www.science.az
05.12.2013 00:00

Görkəmli macar alimi Georq Hazainin şəxsi kolleksiyasının kataloq–kitabı nəşr edilmişdir

AMEA Rəyasət Heyətinin sərəncamına əsasən, AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərlinin elmi redaktorluğu ilə dünya miqyasında tanınmış türkoloq-alim, Macarıstan Elmlər Akademiyasının həqiqi üzvü Georq Hazainin MEK-də saxlanılan şəxsi kolleksiyasının kataloq–kitabı nəşr edilmişdir.

Tanınmış alim Azərbaycan ilə əlaqələri haqqında bir sıra məqalələrini 1975-ci ildən “Sovetskaya türkologiya” jurnalında dərc etdirmişdir. 2007-ci ildə Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü ilə Georq Hazainin əsərlərinin biblioqrafiyası Bakıda nəşr olunmuşdur. Azərbaycanı dünyada əhəmiyyətli türkologiya mərkəzi hesab edən macar alimi öz şəxsi kitabxanasının türkologiyaya aid bölümünün təxminən 1000 adda kitab və jurnal, 600-dək elmi məqalə, habelə bir sıra şəxsi arxiv materiallarını AMEA Mərkəzi Elmi Kitabxanasına bağışlamışdır. Hədiyyə olunan kitablar Macarıstan, Türkiyə, ABŞ, Fransa, Böyük Britaniya, Almaniya, Bolqarıstan və digər ölkələrdə 1960-1990-cı illərdə macar, rus, türk, ingilis, fransız və alman dillərində çap olunan elmi əsərlərdən ibarətdir. Onların sırasına lüğət, soraq kitabçaları, ensiklopediyalar, bir sıra qədim dil abidələrinin elmi-tənqidi mətnləri daxildir.

Georq Hazainin çap kataloqunun hazırlanmasının əsas məqsədi dünya miqyaslı türkoloq-alimin zəngin kolleksiyasını təbliğ etməkdən ibarətdir.

Kolleksiyaya ictimai-humanitar elmlər - tarix, arxeologiya, ədəbiyyat, mədəniyyət, incəsənət, siyasət, din, eyni zamanda, Yer elmləri, biologiya, səhiyyə və başqa sahələrə aid ədəbiyyat daxildir. Çap kataloqunda kitablar elm sahələri, dillər üzrə, daxildə isə müəlliflərin soyadına və yaxud sərlövhəyə görə qruplaşdırılmışdır. Burada universal məzmunlu ədəbiyyat - lüğət və ensiklopediyalar, müxtəlif mövzularda türkologiyaya aid biblioqrafik göstəricilər də öz əksini tapmışdır.

Georq Hazainin şəxsi kitabxanası MEK-in Şərq Ədəbiyyatı Fondunda mühafizə olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.