www.science.az
21.10.2013 00:00

AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin iclasında aktual məsələlər müzakirə olunmuşdur

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda (RMİ) AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) növbəti iclası keçirildi.

Büro üzvləri və institut direktorlarının iştirak etdiyi iclası giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, FRTEB-nin akademik-katibi, akademik Akif Hacıyev gündəlikdə duran məsələlər barədə məlumat verdi. Azərbaycanda müasir dövrün əsas aparıcı qüvvəsi olan gənclərin elmə cəlb edilməsi prosesinin uğurla həyata keçirildiyini qeyd edən A.Hacıyev AR Prezidentinin “Gənclər üçün Prezident Mükafatının təsis edilməsi haqqında” Fərmanının icrası barədə AMEA Rəyasət Heyətinin Sərəncamına uyğun olaraq bölmə tərəfindən müəyyən edilmiş namizədlərin siyahısının RH-yə təqdim olunacağını bildirdi.

A.Hacıyev AMEA RH-ın 18 sentyabr 2013-cü il tarixli iclasında AMEA-nın 70 illik yubileyinin yüksək səviyyədə təşkili ilə bağlı müvafiq qərarların qəbul edildiyini, AMEA-nın elmi bölmə və regional elmi mərkəzlərinə yubileylə bağlı təkliflərin hazırlanaraq komissiyaya təqdim etmələri tapşırıldığını nəzərə çatdırdı.

Akademik yubiley ilə əlaqədar kitabın hazırlanması, filmin çəkilməsi, sərginin təşkili, texnoparkın yaradılması, televiziya arxivlərində AMEA ilə bağlı videomaterialların toplanılmasının həlli vacib məsələlərdən olduğunu diqqətə çatdırdı.

Tədbirdə AMEA-nın 70 illik yubileyinin (2015-ci il mart ayında) keçirilməsi planına, AMEA-da multidissiplinar layihələrə dair, həmçinin AMEA-nın Nizamnaməsinə dəyişikliklərlə bağlı təkliflər irəli sürüldü, “Selen” Elmi-İstehsalat Birliyinin FRTEB-in tərkibinə daxil edilməsi, xaricdə doktoranturada təhsil, AMEA doktorantlarının elmi konfransının keçirilməsi, institutların reytinqi məsələləri müzakirə olundu.

İclasda RMİ-də nəşr olunan “AMEA-nın Xəbərləri, fizika-texnika və riyaziyyat elmləri seriyası, riyaziyyat buraxılışı” və “Riyaziyyat və Mexanika İnstitutunun Əsərləri” jurnallarının redaksiya heyətlərinin tərkibində qismən dəyişiklik edilməsi və innovasiya məsələlərinə də baxıldı.

Sonda 2014-cü ildə Rəyasət Heyətinin iclaslarına bölmə tərəfindən təqdim olunacaq elmi məruzələr haqqında məlumat verildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.