www.science.az
23.07.2015 10:04

Elm TV-nin rəhbəri “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 15 iyul 2015-ci il tarixli Sərəncamı ilə Elm TV-nin rəhbəri, AMEA İnformasiya Texnologiyaları İnstitutunun sektor müdiri Xatirə Cabbarzadə  “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

AMEA internet-televiziyasının rəhbəri bu fəxri mükafata Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə layiq görülüb. Mükafatı Gülüstan sarayında Azərbaycan milli mətbuatının yaranmasının 140 illik yubileyinə həsr olunan təntənəli mərasimdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov təqdim edib.

Dövlət və hökumət nümayəndələrinin, millət vəkillərinin, tanınmış media təmsilçilərinin iştirak etdiyi mərasim dövlət himninin səslənməsi ilə başlayıb.

Sonra Azərbaycan milli mətbuatının inkişaf tarixi ilə bağlı film nümayiş olunub.

Tanınmış media nümayəndələrinə dövlət mükafatları təqdim olunduqdan sonra  AR Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun “Birinci Avropa Oyunlarını ən geniş və dolğun işıqlandıran KİV” mövzusunda keçirdiyi müsabiqənin qalibləri mükafatlandırılıb. Azərbaycan Mətbuat Şurasının Ali Media Mükafatının təqdimatı olub.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 22 iyul – Milli Mətbuat Günü münasibətilə elan etdiyi fərdi jurnalist yazı müsabiqəsində birinci yeri tutmuş jurnalistlərə mükafatlar təqdim edilib.

Tədbir konsert proqramı ilə başa çatıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir