Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

28.07.2015 10:07
  • A-
  • A
  • A+

Naxçıvan Muxtar Respublikası ərazisində arxeoloji tədqiqatlar davam etdirilir

Naxçıvan Muxtar Respublikası ərazisində arxeoloji tədqiqatlar davam etdirilir

Naxçıvanda aparılan araşdırmalar nəticəsində tarixi minilliklərə dayanan yaşayış məskənləri aşkar olunub. Xüsusilə, son illər beynəlxalq arxeoloji ekspedisiyaların fəaliyyəti Naxçıvan tarixinin açılmamış qatlarını üzə çıxarıb, yeni elmi istiqamətlərin müəyyənləşdirilməsinə imkan verib. Kültəpə, Oğlanqala, Ovçular təpəsi və Qız qalası kimi qədim yaşayış yerləri bəşər sivilizasiyasının ilkin dövrünün yadigarlarıdır.

Bu barədə AMEA-nın müxbir üzvü, arxeoloji ekspedisiyanın rəhbəri Vəli Baxşəliyev məlumat verib. Onun sözlərinə görə, Şərur rayonundakı Qız qalası yaşayış yerinin Cənubi Qafqaz və Yaxın Şərq arxeologiyası üçün böyük əhəmiyyəti vardır. Son illər bu qədim yaşayış yerinin ətrafında aparılan araşdırmalar zamanı Boyalı qablar mədəniyyətinin Naxçıvanla bağlı olmasına aid yeni faktlar aşkar olunub. Belə faktlardan biri Qız qalası yaşayış yerində zəngin mədəni təbəqənin olması və bu təbəqədən monoxrom və polixrom boyalı qabların aşkar olunmasıdır. Artıq böyük bir sahədə Orta Tunc dövrü təbəqəsi aşkar olunub və həmin dövrə aid yaşayış binalarının qalıqları üzə çıxarılıb. Builki tədqiqatlar zamanı həndəsi ornament və heyvan rəsmləri ilə bəzədilmiş boyalı qabların aşkar olunması Naxçıvanın Boyalı qablar mədəniyyətinin əsas mərkəzlərindən biri olduğunu, Cənubi Qafqazın, o cümlədən Azərbaycanın digər regionlarına boyalı qabların məhz Naxçıvandan yayıldığını təsdiq edir.

Arxeoloji ekspedisiyanın rəhbəri bildirib ki, Qız qalası yaşayış yerində müdafiə divarının aşkar olunması da ən mühüm faktlardandır. Çünki indiyədək Cənubi Qafqazın Orta Tunc dövrünə aid yaşayış yerlərində müdafiə divarlarının qalıqlarına rast gəlinməyib. Bu dövrə aid yaşayış yerində qala divarlarının qalıqlarına Naxçıvanda II Kültəpə və Şahtaxtında da rast gəlinib. 13 hektar sahəsi olan Qız qalası bu abidələrin üçüncüsü və ərazicə ən böyüyüdür. Daha bir mühüm yenilik isə Orta Tunc dövrünə aid kurqanlardan insan skeletinə aid qalıqların aşkar olunmasıdır. Onların tədqiqi Boyalı qablar mədəniyyətinin mənşəyinin müəyyən edilməsində mühüm rol oynayacaqdır. Kurqanların tədqiqi zamanı boyalı qablar, tunc qab, tunc nizə ucluğu, xəncər, obsidian ox ucluqları, tunc iynələr, xeyli miqdarda muncuqlar əldə edilib. Tədqiqatların nəticələri göstərir ki, burada məskunlaşan insanlar Arpaçay vadisi boyunca yüksək dağlıq ərazilərə köç ediblər.

V.Baxşəliyev qeyd edib ki, iyulun 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şərur rayonundakı Qız qalası qədim yaşayış yerinə gəlib, Azərbaycan-Amerika Birləşmiş Ştatları arxeoloji ekspedisiyası tərəfindən aparılan tədqiqat işləri ilə maraqlanıb. Ali Məclisin Sədri, həmçinin Şərur rayonundakı Ovçular təpəsi tarixi abidəsində də olub. Muxtar respublika ərazisindəki qədim yaşayış yerlərində arxeoloji tədqiqatların və konservasiya işlərinin davam etdirilməsinin vacibliyini vurğulayan Ali Məclisin Sədri Qız qalası və Ovçular təpəsi yaşayış yerləri haqqında elmi məqalə və kitabların yazılması, o cümlədən aşkarlanan eksponatların sənədləşdirilərək nümayiş etdirilməsi barədə tapşırıqlar verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

  • Paylaş: