www.science.az
09.12.2013 00:00

“XIX əsrin əvvəllərində Qafqaz müharibələri və onların nəticələri” mövzusunda Beynəlxalq elmi konfrans keçirilib

Dekabrın 6-da AMEA A.Bakıxanov adına Tarix İnstitutunun təşkilatçılığı ilə “XIX əsrin əvvəllərində Qafqaz müharibələri və onların nəticələri” mövzusunda Beynəlxalq elmi konfrans öz işinə başlayıb.

Azərbaycanı iki yerə parçalamış Gülüstan müqaviləsinin bağlanmasının 200 illiyinə həsr olunmuş konfransın işində 8 ölkədən - Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, ABŞ, İran və Albaniyadan 80-ə yaxın alim iştirak edib.

Konfransı giriş sözü ilə açan institutun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov qeyd edib ki, tədbir bir çox tarixi həqiqətlərin üzə çıxarılması məqsədi ilə keçirilir.

Qafqaz müharibələrinin səbəbləri və onların acı nəticələrindən danışan institutun direktoru bildirib ki, hadisələrə dövlətlərin siyasəti baxımından deyil, tarix elminin faktlarına əsasən yanaşılmalıdır. Yalnız belə olduğu halda tarixi araşdırmalar həqiqətə söykənə bilər.

Diqqətə çatdırılıb ki, tarixin bütün dövrlərində Azərbaycan xalqı müxtəlif siyasi-hərbi münaqişələrə cəlb olunmuş, nəticədə zaman-zaman əraziləri işğal edilmiş, insanları qətlə yetirilmişdir. Müharibələr nəticəsində xalqımızın minilliklər boyu formalaşmış milli-mənəvi dəyərlərinə ziyan dəymiş, torpaqlarının bir hissəsi əldən getmişdir.

Bildirilib ki, Azərbaycanın Rusiya ilə İran arasında bölüşdürülməsinə gətirib çıxarmış Gülüstan və Türkmənçay müqavilələri isə tariximizin qanlı səhifələridir. Çar Rusiyasının Azərbaycana qarşı işğalçılıq siyasəti rəsmən 1804-1813-cü illər rus-İran müharibəsi ilə başlayır. 1828-ci il fevralın 10-da isə Təbriz yolunun üstündə yerləşən Türkmənçay kəndində I Nikolay ilə Fətəli şah arasında sülh müqaviləsi imzalanmışdır. Bununla da Azərbaycanın işğalı başa çatmışdır. Rus-İran müharibəsində həlledici sonluq olan Türkmənçay müqaviləsi Azərbaycanı iki yerə parçalamışdır. Müqaviləyə əsasən, Araz çayı sərhəd olmaqla Azərbaycanın ərazisi şimal və cənub hissələrinə bölünmüşdür. Gülüstan müqaviləsindən fərqli olaraq, Türkmənçay sazişinin ağır şərtləri daha tez reallaşmışdır. Yeni işğal olunmuş İrəvan və Naxçıvan xanlıqlarının torpaqları “erməni vilayətləri” elan edilmişdir. Halbuki İrəvan torpaqları lap qədimdən türk-müsəlman yurdu olmuş, düşmən qüvvələri qarşısında möhkəm dayanmışdı.

Qeyd edilib ki, ermənilərin XIX əsrin birinci yarısında Şimali Azərbaycan torpaqlarında, o cümlədən Qarabağda kütləvi şəkildə yerləşdirilməsi Azərbaycan xalqının gələcək faciələrinin baş verməsinə əlverişli şərait yaratmaq məqsədi daşımışdır.

Daha sonra Türkiyənin Atatürk Araşdırma Mərkəzi sədrinin müavini Nihat Böyükbaş və Başbakanlıq Arxivləri baş müdirinin köməkçisi Mustafa Budak çıxış ediblər.

Plenar iclasda Tarix İnstitutunun şöbə müdiri, “Azərbaycan Tarix Qurumu” İctimai Birliyinin sədri, professor Tofiq Mustafazadənin “1813-cü il Gülüstan müqaviləsinə aparan yollar: müqavilənin hüquqi və tarixi nəticələri”, İstanbul Universitetinin professoru Xəlil Balın “Osmanlı dövləti ilə Rusiya arasında bağlanan Ədirnə anlaşması və Qafqaza dair məsələlər”, Suxumi Dövlət Universitetinin professoru Quram Marxuliyanın “XIX əsrin ilk yarısında Cənubi Qafqaz uğrunda geosiyasi mübarizə” və Tarix İnstitutunun şöbə müdiri Kərim Şükürovun “Qafqaz müharibələri və Rusiya imperiyasının regionda ərazi və əhalinin artım dinamikası” mövzularında məruzələri təqdim olunub.

İki gün davam edən konfransda alimlərin məruzələri dörd bölmə iclasında dinlənilib, müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.