətlərindən də geniş bəhs edilir. Hazırda yalnız İstanbuldakı Topqapı muzeyində qorunan 67 əlyazmada Nizami poemalarına çəkilmiş 1600 miniatür olduğunu bildirən R.Hüseynov dünyanın müxtəlif muzey və kitabxanalarında, əlyazma xəzinələrində qorunan bütün Azərbaycan miniatürlərinin toplanaraq ayrıca nəşr edilməsi təşəbbüsünü də irəli sürür.

Akademik Rafael Hüseynovun İngiltərədə “Sokrat almanaxı”nda dərc edilmiş bu əsəri mədəniyyətimizi və zehni sərvətlərimizi, üstün yaradıcı şəxsiyyətlərimizi beynəlxalq aləmə çatdırmaq yolunda əlamətdar elmi hadisə və nailiyyət sayılmağa layiqdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir