Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Parisli soydaşımız AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə rəsm əsəri hədiyyə etmişdir
06.12.2013 00:00
  • A-
  • A
  • A+

Parisli soydaşımız AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə rəsm əsəri hədiyyə etmişdir

İkinci Dünya müharibəsindən sonra Fransada yaşayan, artıq yaşı 100-ü haqlayan və ömrü boyu Azərbaycanı təbliğ etməklə məşğul olmuş soydaşımız Qədir Süleyman Bakıya qiymətli hədiyyə göndərməyi qət etmişdir. O, Avropa Şurası Parlament Assambleyasının komitə iclaslarında iştirak etmək üçün Parisdə səfərdə olan Azərbaycan Milli Məclisinin deputatı, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru Rafael Hüseynova Toğrul Nərimanbəyovun çəkdiyi bir rəsm əsərini təqdim etmişdir. AzərTAc-ın xüsusi müxbiri ilə söhbətində Rafael Hüseynov bununla əlaqədar demişdir: “97 yaşlı həmvətənimiz Qədir Süleyman bu gün Avropada yaşayan ən qocaman soydaşlarımızdan olmaqla yanaşı, həm də Azərbaycan ilə əlaqələrini heç vaxt kəsməmiş, hər bir uğurumuza ürəkdən sevinən, sərhədlərimizdən kənarlarda ölkəmizə və xalqımıza rəğbətləri artırmaq üçün yalnız indi deyil, bu işin asan olmadığı sovet dövründən bəri çalışmış sədaqətli insandır. İctimai-siyasi həyatda mütəmadi olaraq fəallıq göstərmiş Qədir Süleymanı Azərbaycan mühacirətinin görkəmli nümayəndələri Məhəmmədəmin Rəsulzadə, Əbdürrəhman Fətəlibəyli-Düdənginski, Əkbər ağa Şeyxülislamov, Ceyhun Hacıbəyli, Məmməd Məhərrəmov, Ələkbər bəy Topçubaşı və digərləri ilə sıx dostluq və əməkdaşlıq əlaqələri bağlamışdır. Dünya şöhrətli dirijorumuz maestro Niyazi, SSRİ xalq artisti, bəstəkar Rauf Hacıyevlə mühacir soydaşımız Qədir Süleyman hələ SSRİ ilə Avropa arasında dəmir siyasi pərdələrin mövcudluğu zamanlarında səmimi münasibətlərdə olmuşdur. Müstəsna dövlət adamı, Azərbaycan siyasi mühacirətinə yaxşı bələd olan, belə həssas məsələlərə sovet partiya nomenklaturasındakı əksəriyyətdən fərqli yanaşan, hər cür mühafizəkarlıqdan uzaqlığı ilə seçilən Heydər Əliyevin köməyi sayəsində Qədir Süleyman siyasi mühacirlərin yolunun Sovet İttifaqına, Vətənə bağlı olduğu çağlarda 30 illik ayrılıq və həsrətdən sonra Azərbaycana gələ bilmişdir. Unudulmaz Heydər Əliyevi həmişə minnətdarlıq hissi ilə xatırlayan Qədir Süleymana artıq Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra, 1990-cı illərdə Parisdə bir neçə dəfə Ulu Öndərlə görüşmək nəsib olmuşdur. Qədir Süleymanın qırx ilə yaxın dövrdə dostluq etdiyi məşhur azərbaycanlılardan biri də istedadlı sənətkar Toğrul Nərimanbəyov idi. Qədir Süleymana və onun ailəsinə əvəzsiz rəssamımız Toğrul Nərimanbəyov xüsusi isti duyğular bəsləyirdi. Toğrul Nərimanbəyov Qədir Süleymana və ailəsinə 2 rəsm əsri də ithaf etmişdi. Həmin rəsmlərdən birində Qədir Süleymanın nəvəsi Parisdəki Notr-Dam kilsəsi fonunda təsvir edilib. Digər tablonun qəhrəmanı isə Qədir Süleymanın özüdür. Toğrul Nərimanbəyov həyat yolunu, daxili dünyasını dərindən bildiyi dostu Qədir Süleymanın son dərəcə ifadəli bir portretini yaratmışdır. Dəyərli rəssamımız Toğrul Nərimanbəyovun əsərləri hazırda dünyanın ən müxtəlif ölkələrindədir. Şübhə etmirəm ki, gələcəkdə Toğrul Nərimanbəyovun Azərbaycandan kənardakı həmin əsərlərini də toplayaraq böyük fırça ustamızın yaradıcılığını mümkün qədər bütöv şəkildə nümayiş etdirə biləcək albomların buraxılmasına təşəbbüs göstəriləcəkdir. Qədir Süleyman isə çox nəcib hərəkət edərək xaricdəki daha bir sənət incimizin Azərbaycana dönüşünə, onun üçün son dərəcə əziz olan Toğrul Nərimanbəyov yadigarının Vətənə qayıtmasına, gələcəkdə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində yer almasına qərar vermişdir”.

Rafael Hüseynov onu da bildirmişdir ki, Qədir Süleymanın hədiyyəsi - Toğrul Nərimanbəyovun çəkdiyi rəsm əsəri yaxın vaxtlarda Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində mühacirətə həsr edilmiş ayrıca zalda yer alacaqdır.

Əsgər Əliyev, AzərTAc-ın xüsusi müxbiri

www.azertag.com

  • Paylaş: