www.science.az
06.07.2015 13:30

Naxçıvan şəhərində AMEA Rəyasət Heyətinin növbəti iclası keçirildi

Bu gün Naxçıvan şəhər İcra Hakimiyyətinin binasında AMEA Rəyasət Heyətinin növbəti iclası keçirildi. Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri cənab Vasif Talıbov, AMEA prezidenti, akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti, Naxçıvan Bölməsinin alim və mütəxəssisləri, rəsmi şəxslər, o cümlədən KİV nümayəndələri iştirak edirdilər.

Tədbir iştirakçıları öncə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət etdilər.

Sonra qonaqlar AMEA-nın Naxçıvan Bölməsində, qurumun Bioresurslar və Təbii Ehtiyatlar institutlarında oldular. Onlara bölmənin əsas fəaliyyət istiqamətləri, burada elmin prioritet istiqamətlərində aparılan araşdırmalar, həyata keçirilən innovativ layihələr və bölmənin maddi-texniki bazası haqqında ətraflı məlumat verildi.

Daha sonra AMEA-nın Naxçıvan Bölməsinin Distant Tədris Mərkəzinin açılışı oldu. AMEA İnformasiya Texnologiyaları İnstitutunun alim və mütəxəssisləri ilə canlı bağlantı yaradıldı. Qonaqlara mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat verildi. Bildirildi ki, bu mərkəz Bakı ilə Naxçıvan arasında elm və təhsil körpüsü olacaq, doktorant və dissertantların məsafədən təhsil alması, onlayn seminar və konfransların keçirilməsi, alimlər arasında ölkədaxili, həmçinin beynəlxalq əməkdaşlıq münasibətlərinin qurulması üçün geniş imkanlar yaradacaq.

AMEA Rəyasət Heyətinin səyyar iclası öz işinə başladı. İclası giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bugünkü iclasın çox mühüm elmi və tarixi əhəmiyyət kəsb etdiyini vurğuladı. Son illərdə AMEA-da akademik A.Əlizadənin rəhbərliyi ilə həyata keçirilən kompleks tədbirlər nəticəsində Azərbaycan elmində əldə olunan nailiyyətləri yüksək qiymətləndirdi.

Daha sonra AMEA prezidenti, akademik Akif Əlizadə çıxış edərək nümayəndə heyəti adından yüksək qonaqpərvərliyə görə Vasif Talıbova minnətdarlığını bildirdi. İclasın Naxçıvanda keçirilməsini olduqca əlamətdar hadisə kimi qiymətləndirərək Naxçıvan Bölməsinin fəaliyyətinə, burada aparılan bir sıra prioritet elmi istiqamətlərə həsr olunmuş iclasın olduqca səmərəli keçəcəyinə ümidvar olduğunu dedi.

“Akademiya üç ildir ki, islahatlarla xarakterizə olunan yeni tarixi mərhələsini yaşayır”, deyə bildirən AMEA prezidenti həyata keçirilən genişmiqyaslı işlər, struktur dəyişiklikləri, kadr potensialı sahəsindəki yeniliklərdən söz açdı. Ötən il AMEA-nın həqiqi və müxbir üzvlüyünə seçkilər zamanı Naxçıvan Bölməsi üzrə xeyli sayda yeni üzvlərin seçildiyini qeyd edərək bu faktın Naxçıvanda intellektual potensialın avanqardı olan elmi elitanın daha da güclənməsinə, onun Muxtar Respublikanın  maraqlarının təmin olunmasında yaxından iştirakına öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi.

Tədbirdə çıxış edən Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev “AMEA-nın Naxçıvan Bölməsinin elmi prioritetləri və vəzifələri” mövzusunda elmi məruzəsini təqdim etdi. O, məruzədə bölmənin 2002-2014-cü illər ərzindəki elmi fəaliyyəti və qarşıda duran vəzifələrin öz əksini tapdığını dedi.

Məruzəçi son illər AMEA Naxçıvan Bölməsinin maddi-texniki bazasının möhkəmləndirildiyini, elmi işçilərin fəaliyyətləri üçün lazımi şəraitin yaradıldığını vurğulayaraq bölmənin prioritet elmi istiqamətləri və mövzuların müəyyən edilməsi, kadr potensialının artırılması, doktorantura şöbəsinin fəaliyyətinin canlandırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verdi.

Onun sözlərinə görə, 2003-2014-cü illər ərzində Naxçıvan Bölməsi əməkdaşlarının 5600-ə yaxın elmi əsərləri nəşr olunmuşdur ki, bunun da 100-ü monoqrafiya, 133-ü kitab, 4073-ü elmi məqalə, qalanları isə tezis və digər çap məhsullarıdır. Qeyd etdi ki, bölmənin 14 nəfər əməkdaşı 21 patent almış, 12 layihə üzrə 31 nəfər beynəlxalq və respublika səviyyəli qrant layihəsində qalib gəlmişlər.

AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov “Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri” mövzusunda çıxış etdi. O, apardığı tədqiqatlar nəticəsində Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasında aparılmış son floristik tədqiqatların sistemli şəkildə tədqiq edilərək müəyyənləşdirildiyini diqqətə çatdırdı. Alimin araşdırmaları nəticəsində məlum olmuşdur ki, muxtar respublikada flora biomüxtəlifliyinə daxil olan 1200-dən çox faydalı bitki, o cümlədən  750-800 növə yaxın dərman bitkisi vardır ki, onlardan da 48 fəsilə və 105 cinsə mənsub olan 132 növü yüzillərdirki, müasir tibb aləmində istifadə edilən rəsmi dərman bitkisidir.

T.Talıbov qeyd etdi ki, yabanı rəsmi dərman bitkilərinin 11 növü nadir bitki kimi Naxçıvan Muxtar Respublikasının Qırmızı Kitabına daxil edilmişdir. Region florasında olan ali bitki növləri 27 faydalı bitki qrupları əmələ gətirmişdir ki, burada efir yağlı, dərman, flavonoidli, aşımaddəli, boyaq əhəmiyyətli, lifli, kitrəli, qlükozidli, bəzək-bağçılıq və digər faydalı xüsusiyyətli qruplar daxildir.

Məruzəçi yabanı dərman bitkilərinin elmi surətdə toplanılmasının təşkili və eyni zamanda mühafizəsi üçün aparılan mübarizə tədbirlərinin daha da gücləndirilməsinin zəruriliyini də vurğuladı. Həmçinin Naxçıvan Muxtar Respublikasının dərman bitkilərinin “Elektron Məlumat Bazası”nın yaradılması və AMEA-nın rəsmi veb-portalında yerləşdirilməsinin vacibliyini önə çəkdi.

“Naxçıvan arxeoloji abidələrinin öyrənilməsi” mövzusunda məruzə ilə Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, tarix üzrə elmlər doktoru, dosent Vəli Baxşəliyev çıxış etdi. Bildirdi ki, məruzədə Naxçıvanda aparılmış son arxeoloji tədqiqatlar sistemli şəkildə təqdim edilmişdir. Bölgədə müxtəlif illərdə fəaliyyət göstərmiş Gəmiqaya, Oğlanqala, Ovçular təpəsi və digər arxeoloji ekspedisiyalarının apardığı tədqiqatlar sayəsində Naxçıvan tarixinin müxtəlif dövrlərinə aid onlarla arxeoloji abidələr öyrənilmiş və nəticədə əldə edilmiş çoxqiymətli məlumatlar nəinki bölgənin, ümumilikdə Azərbaycanın qədim tarixinin tədqiqində mühüm mənbə rolunu oynamışdır.

AMEA Naxçıvan Bölməsi əməkdaşlarının Naxçıvan Dövlət Universiteti əməkdaşları ilə birlikdə apardığı məqsədyönlü tədqiqatlar nəticəsində muxtar respublika ərazisində 1200-dən artıq tarix və mədəniyyət abidəsi qeydə alınmışdır ki, onların da əksəriyyəti arxeoloji abidələrdir.    

V.Baxşəliyevin araşdırmaları nəticəsində məlum olmuşdur ki, Naxçıvanın qədim tarixi coğrafiyası Göyçə hövzəsi daxil olmaqla Qərbi Azərbaycanın böyük bir qismini və Arazdan cənubdakı əraziləri əhatə etmişdir.

Sonda AMEA Rəyasət Heyəti dinlənilən elmi məruzələrlə bağlı fikir və tövsiyələrini səsləndirdilər, müvafiq qərarlar qəbul etdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir