www.science.az
15.07.2015 15:32

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirildi

Bu gün AMEA Rəyasət Heyətinin növbəti iclası keçirildi. Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə gündəlikdə duran məsələlər haqqında məlumat verdi.

Sonra akademik A.Əlizadə AR Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın icra vəziyyəti haqqında məlumat verdi. Sərəncamın icra istiqamətində fəaliyyəti gücləndirmək məqsədilə AMEA Rəyasət Heyətinin qərarını diqqətə çatdırdı. Sərəncamın icrasını təmin etmək məqsədilə Komissiya yaradıldı və onun tərkibi təsdiq olundu. Qərarın icrasına nəzarət AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyliyə həvalə edildi.

Daha sonra akademik Kamal Abdullayevin  AMEA-nın  Humanitar  Elmlər Bölməsinin  Büro üzvlüyünə daxil edilməsi haqqında qərar müzakirə olunaraq qəbul olundu. Qərarın icrasına nəzarət AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyliyə tapşırıldı.

İclasda, həmçinin Fiziologiya İnstitutunun yeni strukturu və Zoologiya İnstitutunun Elmi şurasının yeni tərkibinin təsdiq edilməsi, Zoologiya İnstitutunun 80 illik və AMEA-nın müxbir üzvü Namiq Əliyevin 75 illik yubileyinin keçirilməsi haqqında qərarlar qəbul olundu.

Sonda bir sıra kadr məsələləri müzakirə olundu. Turan Rəhimova AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin Mətbuat orqanları şöbəsinin rəis müavini vəzifəsinə təyin edildi. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir