www.science.az
23.07.2015 08:14

Azərbaycan Endokrinoloqlar Cəmiyyəti Mərkəzi Elmi Kitabxanada humanitar aksiya keçirib

AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) Azərbaycan Endokrinoloqlar Cəmiyyəti tərəfindən humanitar aksiya keçirib.

Azər-Türk Med Tibb Mərkəzinin həkimlərdən ibarət səyyar briqadası MEK-in və AMEA-nın digər müəssisələrindən olan əməkdaşları arasında endokrinoloji müayinə aparıb.

Əvvəlcə endokrinoloji xəstəliklər haqqında maarifləndirici tədbir keçirilib. MEK-in direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova sağlamlığı qorumağın başlıca yolunun xəstəliklərə qarşı öncədən mübarizə aparmaq olduğunu bildirib.

Sonra Azərbaycan Endokrinologiya, Diabetologiya və Terapevtik Təlimat Assosiasiyasının icraçı direktoru, həkim-endokrinoloq Murad Mirzəzadə şəkərli diabet xəstəliyinin müalicəsindən danışıb, insanların bu xəstəlikdən gec xəbər tutmalarının xəstəliyin müalicəsində əsas əngəl olduğunu söyləyib. Qeyd edilib ki, inkişaf etmiş şəkər xəstəliyini müalicə ilə sadəcə olduğu vəziyyətdə saxlamaq mümkündürsə, prediabet mərhələsində diabetə meyillilik tamamilə aradan qaldırıla bilər.

Həkim-endokrinoloq Sevil Mustafayeva şəkərli diabetin tarixi haqqında məlumat verib, xəstəliyin V-VI əsrlərdə aşkarlandığını bildirib. Xəstəliklə mübarizə tarixində ən böyük addımın 1923-cü ildə insulinin kəşfi olduğunu vurğulayan S.Mustafayeva dünyada sürətlə yayılan bu xəstəliyin əsas yaranma səbəbinin maddələr mübadiləsinin pozulması ilə əlaqədar olduğunu qeyd edib.

Daha sonra müayinə aksiyasına başlanılıb. Klinikanın peşəkar həkim heyəti pasiyentləri müayinə edərək onlara lazımi məsləhətlər verib.

Sonda aksiyanın təşkilatçıları kitabxanaya şəkərli diabet xəstəliyinin müalicəsinə dair praktik göstərişləri və xəstəliyin qarşısının alınması üsulları haqqında məlumatları əks etdirən broşür və kitablar hədiyyə ediblər.

Aksiya üç gün davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir