www.science.az
10.07.2015 16:01

Azərbaycanın bitki aləminə maraq atır

Ölkəmizə və onun gözəl təbiətinə maraq artdıqca AMEA Mərkəzi Nəbatat Bağı paytaxt sakinlərinin və qonaqların diqqətini daha çox cəlb edir. Şəhərin mərkəzi dağüstü hissəsində yerləşən bağ, nadir landşaftları əmələ gətirən gözəl bəzək otlarının zəngin növ müxtəlifliyi, nadir ağac və kol növləri və xiyabanların təmiz havası ilə məşhurdur.

Kolumbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Assad Penya və mədəniyyət və təhsil üzrə rəsmi nümayəndəsi Eliana Murillo AMEA-nın Mərkəzi Nəbatat BağıBotanika İnstitutunun qonağı olublar.

Görüşdə Botanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Validə Əlizadə bitki aləmindən-floradan söhbət açaraq təşkilatın fəaliyyəti, beynəlxalq əlaqələri və əməkdaşlıq istiqamətləri haqqında məlumat verib. Beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində həyata keçirilən işlərdən danışan V.Əlizadə qarşılıqlı təcrübə mübadiləsi məqsədilə konkret addımların atılmasının mümkünlüyünü vurğulayıb.

Mərkəzi Nəbatat Bağının elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Vahid Fərzəliyev bağın inkişaf perspektivləri və canlı kolleksiyalarının zənginləşdirilməsinin vacibliyini qeyd edib.

Assad Penya ölkəsi haqqında danışaraq bildirib ki, Kolumbiya biomüxtəlifliyinə görə dünyada ən zəngin ölkələrdən biridir. Burada 45 min flora növünə və endemik tiplərə rast gəlmək olar. Çiçəkli bitkilər, xüsusən də qızılgül istehsalına görə dünyada ikinci yerdədir. Azərbaycanın florasının zənginliyini xüsusi qeyd edən səfir hər iki ölkənin elmi təşkilatları arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb, birgə layihələrin həyata keçirilməsi təşəbbüsünü irəli sürüb.

Sonda qonaqlar institutun Herbari Fondu, Botanika Muzeyi, zəngin kitabxanası və laboratoriyaları, Mərkəzi Nəbatat Bağının canlı kolleksiyası ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir