www.science.az
06.12.2013 00:00

AMEA Ədəbiyyat İnstitutunun Elmi Şurasının iclası keçirilib

AMEA Ədəbiyyat İnstitutunda Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibinin müavini, akademikVasim Məmmədəliyevin iştirakı ilə Elmi Şuranın iclası keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli gündəlikdə duran məsələlər barədə məlumat verib. İnstitutun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Hicran Nəsibovanı 60 illik yubileyi münasibətilə təbrik edib, yubilyara institutun Fəxrı Fərmanını təqdim edib.

İsa Həbibbəyli rəhbərlik etdiyi institutun Türkdilli Dövlətlərin Türk Akademiyası ilə bağladığı saziş haqqında ətraflı məlumat verib. Digər türkdilli dövlətlərlə də əməkdaşlıq əlaqələrinin nəzərdə tutulduğunu vurğulayıb.

Akademik, həmçinin gələcəkdə ortaq türk ədəbiyyyatının yaradılmasını, bununla bağlı ilkin razılaşmaların əldə edildiyini, eləcə də müştərək elmi-tədqiqatların aparılmasında bu kimi elmi əlaqələrin vacib əhəmiyyətə malik olduğunu nəzərə çatdırıb. Qeyd edib ki, mühacirət və diaspor ədəbiyyatının öyrənilməsi məqsədilə türk xalqları ilə əlaqələrin genişləndirilməsi, birgə elmi konfransların keçirilməli nəzərdə tutulub.

Sonra institutun elmi katibi, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədov institutun 2013-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat verib. Cari ildə institutda keçirilən tədbirlər, görülən işləri nəzərə çatdırıb. İnstitutda 2 istiqamət, 5 problem, 18 mövzu üzrə tədqiqat aparıldığını bildirib.

Professor B.Əhmədov qeyd edib ki, “Azərbaycan ədəbiyyatının qaynaqları, təşəkkülü və inkişaf qanunauyğunluqları” elmi istiqaməti institutun əsas profilini təşkil etdiyindən problem və mövzuların böyük bir qismi bu istiqaməti əhatə etmişdir.

Bildirilib ki, cari ildə institutun nəzdindəki dissertasiya şurasında 2 nəfər elmlər doktorluğu, 7 nəfər isə fəlsəfə doktorluğu dissertasiyası müdafiə etmişdir. Hesabat üzrə institutun elmi-təşkilati fəaliyyəti, həmçinin elmi şuranın işi barədə ətraflı danışılıb, əməkdaşların problem şuralarının fəaliyyətində iştirakı ilə bağlı məlumat verilib.

Sonra müzakirələr aparılıb, institutun illik yekun hesabatı yüksək qiymətləndirilib, rəy və təkliflər səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.