Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Azərbaycanda ilk dəfə keçirilən 47-ci Dünya Kimya Olimpiadasına yekun vurulub
31.07.2015 14:39
  • A-
  • A
  • A+

Azərbaycanda ilk dəfə keçirilən 47-ci Dünya Kimya Olimpiadasına yekun vurulub

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının təşkilatçılığı ilə iyulun 20-29-da Azərbaycanda ilk dəfə keçirilən 47-ci Dünya Kimya Olimpiadasına yekun vuruldu.

Bu möhtəşəm bilik yarışmasında 5 qitədən, 75 ölkədən 300 gənc kimyaçı, bundan əlavə, 250-dən artıq kimya alimləri, münsiflər heyəti, kimya mütəxəssisləri, pedaqoqlar, müşahidəçilər və qrup rəhbərləri iştirak ediblər.

İyulun 28-də Heydər Əliyev Mərkəzində bu ümumdünya bilik yarışmasının bağlanış mərasimi keçirilib. Mərasimin əvvəlində Olimpiadanın gedişini, imtahanları, iştirakçıların əyləncə saatlarını əks etdirən film nümayiş etdirilib. Olimpiadanın Elmi Komitəsinin sədri, professor Fikrət Quliyevin imtahanların keçirilməsi ilə bağlı hesabatı dinlənilib.

Professor Olimpiadanın fəaliyyətini yüksək qiymətləndirərək deyib: “Qeyd etmək istərdim ki, 47-ci Beynəlxalq Kimya Olimpiadası MDU-nun Bakı filialında və MDU-nun Bakı filialının baş təşkilatçılığı, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Dövlət Neft Şirkəti və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə keçirilir. Qürurla deyə bilərəm ki, Olimipada çox yüksək səviyyədə baş tutdu”.

F.Quliyev Elmi Komitənin iki şəhərdə - paytaxt Bakıda və Qəbələdə iclas keçirdiyini əlavə edərək, imtahanlardakı tapşırıqların mahiyyəti haqqında məlumat verib: “Böyük məmnuniyyətlə deyirəm ki, imtahandakı tapşırıqlardan bəziləri Azərbaycana aid idi. Məsələlər Azərbaycanın təbiəti, ekologiyası, sənayesi üçün önəmli olan problemlərə həsr olunmuşdu”.

Sonra Olimpiadanın Rəhbər Komitəsinin sədri, Koreya Respublikasının Soqanq Universitetinin kimya və elmi kommunikasiyalar üzrə professoru Dakvan Li Olimpiada barədə təəssüratlarını mərasim iştirakçıları ilə bölüşüb. O, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yüksək təşkilatçılıq fəaliyyətini qeyd edərək, Olimpiadanın keçirilməsində əməyi olan hər bir kəsə, xüsusilə yarışmanın prezidenti, professor Nərgiz Paşayevaya təşəkkürünü bildirib. Dakvan Li yarışma iştirakçılarının Bakı ilə tanışlıqdan çox məmnun qaldığını, bu yarışmanın onların həyatında böyük iz buraxacağını vurğulayıb. O, Bakıda təşkil olunan tədbiri indiyə kimi iştirak etdiyi “Ən yaxşı Olimpiada” kimi qiymətləndirib.

Bundan sonra Olimpiadanın qaliblərinə medal və mükafatlar təqdim edilib. İlk olaraq medal almağa çox yaxın göstəricilər əldə etmiş 10 məktəbli “Fəxri fərman”a və hədiyyələrə layiq görülüb.

Daha sonra ən böyük medalçı qrupu - bürünc medal sahiblərinin adları açıqlanıb. Bürünc medallar Olimpiadanın təşkilat komitəsinin üzvləri, akademik Akif Əzizov, YUPAC Beynəlxalq kimya təşkilatının vitse-prezidenti, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, professor Nataliya Tarasova, BKO-nun elmi komitəsinin həmsədri, Moskva Dövlət Universitetinin kimya fakültəsinin professoru Aleksandr Qladilin tərəfindən təqdim olunub. Ümumilikdə 92 nəfər bürünc medala layiq görülüb.

Gümüş medalçılara isə mükafatı Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə və AMEA-nın vitse-prezidenti, akademik Tofiq Nağıyev təqdim ediblər. 33 ölkədən 63 nəfər Ümumdünya Kimya Olimpiadasının gümüş medalını qazanıb.

Olimpiadada, həmçinin ən yüksək nəticə göstərərək qızıl medal əldə edən məktəblilərin adları açıqlanıb. Onlara mükafatı M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, 47-ci Beynəlxalq Kimya Olimpiadasının prezidenti, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva və Olimpiadanın Rəhbər Komitəsinin sədri, Koreya Respublikasının Soqanq Universitetinin kimya və elmi kommunikasiyalar üzrə professoru Dakvan Li təqdim ediblər. Bakıdakı yarışma 22 ölkədən olan 35 iştirakçıya qızıl medal bəxş edib.

Ən yüksək bal toplayan məktəbliyə “Birincilər birincisi” mükafatını Bakıdakı Dünya Kimya Olimpiadasının bütün təşkilat yükünü öz çiyinlərində daşıyan, bu 10 gün ərzində gənc kimyaçıların doğma evinə çevrilən professor Nərgiz Paşayeva təqdim edib.

Bağlanış mərasimində, həmçinin müxtəlif kateqoriyalar üzrə ən yaxşı nəticə göstərən gənc kimyaçılar mükafat və sertifikatlarla təltif olunublar. Belə ki, iki imtahanda ən çox bal toplayan Olimpiada iştirakçıları “Ən yaxşı nəzəriyyəçi” və “Ən yaxşı təcrübəçi” kimi xüsusi sertifikatlara layiq görülüblər.

Rəsmi bağlanış tədbirindən sonra möhtəşəm Gülüstan sarayında qonaqlara ziyafət verilib. Elə bu məkanda da Beynəlxalq Kimya Olimpiadasının keçiriləcəyi növbəti ölkənin adı açıqlanıb. Bu ümumdünya elm müsabiqəsinin Rəhbər Komitəsinin yeni sədri – Macarıstandan olan Qabor Magyarfalvi növbəti yarışmanın Pakistanda keçiriləcəyini elan edib. Beləliklə, Bakıdakı Olimpiadanın prezidenti Nərgiz Paşayeva müsabiqənin bayrağını Pakistandan olan baş mentor, professor Xalid Muhammed Xana ötürüb.

Beləliklə, Azərbaycanda ilk dəfə keçirilən 47-ci Dünya Kimya Olimpiadası uğurla başa çatıb. Olimpiada Azərbaycanın elm, təhsil həyatında parlaq və olduqca əhəmiyyətli bir hadisə kimi tarixə yazılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: