www.science.az
21.07.2015 13:36

140 illik Azərbaycan mətbuatına qısa bir nəzər

Maarifdən, elmdən məhrum bir xalq işıqdan məhrumdur

Bu sözlər Azərbaycan xalqının böyük oğlu, dahi mütəfəkkir Həsən bəy Zərdabiyə aiddir. Bu gün Həsən bəyin əsasını qoyduğu, Azərbaycanın ilk mətbu nümunəsi olan “Əkinçi”nin yaranmasından 140 il ötür. Mətbuatımıza işıq salan, böyük bir jurnalist, maarifçi ordusu yetişdirən “Əkinçi” məktəbi həm də mətbuatımızın əzm, fədakarlıq, mübarizə məktəbidir. Qəzetin ilk nəşri 1875-ci il iyul ayının 22-də işıq üzü görmüşdü. Həsən bəy Zərdabi “Əkinçi” qəzetinin əsas məqsəd və vəzifələrindən bəhs edərək yazırdı: “Qəzetin muradı xalqın gözünü açmaqdır, həyatda olan işləri ayna kimi xalqa göstərsin ki, xalq da onun əlacının dalınca getsin”.

Çox ciddi senzura altında nəşr olunan qəzetin cəmi 56 nömrəsi çapdan çıxmış, 1877-ci ildə onun nəşrinə qadağa qoyulmuşdur. H.Zərdabinin əsas fəaliyyəti xalqın düşüncəsinə təsir etmək, onu gerilik və cəhalətdən qurtarmaq, millətin mənlik şüurunun inkişafına nail olmağa yönəlmişdi. O, “Əkinçi”nin səhifələrində dünyanın aparıcı ölkələrində çıxan qəzetlər haqqında müntəzəm olaraq məlumatlar dərc edir, onların çap və yayılma mədəniyyəti barədə şərhlər verirdi. “Əkinçi”ni bu qəzetlərlə müqayisə edir, müəyyən ziyalı dairələrində təəssübkeşlik hissini oyatmağa çalışırdı.

“Əkinçi”dən sonra bir-birinin ardınca çap olunan “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül” kimi mətbuat orqanlarında bu məktəbin maarifçilik ideyaları davam etdirilirdi. Adı çəkilən qəzetlərdə fəaliyyət göstərən dövrün görkəmli yazarları, həqiqi mənəviyyat adamları, vətənpərvər ziyalıları insanlara mətbuatın nə qədər böyük məfhum olduğunu, cəmiyyətin həyatında mühüm rol oynadığını aşılamağa çalışırdılar. 

Bundan sonrakı illərdə Azərbaycanda "Şərqi-rus", "Həyat", "Açıq söz", "Azərbaycan" kimi qəzetlər, 1906-cı ildə isə mətbuatımızın incisi olan "Molla Nəsrəddin" jurnalı işıq üzü gördü. Ümumiyyətlə, XX əsrin əvvəllərində nəşr olunan müxtəlif qəzet və jurnallar mövcud ictimai-siyasi sistemin keyfiyyətini əsaslı şəkildə dəyişməyə nail olurdu. Bu, Azərbaycan mətbuatı tarixində yeni, inqilabi bir mərhələ idi. “Molla Nəsrəddin” jurnalı bu mərhələdə xalqın maariflənməsi, onun oyanışı və dirçəlişi yolunda böyük uğurlara imza atmışdı.

Azərbaycan Xalq Cümhuriyyəti illərində, 1918-20-ci illərdə meydana gələn qəzet və jurnallar artıq siyasi mətbuatın yaranmasından xəbər verirdi. Cəmi 23 ay ərzində nəşr olunan “İstiqlal”, “Azərbaycan”, “Açıq söz” kimi qəzetlərin əsas məqsədi Azərbaycan istiqlalını müdafiə etmək, onu qoruyub saxlamaq idi.

1920-ci il aprelin 28-də Azərbaycan Demokratik Respublikasının XI Qırmızı ordu tərəfindən işğal olunmasından sonrakı illərdə Azərbaycan mətbuatında durğunluq dövrü yarandı. Azərbaycan şairləri, yazarları, eyni zamanda, ölkə mətbuatı və o dövrün siyasi hadisələrinin diktəsi altında keyfiyyətcə yeni bir üslub yaratmağa başladılar. Buna baxmayaraq, Azərbaycan mətbuatı bu dövrdə ədəbi dilin, siyasi leksikonun, ictimai münasibətlərin formalaşmasında, əhalinin maarifləndirilməsində, cəmiyyətin saflaşdırılmasında çox böyük işlər gördü.

Mətbuat yarandığı gündən Azərbaycan xalqının ictimi-siyasi həyatında böyük rol oynamağa başladı. Bu fakt ən çox özünü xalqın milli azadlıq uğrunda mübarizə apardığı illərdə göstərdi. Belə ki, XX əsrin 80-ci illərində - Azərbaycanda milli azadlıq hərəkatının başlandığı dövrdə şübhəsiz, xalqı birləşdirən başlıca vəsitələrdən biri, bəlkə də ən birincisi də məhz mətbuat idi. Həmin ildən başlayaraq “Azərbaycan”, “Meydan”, “Azadlıq”, “Ayna” (Zerkalo), “Aydınlıq”, “Səhər”, “Həyat” və digər mətbuat orqanlarında dərc olunmuş analitik yazılar, ölkənin gələcəyindən narahatlıq hissi və vətəndaşlıq mövqeyi onları millətin obyektiv informasiya mənbəyinə çevirdi.

Beləliklə, ölkə mətbuatı cəmiyyətin bütün təbəqələrinə nüfüz edən ictimai qüvvə - “dördüncü hakimiyyət” rolunu oynamağa başladı. 80-ci illərin sonunda 70 il ərzində ilk dəfə olaraq qeyri-hökümət ümummilli qəzetlər meydana gəldi. Bu isə Azərbaycanda azad mətbuatın inkişafı, söz və mətbuat azadlığının təmin olunması istiqamətində böyük əhəmiyyətə malik idi.

Mətbuat tariximizdə ən böyük hadisələrdən biri 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyini əldə etməsi idi. Bu, azad və demokratik Azərbaycan mətbuatının formalaşması üçün əsas şərt idi. Təbii ki, həmin dövrdə demokratik mətbuatın yaranması və inkişafı üçün ciddi əngəllər var idi ki, onlardan biri də senzuranın mövcud olması idi. Yalnız 1998-ci ildə, ümumilli lider Heydər Əliyevin imzaladığı Fərmanla mətbuat üzərində senzura ləğv edildi. Bundan sonra ölkədə mətbuatın inkişafı ilə bağlı bir-birinin ardınca imzalanan Fərman və Sərəncamlar, xüsusilə də 1999-cu ildə KİV haqqında qanunun yaranması Azərbaycanda söz, fikir və mətbuat azadlığının bərqərar olunması üçün ciddi zəmin yaratdı.

XXI əsrin əvvəllərində də mətbuat özünəməxsus şəkildə inkişaf edirdi. Belə ki, 2000-ci ilin mart ayında ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə Tədbirlər Proqamı" təsdiq olundu. Bir sıra qəzetlərin borcları silindi. 2003-cü ilin mart ayında isə media-hakimiyyət münasibətlərini tənzimləyən qurum - Azərbaycan Mətbuat Şurası yaradıldı. Bütün bunlar öz növbəsində müstəqil mətbuat tariximizdə əlamətdar hadisələr idi.

2010-cu ildə Milli Mətbuatımızın yaranmasının 135 illiyi böyük təntənə ilə qeyd olundu. Həmin il öz fəaliyyətində fərqlənən 38 jurnalistə "Əməkdar jurnalist" fəxri adı verildi, onlarla jurnalist "Tərəqqi" ordeni ilə təltif edildi.

Qeyd etmək lazımdır ki, son 20-25 ildə Azərbaycan elektron informasiya vasitələrinin daha sürətli inkişafı ilə göz önündədir. Bu gün elektron informasiya vasitələri ilə ənənəvi media vasitələri arasında güclü rəqabət gedir. Artıq Azərbaycanda demək olar hər mətbuat nümunəsinin elektron səhifəsi fəaliyyət göstərir. İnformasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı nəticəsində ənənəvi medianın oxucuları azalır, əksinə onlar xəbərləri internet vasitəsilə əldə etməyə üstünlük verirlər.

Son illər Azərbaycanda kompüter texnologiyalarının, eləcə də söz və fikir azadlığının inkişafı, dünyaya inteqrasiya və qloballaşma prosesinin sürətlənməsi cəmiyyətin bütün sahələrində olduğu kimi, mediada da yeni yanaşmalar ortaya qoydu. Uzun illər informasiya blokadalarının əsiri olmuş, dünyada baş verən hadisələrdən bir qədər uzaq olan ölkəmizdə hazırda media özünün transformasiya mərhələsini yaşamaqdadır. Azərbaycanda da azad sözün ifadə vasitəsi olan İnternetin rolu artmaqdadır. Ölkəmizdə yeni media hələ formalaşma mərhələsində olsa da, bloqlar, forumlar, xəbər portalları kifayət qədərdir. 

Son olaraq belə qənaətə gəlmək olar ki, Azərbaycan xalqının qədim ədəbi və mədəni irsə, mətbu ənənələrə malik olması demokratik milli jurnalistikanın gələcək inkişafı üçün möhkəm zəmin yaratmışdır. Bu gün ölkə mətbuatı ictimai-siyasi və mədəni həyatımızın inkişafında mühüm rol oynayaraq, bizi dünyaya tanıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir