www.science.az
06.12.2013 00:00

AMEA İqtisadiyyat İnstitutunun cari ildəki fəaliyyəti təhlil olunub

Dekabrın 5-də AMEA İqtisadiyyat İnstitutunun illik hesabat yığıncağı keçirilib. Tədbirdə institutun direktoru, iqtisad elmləri doktoru, professor İsa Alıyev hesabat məruzəsi ilə çıxış edib.

Bildirilib ki, 2013-cü ildə də ölkə iqtisadiyyatında yüksək artım potensialı müşahidə olunmuş, iqtisadi inkişaf istiqamətində mühüm addımlar atılmışdır. Ölkədə gedən dinamik inkişaf proseslərinə institut tərəfindən elmi dəstək verilmişdir.

Qeyd edilib ki, iqtisadçı alimlər həmişə olduğu kimi, bundan sonra da dövlət başçısının həyata keçirdiyi uğurlu sosial-iqtisadi siyasətə öz layiqli töhfələrini verəcəklər.

Hazırda institutda Azərbaycanda 2011-2016-cı illəri əhatə edən rəqabət qabiliyyətli iqtisadiyyatın formalaşması və inkişafı istiqamətində müxtəlif problem və mövzular üzrə elmi-tədqiqat işləri davam etdirilir. Alim və mütəxəssislər tərəfindən Azərbaycanda rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşmasının əsas istiqamətləri müəyyənləşdirilərək onun elmi-nəzəri, metodoloji konseptual əsasları işlənilmiş, o cümlədən rəqabətqabiliyyətli iqtisadiyyatın makroiqtisadi tənzimləmə və iqtisadi artımın davamlığının təmin edilməsi istiqamətləri müəyyənləşdirilmişdir.

Bildirilib ki, beynəlxalq iqtisadi əlaqələr inkişaf etdirilmiş, qeyri-neft sənaye sahələrinin rəqabətqabiliyyəliyinin yüksəldilməsi və investisiyalardan istifadə mexanizmi müəyyənləşdirilmiş, bu işin təkmilləşdirilməsi yolları göstərilmişdir. Regionların davamlı inkişafı problemləri tədqiq edilərək təbii sərvətlərdən səmərəli istifadənin sosial-iqtisadi istiqamətləri müəyyənləşdirilmişdir.

İ.Alıyev vurğulayıb ki, institut ölkəmizdə həyata keçirilən bir sıra vacib layihələrdə fəal iştirak etmiş, ərzaq təhlükəsizliyi, məşğulluq, demoqrafiya, statistika və digər sahələr üzrə 6 dövlət proqramının, 2 strategiyanın və 1 konsepsiyanın həyata keçirilməsinə öz töhfələrini verməkdədir.

İnstitutun birillik fəaliyyəti dövründə əldə olunan mühüm elmi nəticələr 15 kitab, 316 məqalə və tezis, o cümlədən xaricdə çap olunmuş 95 məqalədə öz əksini tapmışdır. İnstitutda 3 yubiley tədbiri, 5 respublika konfransı və 3 elmi seminar keçirilmişdir.

Tədbirdə çıxış edən AMEA-nın müxbir üzvü Ağasəlim Ələsgərov və başqaları institutun fəaliyyətini yüksək qiymətləndiriblər, təkliflərini səsləndiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.