Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Literaturnaya qazeta”nın Azərbaycan ədəbiyyatı layihəsi
08.07.2015 14:59
  • A-
  • A
  • A+

“Literaturnaya qazeta”nın Azərbaycan ədəbiyyatı layihəsi

AMEA Nizami adına Ədəbiyyat İnstitutu daha bir ilkə imza atıb. Beləki, Ədəbiyyat İnstitutu ilə Rusiyada çıxan “Literaturnaya qazeta”nın birgə layihəsi işıq üzü görüb. Moskvada nəşr olunan “Literaturnaya qazeta”nın budəfəki nömrəsinin dörd səhifəsi Azərbaycan şifahi xalq poeziyasına həsr olunub. Qəzetin səhifələrində şifahi xalq ədəbiyyatının lirik janrlarında olan nümunələrindən çoxsaylı seçmələr verilib.

Qeyd edək ki, bu, “Literaturnaya qazeta”nın AMEA-nın Ədəbiyyat İnstitutu ilə birlikdə oxuculara təqdim etdiyi ikinci layihədir. Qəzetin 2015-ci ilin aprel ayında Ədəbiyyat İnstitutu ilə birgə ilk layihəsi Rusiyada yaranan Azərbaycan diaspor ədəbiyyatına həsr edilmişdi. Təkcə Rusiyada deyil, geniş mənada rusdilli beynəlxalq auditoriyada kifayət qədər böyük nüfuza malik olan “Literaturnaya qazeta” postsovet ölkələri arasında ilk dəfədir ki, konkret bir respublikanın Elmlər Akademiyası ilə, həm də ayrıca bir elmi-təqdqiqat institutu ilə birlikdə xüsusi layihə çap edir. AMEA Ədəbiyyat İnstitutu ilə “Literaturnaya qazeta”nın xüsusi buraxılışı həm Ədəbiyyat İnstitutunun, həm də bu məşhur qəzetin tarixində ilk və əhəmiyyətli hadisədir.

AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun diretoru, akademik İsa Həbibbəylinin ideyası ilə reallaşdırılan layihə “Literaturnaya qazeta”nın “Azərbaycan – Turanın incisi” adlı əlavəsi ilə oxuculara  təqdim olunub. Əlavə akademik İsa Həbibbəylinin və yazıçı-ədəbiyyatşünas, Ədəbiyyat İnstitutunun doktorantı Abuzər Bağırovun “Poetik folklor irsi: Milli mentalitetin kodu” adlı məqaləsi ilə başlayır.

Məqalədə bədii ədəbiyyatın yaranmasında folklorun rolu, o cümlədən Azərbaycan şifahi xalq ədəbiyyatının yaranması, tarixi təkamül mərhələlərindən bəhs olunur. Müəlliflər şifahi xalq ədəbiyyatının janrları, mövzu dairəsi, ideya istiqamətləri barədə oxuculara məlumat verərək, Azərbaycan yazılı ədəbiyyatının yaranıb-formalaşmasında və inkişafında folklorun rolunu önə çəkiblər. Şifahi ədəbiyyatın böyük əhəmiyyət kəsb etdiyi xüsusi olaraq vurğulanan məqalədə dünya xalq şeiri nümunələri ilə müqayisələr aparılır, Azərbaycan ədəbiyyatının keçdiyi çoxəsrlik inkişaf yoluna nəzər salınır, “Avesta” kitabı, “Kitabi-Dədə Qorqud”, “Koroğlu”dastanları, ədəbi istiqamətlər və mərhələlər üzrə bir sıra görkəmli şair və yazıçılarımızın yaradıcılığından söz açılır. Məqalədə Azərbaycan ədəbiyyatı dünya ədəbiyyatı kontekstində səciyyələndirilərək, uzun əsrlər boyu öz xalqının əsil, dərin və səmimi insani duyğularını, humanizm və sülhpərvər ideyalarını yüksək bədii səviyyədə mənalandıran böyük ədəbiyyat faktı kimi təqdim olunur. Yaxın Şərqin üç əsas ədəbi dilində: ərəb, fars və türk dillərində yaradılan Azərbaycan ədəbiyyatının unikallığı hələ qədim zamanlardan milli xarakteri ifadə etməklə yanaşı, başqa dillərə, mədəniyyətlərə dözümlü münasibəti ilə fərqləndiyi diqqətə çatdırılır.

“Literaturnaya qazeta”da Azərbaycan poetik folklor nümunələri “Xalq boğçasından ilahi xəzinə” başlığı altında oxuculara təqdim olunur. Müxtəlif mövzuları əhatə edən çeşidli bayatılar, laylalar, yanıltmaclar, tapmacalar, mərasim (toy, Novruz və s.) nəğmələri, xalq mahnıları “Literaturnaya qazeta”nın əlavəsində Vladimir Qafarovun, Alla Axundovanın və Tatyana Straşnevanın tərcümələri ilə verilib.

Qəzetin əlavəsində Azərbaycan xalçaları ilə yanaşı, AMEA Əlyazmalar İnstitutunun əməkdaşı, rəssam Fəxrəddin Əlinin çəkdiyi rəsmlər də yer alıb.

Özünəməxsus ənənələrə və böyük auditoriyaya məxsus olan “Literaturnaya qazeta”nın Ədəbiyyat İnstitutu ilə birgə layihəsi rusdilli oxucularda Azərbaycanın poetik folklor ədəbiyyatı haqqında geniş və dolğun təsəvvürlərin yaradılmasına imkan verəcəkdir. Bu, müstəqillik dövründə Azərbaycan ədəbiyyatının beynəlxalq miqyasda təbliği istiqamətində atılmış ən böyük və əhəmiyyətli addımlardan biridir.

AMEA Ədəbiyyat İnstitutunun “Literaturnaya qazeta” ilə birgə layihəsinin davam etdirilməsi, sonrakı əlavələrin klassik və müasir Azərbaycan ədəbiyyatına həsr olunması nəzərdə tutulur. Layihənin koordinatoru, filologiya elmləri namizədi Abuzər Bağırovun sözlərinə görə, artıq Azərbaycan poeziyasından rus dilinə ən yaxşı tərcümələr seçilib müəyyənləşdirilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: