Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın vitse-prezidenti Milanda şeirlər kitabının təqdimat mərasimində iştirak edib
14.07.2015 09:20
  • A-
  • A
  • A+

AMEA-nın vitse-prezidenti Milanda şeirlər kitabının təqdimat mərasimində iştirak edib

Milan şəhər bələdiyyəsinin binasında Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, "525-ci qəzet"in baş redaktoru, şair-publisist Rəşad Məcidin italyan dilində çapdan çıxmış “O” (La Donna) adlı şeirlər kitabının və şairin şeirlərinə italyan dilində bəstələnmiş musiqilərdən ibarət diskin təqdimatı keçirilib.

AR Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunmuş tədbiri giriş sözü ilə açan Milan şəhər bələdiyyəsinin milli şurasının sədri Bazilio Rossi və qurumun mədəniyyət məsələləri üzrə şöbəsinin müdiri Cüzeppe Landonio nəşrlə bağlı təəssüratlarını bölüşüblər. Bildiriblər ki, belə bir kitabın italyandilli oxuculara təqdim olunması Azərbaycan ədəbiyyatının tanıdılması baxımından önəmli addımdır. Vurğulanıb ki, Azərbaycanın qədim tarixə və zəngin mədəni irsə malik bir ölkə olması artıq italiyalılara məlumdur. Xüsusilə “Milan Expo 2015” beynəlxalq sərgisindəki bu ölkənin pavilyonu vasitəsilə Azərbaycanı daha yaxından tanımaq, onun inkişafını izləmək imkanı yarandı.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev qeyd edib ki, Azərbaycanın sevilən şairi Rəşad Məcidin şeirlər kitabının İtaliyada işıq üzü görməsi ölkələrimizin ədəbi əlaqələrinə müsbət təsir göstərəcək. Ümid edirik ki, ölkəmizin mədəni xüsusiyyətlərini tanıdan belə tədbirlər tez-tez keçiriləcək.

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, dünyanın incəsənət ölkəsi olan İtaliyada Rəşad Məcidin şeirlər toplusunun təqdimatı təkcə şairin deyil, bütövlükdə Azərbaycan ədəbiyyatının böyük uğurudur. Bu kitab xalqlarımızın möhkəm və etibarlı dostluğunun nümunəsi kimi əlvan poeziya çələngidir. Əminəm ki, bu şeirləri italyan oxucular da bəyənəcəklər.

Bildirilib ki, Rəşad Məcid bir ədəbi şəxsiyyət olaraq hər cəhətdən yaradıcı, orijinallığı və genişliyi ilə fərqli görünən professional bir Azərbaycan ziyalısıdır. Azərbaycan ziyalılığının fəal vətəndaşlıq mövqeyi, milli düşüncəsi, açıq yaradıcı təfəkkürü Rəşad Məcidin simasında ümumiləşir. Şeirlə bədii yaradıcılığa başlayan və izlər salan, jurnalistika və publisistika ilə cəmiyyətin inkişafına xidmət edən Rəşad Məcid nəsrdə öz möhürünü vurub.

Sonda tədbirin keçirilməsində yaxından iştirak edənlərə AYB tərəfindən təşəkkürnamə, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi adından isə xatirə hədiyyələri təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: