www.science.az
23.07.2015 14:53

AMEA “Milan Expo 2015” Ümumdünya sərgisində iştirak edir

AMEA İtaliyanın Milan şəhərində təşkil edilən "Milan Expo 2015" Ümumdünya sərgisində iştirak edir.

Dünyanın 145 ölkəsinin qatıldığı beynəlxalq sərgidə ümumi sahəsi 1800 kvadratmetr olan dördmərtəbəli milli pavilyonda Azərbaycanın tarixi və mədəni irsi, zəngin ekoloji potensialı, Azərbaycanın simaları, bölgə mətbəxləri, ərzaq təhlükəsizliyi, ətraf mühitin qorunması, təbii ehtiyatlara qənaət və digər sahələri özündə əks etdirən sərgi nümunələri nümayiş etdirilir.

Qeyd edək ki, iyulun 21-də sərgi çərçivəsində "Energy of Azerbaijan land" mövzusunda elmi populyar konfrans da keçirilib. Konfransda məruzəçilərdən − AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev "Azərbaycan neftinin dünəni, bu günü və gələcəyi", Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi v.i.e., AMEA-nın müxbir üzvü Nazim Məmmədov "Azərbaycanda bio və nanotexnologiyaların perspektivləri", eləcə də Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov "Dünyanın yeganə müalicəvi əhəmiyyətli yağı: Naftalan yağı" mövzusunda məruzələrlə çıxış ediblər. Tədbirdə AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin Beynəlxalq təşkilatlarla əlaqələr şöbəsinin rəisi, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva da iştirak edib.

Sərgi çərçivəsində növbəti konfranslar avqustun 26-da, yekun tədbir isə sentyabrın 4-də təşkil olunacaq. Yekun konfransda AMEA-nın prezidenti, akademik Akif Əlizadənin Akademiyanın 70 illik yubileyinə həsr olunmuş "Food, Science, Life" mövzusunda təqdimatla çıxış edəcəyi nəzərdə tutulub. Həmçinin konfransın davamı olaraq akademik A.Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti İsveçrənin Luqano şəhər meriyasının dəvəti ilə növbəti konfransda iştirak edəcək.

Tədbirdə AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev, Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev də çıxış edəcəklər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir