Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Dünya şöhrətli alim
05.08.2015 07:09
  • A-
  • A
  • A+

Dünya şöhrətli alim

Avqust ayının 5-də Azərbaycan tibb elmini hərtərəfli inkişaf etdirərək dünyada tanıdan, ona beynəlxalq aləmdə layiqli nüfuz qazandıran, Sosialist Əməyi Qəhrəmanı Mustafa bəy Ağabəy oğlu Topçubaşovun anadan olmasının 120 ili tamam olur. 

86 ildən bir qədər çox şərəfli ömür yaşayan akademik M.Topçubaşov zəngin yaradıcılıq fəaliyyəti ilə sübut etdi ki, onun genindəki elm Azərbaycan xalqına xas xüsusiyyətdir. Bu xüsusiyyəti onun əlindən, onun timsalında da Azərbaycan xalqının əlindən heç kim nə ala bilər, nə də dana bilər.

Ümummilli lider Heydər Əliyevin 31 iyul 1995-ci il tarixli sərəncamı ilə həmin il oktyabr ayının 14-də Azərbaycan Dövlət Opera və Balet Teatrında akademik M.Topçubaşovun anadan olmasının 100 illik yubileyi qeyd olundu. Yubiley gecəsində ulu öndər çıxış edərək dedi: “Mustafa bəy Topçubaşovun həyat yolu, yaradıcılığı, onun bizim üçün və gələcək nəsillər üçün qoyduğu irs milli sərvətimiz və milli iftixarımızdır”.

M.Topçubaşov irsi, onun elmi əsərləri, kəşfləri və ixtiraları müasirliyini indi də bütün dolğunluğu ilə mühafizə edərək saxlayıb. 1995-ci ilin dekabr ayında M.Topçubaşovun ATİ-dəki iş otağında alimin “Xatirə muzeyi”nin təşkili, 2010-cu ildə ATU-nun yaranmasının 80 illik yubileyi ərəfəsində 5 cildlik “Xüsusi cərrahlıq” kitabının nəfis tərtibatda yenidən nəşr edilməsi, eləcə də müxtəlif illərdə onun yubileylərinə həsr edilmiş elmi-praktik konfransların keçirilməsi haqqında kitablar yazılması M.Topçubaşova göstərilən böyük ehtiramdan irəli gəlir.

M.Topçubaşov AMEA-nın ilk həqiqi üzvlərindən olmuş, həyatını bütünlüklə Azərbaycan səhiyyə sisteminin təkmilləşməsinə, milli tibb kadrlarının hazırlanmasına, onların təkmil mütəxəssis kimi yetişmələrinə həsr etmişdir. Görkəmli alim, həmçinin tibb sahəsinin maddi-texniki bazasının möhkəmləndirilməsində, elmdə, tibb təhsilinin tədrisində, müalicə və profilaktika işlərində mühüm islahatların həyata keçirilməsində misilsiz xidmətlər göstərib.

1895-ci il avqust ayının 5-də İrəvanın Göykümbət kəndində dünyaya gələn Mustafa Topçubaşov ibtidai və gimnaziya təhsilini İrəvanda başa vurub. Uşaqlıq dostu, gələcəyin görkəmli dövlət və elm xadimi kimi şöhrət qazanan Əziz Əliyevlə eyni ibtidai məktəbdə, eyni gimnaziyada təhsil alıb. O vaxtlar İrəvan ibtidai məktəbi və gimnaziyasının təşkilində, əsasən, azərbaycanlı müəllimlərin böyük rolu olub.

1914-cü ildə İrəvan gimnaziyasını rus dilində bitirən M.Topçubaşov o dövrdə Rusiya imperiyasının mühüm elm mərkəzlərindən sayılan Kiyev Universitetinin tibb fakültəsinə daxil olub. Təhsil illərində və sonrakı illərdə böyük çətinliklərlə, ciddi maneələrlə üzləşsə də, möhkəm iradəsi, mənəvi və fiziki dözümü sayəsində 1919-cu ildə təhsilini müvəffəqiyyətlə başa vurub. M.Topçubaşov müəllimlərinin onun Kiyev Universitetinin tibb fakültəsinin kafedralarından birində qalıb işləməsi təkliflərinə minnətdarlığını bildirərək vətənə qayıdıb. O vaxt Azərbaycan Xalq Cümhuriyyəti təzə yaradılmışdı. O yaxşı bilirdi ki, vətəndə bütün sahələrdə olduğu kimi, ölkənin səhiyyə xidmətində də ciddi problemlər mövcuddur, xüsusən də milli həkim kadrlarına böyük ehtiyac var.

M.Topçubaşovun vətənə qayıtması BDU-nun tibb fakültəsinin cərrahiyyə kafedrasında çalışan professor A.Oşmanı və universitetin rektoru, görkəmli cərrah-anatom, professor V.Razumovskini də məmnun etmişdi. M.Topçubaşovun BDU-nun tibb fakültəsinin cərrahiyyə kafedrasında ordinator kimi işə düzəlməsində bu alimlərin böyük rolu olmuşdu. Sonralar Mustafa bəy görkəmli cərrah professor A.Oşmanın ona münasibətini xatırlayaraq yazırdı: “Professor A.Oşman mənim ikinci Darülfünunum olubdur”. Mustafa bəy BDU-nun tibb fakültəsində cərrahlıq fənnindən dərs deməyə cəlb edilən ilk milli kadrlardan olub. İlk illərdə ordinator işləməklə yanaşı, Azərbaycan Səhiyyə Komissarlığının Cərrahlıq Xəstəxanasının müdiri vəzifəsində çalışıb, tez-tez rayonlara gedərək, yerlərdə cərrahi şöbələr təşkil edib, ambulatoriya və stasionaraqədərki cərrahi yardımın mexanizmini qurub, əhaliyə tibbi yardım göstərib. M.Topçubaşov 1922-ci ildə N.Nərimanovun təklifi ilə Naxçıvana göndərilib. O, Naxçıvanda xəstəxana, ambulatoriya, Ordubadda feldşer məntəqələri təşkil edib. Akademik sonralar xatirələrində həmin illəri belə təsvir edirdi: “İş vaxtımın başlanğıcı və sonu yox idi. Gündüzün və gecənin nə vaxtı olursa-olsun xəstə gətirirdilər, yaxud xəstə üstə çağırırdılar. Mən həm terapevt, həm cərrah, həm nevropatoloq, həm epidemioloq, həm vərəm həkimi, həm yoluxucu xəstəliklər həkimi... işləyirdim. Həkimsən, demək loğmansan, bütün dərdlərə əlac qılmalısan”.

Gənc həkim-cərrah respublikada qısa müddətdə məşhurlaşmış, xalq arasında “Topçubaşov skalpeli” məfhumu yaranmışdı. Topçubaşov 1923-cü ildə professor A.Oşmanın təqdimatı ilə əsasən neftçilərə xidmət edən və Bayılda yerləşən Paster adına xəstəxananın cərrahlıq şöbəsinin, Azərbaycan SSR Xalq Səhiyyə Komissarlığı Cərrahlıq Xəstəxanasının müdiri təyin edilib.

Azərbaycanda sovet hakimiyyətinin ilk illərində səpgili yatalaq, qarın yatalağı, malyariya, traxoma kimi infeksion xəstəliklər əhali üçün ciddi təhlükə törədirdi. Bununla əlaqədar olaraq 1925-ci ilin iyul ayında Azərbaycan hökuməti “Azərbaycan SSR-də qızdırmaya qarşı mübarizə” haqqında qərar qəbul etdi. Bundan sonra M.Topçubaşov elmi-tədqiqat işlərini qızdırmanın profilaktikası işinə yönəltdi.

1926-cı ildə Mərkəzi Komitə Azərbaycanda “Həkimlərin nəzəri və təcrübi hazırlığını yaxşılaşdırmaq haqqında” adlı xüsusi qərar qəbul edir. Qərarda deyilirdi ki, Azərbaycan Xalq Maarif Komissarlığı tibbi təcrübə keçmək üçün Almaniyaya 20 nəfər həkim göndərsin. Almaniyaya gedənlərin siyahısına M.Topçubaşovun adı salınmayıb və buna əsas səbəb o olub ki, komissarlığın kollegiya iclasında Mustafa bəyin namizədliyi irəli sürüləndə hamı yekdilliklə deyib ki, “Mustafa Topçubaşov artıq özü öyrədir. Öyrənməyə ehtiyacı olanları göndərmək lazımdır”. İş elə gətirib ki, Almaniyaya göndərilən 20 nəfər həkimdən 8 nəfəri bu səfərdən imtina edib. Belə olduqda M.Topçubaşov ərizə yazaraq onun namizədliyinin irəli sürülməsini xahiş edib. Komissarın Mustafanın təkidindən xoşu gəlib və müvafiq orqanlarla məsləhətləşdikdən sonra onun da adı siyahıya salınıb. Beləliklə, gələcəyin akademiklərindən M.Mirqasımov və M.Topçubaşovla birlikdə Azərbaycandan gəlmiş digər həkimlər Almaniyanın Berlin, Münhen, Leypsiq və digər şəhərlərində təkmilləşmədə olublar. Mustafa bəy Almaniya təəssüratı haqqında yazırdı: “Professor Krause çox hörmətli mütəxəssis idi. Həddən ziyadə tələbkar olduğu üçün onunla işləmək çox çətin idi. Professorun qohumlarından biri yol qəzasına düşmüşdü. Onu ağır vəziyyətdə klinikaya gətirmişdilər. Təcili qan köçürülməli idi. Həmin xəstəyə eyni qan qrupu olduğu üçün mənim qanımın köçürülməsinə razılıq verdim. Şahidlər deyirdilər ki, professor Krause bu nəcibliyə heyran qalmışdı. Həmin əhvalatdan sonra professor Krause ilə mənim aramda xoş ünsiyyət yaranmışdı”.

Göründüyü kimi, M.Topçubaşov təkcə öz skalpeli ilə deyil, lazım gəldikdə donor kimi xeyirxahlığı ilə də insanları ölümün pəncəsindən qurtarmağı bacarırdı. Bu əhvalatdan sonra almanlar azərbaycanlıları daha yaxından tanıdılar. Professor Krause azərbaycanlı həkimlərə müraciətlə demişdi: “Əgər Azərbaycanın indi sizin kimi yüz oğlu varsa, yarım əsrdən sonra yüz professoru olacaqdır. Mən bütün varlığımla buna inanıram”.

Alman alimi professor Krausenin inamı doğruldu. Azərbaycan həkimləri Bakıya qayıtdıqdan sonra Almaniyada əldə etdikləri mükəmməl təcrübə onların hər birinin gələcək yollarına gur işıq saçdı. M.Topçubaşov Almaniyadan qayıtdıqdan sonra şəhər xəstəxanalarından birində cərrahi yardım göstərən ilk elmi-metodik mərkəz yaratdı.

Fəaliyyətinin ilk dövrlərindən elmi tədqiqatlara böyük maraq göstərən cərrah 1930-cu ildə “Malyariya mənşəli splenomeqaliyanın klinikası, patogenezi və cərrahi müalicəsi” mövzusunda doktorluq dissertasiyası müdafiə edib, tibb elmləri doktoru elmi dərəcəsi və professor elmi adına layiq görülüb. Bundan sonra o, Azərbaycan Dövlət Tibb İnstitutunun fakültə cərrahlığı kafedrasının müdiri seçilərək, ömrünün sonuna qədər (1981-ci il) həmin vəzifəni şərəflə yerinə yetirib.

M.Topçubaşov uzun müddət cərrahi ağrısızlaşdırma problemi üzərində işləyib və məqsədinə nail olub. Bu sahədə apardığı elmi axtarışlar ona 1937-ci ildə cərrahlıq praktikasına yeni, nisbətən təhlükəsiz keyləşdirmə metodunu - “Analgezin” adlanan inyeksion efir-yağ narkozunu tətbiq etməyə imkan verib. Bu metod sadəliyinə, hazırlanma və tətbiq texnikasının asanlığına, inhalyasion narkoz zamanı rast gəlinən bir sıra mənfi halların - dərin narkoz yuxusu, qanda narkotik maddələrin yüksək konsentrasiyada toplanması və s. halların aradan qaldırılmasına imkan verdiyinə görə, cərrahlar tərəfindən geniş tətbiq edilib. Təklif edilən efir-yağ qarışığı inyeksiyalarından həm də öddaşı xəstəliyinin sancıları, travmatik şok, tetanus, qıcolma halları zamanı müalicə və eləcə də doğuş proseslərində ağrısızlaşdırma vasitəsi kimi istifadə edilib.

1945-ci ildə SSRİ Xalq Səhiyyə Komissarlığının Elmi-Tibbi Şurasının Farmakologiya Komitəsinin iclasında efir-yağ qarışığının “Analgezin” adı altında istehsal edilməsinə icazə verilib. Bu metodun kəşfi və tətbiqi ilə əlaqədar olaraq 1963-cü ildə SSRİ Tibb Elmləri Akademiyasının A.Vişnevski adına Elmi-Tədqiqat Cərrahlıq İnstitutunda keçirdiyi konfransda M.Topçubaşov öz kəşfi barədə çıxış edib. Həmin konfransda A.Vişnevski adına mükafata və diploma layiq görülüb. Leninqradda (Sankt-Peterburq) fəaliyyət göstərən akademik P.Kupriyanov M.Topçubaşovun “Analgezin” haqqındakı kəşfindən danışarkən demişdir: “...Bakı nefti müharibə illərində tanklarımıza, təyyarələrimizə nə vermişdisə, efir-yağ narkozu da hərbi - səhra cərrahiyyəmizə onu vermişdir. Akademik M.Topçubaşovun zəhmətini başqa heç cür müqayisə etmək və qiymətləndirmək olmaz”.

Böyük Vətən müharibəsi illərində M.Topçubaşov Azərbaycan Xalq Səhiyyə Komissarlığı Evakohospital İdarəsinin baş cərrahı təyin edilib və burada da özünü bacarıqlı təşkilatçı, novator-cərrah kimi göstərib. O, SSRİ-də ilk dəfə evakohospitalların ixtisaslaşdırılma və növbələşdirilməsinin təşəbbüskarı və yaradıcısı olub. Müharibə illərində bundan hərbi-səhra cərrahlığı işinin təşkilində müvəffəqiyyətlə istifadə edilib. Evakohospitallarda apardığı çoxsaylı əməliyyat və müşahidələr professora bir sıra səmərəli təkliflər irəli sürmək imkanı da verib. Hərbi-səhra cərrahlığının ən aktual problemlərindən olan insan bədəninə daxil olmuş metal yad cismin lokalizasiyası və onun xaric edilməsi problemi üzərində çalışan alimin konstruksiya etdiyi stereoskop aparatı portativliyinə və yad cismin lokalizasiyasını dəqiq təyinetmə imkanına görə müvəffəqiyyətlə təcrübədə tətbiq edilib. M.Topçubaşov periferik sinir zədələnmələrinin cərrahi müalicəsində mum-parafin tubajı, ətraflarda əmələ gələn və müalicəyə tabe olmayan ifliclər zamanı tendomioplastika, kəllə sümüklərinin kranioplastikası və s. kimi böyük əhəmiyyət kəsb edən orijinal təkliflərinə görə respublikadan kənarda da böyük şöhrət qazanıb. M.Topçubaşovun müharibə dövründə də boş vaxtı olmurdu. O, hamıya kömək əli uzadırdı. Alim həmin illərdə Sabunçuda cərrahi şöbəyə rəhbərlik etməklə yanaşı, Bakıdakı Dəmiryolu xəstəxanasında, Doğum evi, Xalq Səhiyyə Komissarlığı xəstəxanalarında, hərbi hospitalda, təyyarəçilər xəstəxanasında, Keşlə, Qara şəhər, Mərdəkan, Neftçilər xəstəxanalarında, Binəqədi rayon xəstəxanasında da cərrahi əməliyyatlar edirdi. Təsadüfi deyil ki, Mustafa bəy müharibə illərindəki əvəzsiz xidmətlərinə görə 1944-cü ildə “Lenin” ordeni və “Qafqazın müdafiəsinə görə” medalı, 1946-cı ildə isə “Qırmızı Əmək Bayrağı” ordeni və “Almaniya üzərində qələbə” medalları ilə təltif edilib. Müharibədən sonra M.Topçubaşov Azərbaycan SSR Səhiyyə Nazirliyinin baş cərrahı vəzifəsində çalışaraq, cərrahi xidmətin yenidən təşkilinə bilavasitə rəhbərlik edib.

Akademik M.Topçubaşov elmi-praktik fəaliyyətində beynəlxalq miqyasda əldə etdiyi nailiyyətlərinə, ixtira və kəşflərinin dəyərinə, səhiyyə sahəsindəki xidmətlərinə görə 1949-cu ildə SSRİ Tibb Elmləri Akademiyasının müxbir, 1960-cı ildə isə həqiqi üzvü seçilib.

Alimin elmi-tədqiqat işlərinin əsas istiqamətini malyariya mənşəli splenomeqaliyanın klinikası, patogenezi, profilaktikası və cərrahi müalicəsi, öd yolları xəstəliklərinin, xərçəng xəstəliyinin cərrahi müalicə üsullarının işlənib hazırlanması və praktikaya tətbiqi, qarın və döş boşluğu orqanlarının cərrahi əməliyyat tələb edən xəstəliklərinin diaqnostikası, klinikası, profilaktikası və cərrahi müalicəsi, neyrocərrahiyyə və travmatologiya problemləri, müasir tibbi texnologiyaların işlənib hazırlanması, onların səhiyyə praktikasına tətbiqi və s. təşkil edib. M.Topçubaşov portal hipertenziya zamanı baş verən profuz qida borusu-mədə qanaxmaları ilə mübarizə metodu hazırlayıb, qida borusu yanıqlarında rast gəlinən daralmaların müalicəsi ilə məşğul olub, bunun üçün ən yaxşı süni qida borusu vasitəsinin nazik bağırsaq olduğunu təklif edib; borulu sümüklərin sınıqlarının təxirəsalınmaz osteosintezi üsulunu təklif edib. Alim dalaq, qaraciyər, böyrək, böyrəküstü vəzi kimi orqanlara abdominal-diafraqmal və bel-diafraqmal yollarının, urologiyada, travmatologiyada, neyrocərrahlıqda, abdominal və torakal cərrahlıqda yüksək səviyyəli operasiyaların müəllifi kimi keçmiş Sovetlər İttifaqı, eləcə də xarici ölkə cərrahları arasında şöhrət qazanıb.

Akademik M.Topçubaşov 5 cildlik “Xüsusi cərrahlıq” kitabının, 8 monoqrafiyanın, 300-dən çox elmi işin və elmi-kütləvi məqalənin müəllifi olub. Onun rəhbərliyi və məsləhətçiliyi altında 12 doktorluq və 30 namizədlik dissertasiyası müdafiə edilib.

Mustafa bəy genişmiqyaslı elmi-pedaqoji fəaliyyətlə də məşğul olub və yüksəkixtisaslı həkim kadrlarının hazırlanmasında böyük xidmətlər göstərib. Onun layihəsi üzrə kafedrada operasiyon - auditoriya təşkil edilib ki, bu da tələbələrə cərrahi müdaxilənin bütün fraqmentlərini izləməyə imkan verib.

O, dəfələrlə beynəlxalq cərrahlıq konqreslərində çıxış edib, xarici ölkələrdə elmi-təcrübə mübadilələrinin iştirakçısı olub. M.Topçubaşovun Bolqarıstanda apardığı təmənnasız mürəkkəb cərrahi əməliyyatlar ona bolqar xalqının hüsn-rəğbətini, səmimi məhəbbətini qazandırıb və o, 1952-ci ildə Bolqarıstan Elmlər Akademiyasının müxbir üzvü seçilib.

Cərrahların Lissabonda keçirilən XI Beynəlxalq Konqresində akademik M.Topçubaşov 20 nəfər sovet tibb alimi ilə birlikdə Beynəlxalq Cərrahlar Assosiasiyasının üzvü seçilmişdir ki, bu da görkəmli alimin simasında dünya miqyasında Azərbaycan cərrahlıq elminə verilən yüksək dəyər, yüksək qiymətdir.

Akademik M.Topçubaşov 1951-1956-cı və 1969-1981-ci illərdə Azərbaycan SSR EA-nın vitse-prezidenti, 1955-1959-cu və 1967-1971-ci illərdə Azərbaycan SSR Ali Sovetinin sədri olub. I-X çağırışlarda respublika Ali Sovetinə, həmçinin SSRİ Ali Sovetinə deputat seçilib, Azərbaycan Respublikası Sülhü Müdafiə Komitəsinin sədri, Ümumittifaq Sülhü Müdafiə Komitəsinin üzvü, Sovet İttifaqının Asiya və Afrika Ölkələri Xalqları ilə Həmrəylik Komitəsinin üzvü, “Böyük Tibb Ensiklopediyası”nın redaktorlarından biri və Azərbaycan Sovet Ensiklopediyası baş redaksiya heyətinin üzvü olub. O, Azərbaycan Sülhü Müdafiə Komitəsinin sədri və Ümumittifaq Sülhü Müdafiə Komitəsinin üzvü kimi çoxsaylı beynəlxalq konqreslərdə iştirak edərək dünya xalqları arasında sülh və dostluğa həsr olunmuş bütün yüksək səviyyəli forumlarda dərin məzmunlu çıxışları ilə diqqəti cəlb edib. Sülh işi uğrunda xidmətlərinə görə Ümumdünya Sülh Şurasının gümüş medalı və Sovet Sülhü Müdafiə Komitəsinin fəxri fərmanları ilə təltif olunub. Görkəmli alim vətən qarşısındakı xidmətlərinə görə 4 dəfə “Lenin” ordeninə, “Qırmızı Əmək Bayrağı”, “Qızıl Ulduz”, “Şərəf Nişanı” ordenlərinə, Bolqarıstanın III dərəcəli “Kirill və M.Mefodi” ordeninə, Sosialist Əməyi Qəhrəmanı adına, SSRİ Dövlət mükafatı laureatı adına, “Oraq və Çəkic” qızıl medalına, “Qafqazın müdafiəsinə görə”, “Almaniya üzərində qələbə”yə, “Fədakar Əməyə görə” medallarına, “SSRİ Səhiyyə Əlaçısı”, “SSRİ-nin Sanitar Müdafiəsi Əlaçısı” döş nişanlarına və bir çox fəxri fərmanlara layiq görülüb.

Akademik M.Topçubaşov gözəl ailə başçısı kimi də hörmət qazanıb. Onun həyat yoldaşı Reyhan xanım Topçubaşova Azərbaycan Rəssamlar İttifaqının üzvü olub, əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. Oğlu görkəmli alim-cərrah, professor İbrahim Topçubaşov beynəlxalq aləmdə novator-cərrah kimi tanınıb və ölkəmizdə həkim-bəstəkar kimi də şöhrət qazanıb. Qızı Zemfira xanım ATU-nun mamalıq və ginekologiya kafedrasının müdiri vəzifəsində çalışıb, hazırda həmin kafedranın dosentidir və əməkdar həkim fəxri adına, Prezidentin Fəxri təqaüdünə layiq görülüb. Elmira xanım isə musiqişünas-alim olub, əməkdar müəllim fəxri adına layiq görülüb və Azərbaycan Musiqi Akademiyasının dosenti vəzifəsində çalışıb.

1981-ci il noyabrın 20-də əbədiyyətə qovuşan Azərbaycan xalqının sədaqətli oğlu, alovlu vətənpərvər, ictimai-siyasi xadim, akademik Mustafa bəy Topçubaşov qədirbilən xalqımızın qəlbində həmişə yaşayacaqdır.

Əhliman Əmiraslanov, akademik, SSRİ Dövlət mükafatı laureatı, Milli Məclisin deputatı

"Azərbaycan" qəzeti, 5 avqust 2015-ci il

  • Paylaş: