www.science.az
23.07.2015 08:40

Genetik modifikasiya olunmuş məhsulların molekulyar diaqnostikasına həsr olunan beynəlxalq elmi seminar keçirilib

AMEA Botanika İnstitutunun Laboratoriya korpusunda  “Azərbaycana idxal olunan kənd təsərrüfatı bitkilərinin, toxumların müxtəlif xəstəliklərinin və genetik modifikasiya olunmuş (GMO) məhsulların molekulyar diaqnostikası“ layihəsinin yekunlarına həsr olunan beynəlxalq elmi seminar keçirilib.

Seminar “Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrində biotəhlükəsizlik və biomüdafiə imkanlarının gücləndirilməsi” proqramı çərçivəsində Avropa İttifaqında BMT-nin Regionlararası Cinayət və Hüquq Tədqiqatları İnstitutu (UNİCRİ)  və AMEA Botanika İnstitutunun Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin birgə təşkilatçılığı ilə keçirilib. Layihənin rəhbəri akademik Cəlal Əliyev, icra müddəti isə 20 ay olub.

Beynəlxalq seminarı giriş sözü ilə AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov açaraq, tədbirin respublikamız üçün, ümumiyyətlə bəşəriyyət üçün son dərəcə əhəmiyyətli bir məsələyə həsr olunduğunu bildirib. Qeyd edilib ki, kənd təsərrüfatı  bitkilərinin ətraf mühitin zərərli təsirlərindən qorunması və ərzaq təhlükəsizliyinin təmin olunmasında bu yönümlü tədqiqatların böyük rolu var. Layihə çərçivəsində bitki aləminin təhlükəli virus xəstəliklərindən qorunması, onların seroloji və molekulyar metodlarla diaqnostikası, eləcə də GMO məhsulların öyrənilməsi istiqamətində tədqiqatlar aparılır. Azərbaycanda bu sahədə artıq bir çox işlər görülüb və uğurlar əldə edilib. Bu işlər akademik Cəlal Əliyevin rəhbərliyi altında yerinə yetirilib və hazırda Molekulyar biologiya və biotexnologiya institutunda uğurla davam etdirilir.

Botanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Validə Əlizadə öz çıxışında layihə üzrə həyata keçirilən tədbirlərdən danışıb. Qeyd edilib ki, Azərbaycanda ilk dəfə bitkilərin virus və fitoplazma xəstəliklərinin öyrənilməsi ilə bağlı tədqiqatlara 2005-ci ildə akademik Cəlal Əliyevin rəhbərliyi altında başlanılıb və qısa müddətdə böyük nəticələr əldə olunub, ixtisaslı kadrlar hazırlanıb, yerli və beynəlxalq qrant layihələri reallaşdırılıb.

Beynəlxalq seminarın açılışında iştirak edən Ekologiya və Təbii Sərvətlər nazirinin müavini, AMEA-nın müxbir üzvü Novruz Quliyev bu tədqiqatların həm Botanika İnstitutu, həm də Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsi üçün yeni bir istiqamət olduğunu qeyd edib. O, ölkəmizdə biomüxtəlifliyin qorunması üçün bu sahədə tədqiqatların aparılmasının zəruriliyini xüsusi vurğulayıb.

Sonra çıxış edən Botanika İnstitutunun Bioadaptasiya laboratoriyasının müdiri, akademik İradə Hüseynova layihənin elmi-praktik əhəmiyyətindən söz açıb. Məruzəçi UNİCRİ-nin nümayəndələri Dr. Horst Stoebel və Dr. Odhran James McCarthy -yə  öz minnətdarlığını bildirib.

Açılış mərasiminin sonunda “Bitki xəstəlikləri” adlı yeni veb-saytın təqdimatı keçirilib.

Fasilədən sonra  Dr. Alain Kheyr-Pourun sədrliyi ilə seminar öz işini davam etdirib. Akademik İradə Hüseynova “Layihənin hesabatı, əsas məqsəd, vəzifələr, alınan nəticələr və onların elmi və praktiki əhəmiyyəti”mövzusunda məruzə ilə çıxış edıb.

O, Azərbaycanın müxtəlif rayonlarında virus və fitoplazma xəstəlikləri üzrə aparılan monitorinqlər, xəstəliklərin seroloji və molekulyar metodlarla diaqnostikası və identifikasiyası, genetik modifikasiya olunmuş kənd təsərrüfatı bitkilərinin molekulyar diaqnostikası istiqamətində aparılmış tədqiqat işlərinin nəticələri, layihə çərçivəsində alınmış müasir avadanlıqlar və onların istifadəsi, ölkəmizdə bu xəstəliklərin yayılmasını əks etdirən xəritə və monoqrafiya haqqında məlumat verib. 

Tədbirdə Ankara Universitetinin professoru Filiz Ərtunc “Türkiyə bağçılığı üçün yeni təhlükə: fitoplazma xəstəlikləri və onların vektorları”, Fransa Milli Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunun Aviqnon Mərkəzinin aparıcı alimləri, prof.  Cecile Desbiez "Azərbaycanda xiyar, tomat və bibər bitkilərini yoluxduran  virus xəstəlikləri: 2014-cü il monitorinqlərinin nəticələri”,  prof. Benoit Moury “Bitki virusları üçün diaqnostika metodları” mövzusunda məruzələri maraqla qarşılanıb. Məruzələr ətrafında geniş müzakirələr aparılıb.

İyulun 15-də prof. Filiz Ərtuncun sədrliyi ilə keçirilən iclasda bitki xəstəlikləri sahəsində xaricdə və Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən alimlər, eləcə də layihənin iştirakçıları əldə etdikləri tədqiqat işlərinin nəticələrini təqdim ediblər. B.ü.f.d. Ələmdar Məmmədov layihənin maliyyə hesabatı haqqında məlumat verib.

Eyni zamanda, seminar iştirakçıları institutun Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsində olub, şöbənin nəzdində fəaliyyət göstərən laboratoriyalar, orada olan avadanlıqlar və aparılan tədqiqatlarla tanış olublar.

Seminarın sonunda  AMEA Botanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Validə Əlizadə və akademik İradə Hüseynova çıxış edıb, tədbir iştirakçılarına minnətdarlıqlarını bildiriblər. Seminarın fəal iştirakçılarına sertifikartlar təqdim olunub.

Qeyd edək ki, beynəlxalq seminarda AMEA və AR Kənd Təsərrüfatı Nazirliyinin müxtəlif elmi-tədqiqat institutlarından, Bakı Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Texnologiya Universitetindən olan mütəxəssislər, gənc tədqiqatçılar, doktorant və tələbələr iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir