Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Bakıda Günəş fizikası və kosmik hava tədqiqatları üzrə beynəlxalq konfrans keçirilir
06.07.2015 11:28
  • A-
  • A
  • A+

Bakıda Günəş fizikası və kosmik hava tədqiqatları üzrə beynəlxalq konfrans keçirilir

İyulun 6-da Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) maliyyə dəstəyi və təşkilatçılığı ilə "Günəş və Günəş tipli ulduzların dəyişkənliyi: astroseysmologiyadan kosmik havayadək" mövzusunda beynəlxalq konfrans işə başlayıb.

Tədbirdə EİF-in icraçı direktoru Elçin Babayev fondun fəaliyyətindən, həyata keçirdiyi tədbirlərdən danışıb. Ölkəmizdə bütün sahələrdə, o cümlədən elmin inkişafı istiqamətində mühüm nailiyyətlərin qazanıldığını qeyd edən E.Babayev bildirib ki, məqsədimiz Azərbaycanın regionun ən böyük elm mərkəzinə çevrilməsinə nail olmaqdır.

EİF-in beynəlxalq əlaqələrinin ildən-ilə genişləndiyini bildirən icraçı direktor vurğulayıb ki, son onilliklərdə Azərbaycanda Günəş fizikası üzrə ilk dəfə keçirilən bu mühüm tədbirdə Danimarka, Fransa, Almaniya, ABŞ, Rusiya, Ukrayna, İsrail, Bolqarıstan, İngiltərə, Özbəkistan və Gürcüstandan tanınmış alimlərin Günəş fizikası və Günəş-Yer əlaqələri sahəsində ən son yenilikləri əks etdirən icmal-məruzələri dinləniləcək. Azərbaycanın müxtəlif qurumlarından olan alimlər də tədqiqatlarının nəticələrini təqdim edəcəklər. Yerli və xarici alimlər arasında təmaslar əməkdaşlıq əlaqələri qurmağa, birgə tədqiqatlar aparmağa, xüsusilə, gənc kadrların hazırlığına zəmin yaradacaq. Nəzərə almaq lazımdır ki, astronomiya sahəsində kadr hazırlığı uzun sürən və mərhələli prosesdir və bu iş daim elmi tədqiqatlara paralel olaraq aparılmalıdır.

İki gün Bakıda keçiriləcək konfransın bir sessiyası da Şamaxı Astrofizika Rəsədxanasında təşkil olunacaq. Dünyanın tanınmış alim və mütəxəssislərinin iştirak etdikləri tədbirdə elmi məruzələrlə yanaşı, əməkdaşlıq məsələləri də müzakirə ediləcək.

E.Babayev bildirib ki, kosmik texnologiyaların sürətli inkişafı Günəş fizikası və Günəş-Yer əlaqələri sahəsində də mühüm dəyişikliklərə və tamamilə yeni baxışlara gətirib çıxarıb, bu sahələri müasir elmin ən çox diqqət mərkəzində olan istiqamətlərinə çevirib.

Diqqətə çatdırılıb ki, son illər azərbaycanlı alimlər həm Günəş, həm də kosmik hava təsirləri üzrə intensiv tədqiqatlar aparır, dünyanın bir sıra ölkələrindən olan həmkarları ilə səmərəli əməkdaşlıq edirlər. Alimlərimizin elmi məqalələri yüksək indekslənən impakt faktorlu xarici jurnallarda dərc olunur, onlara istinadlar edilir. Eyni zamanda, Şamaxı Astrofizika Rəsədxanasında Günəş teleskopları modernləşdirilir, Kosmik Hava Mərkəzi formalaşdırılır.

Konfransda Günəşin daxili qatlarını xüsusi nəzəri və eksperimental yollarla tədqiq edən modern elm sahəsi – helioseysmologiya/astroseysmologiya üzrə bir sıra mühüm məruzələr dinlənilərək müzakirə ediləcək. Bir neçə məruzə isə Günəş və kosmik şüaların fəallığının Yer üzərində iqlimin formalaşmasına, həmçinin texnoloji sistemlərə və insan sağlamlığına təsirinə həsr olunacaq.

Konfransda Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov və başqaları son illər ölkəmizdə və dünyada Günəş fizikası üzrə aparılan tədqiqatlardan danışıb, bu sahədəki yeniliklərlə bağlı fikir mübadiləsi aparılmasında, elmin müxtəlif sahələrinə aid problemlərin araşdırılmasında və onların həlli yollarının tapılmasında belə tədbirlərin əhəmiyyətini qeyd ediblər.

Azərbaycan elminin inkişafında və dünyada təbliğində EİF-in rolunu yüksək dəyərləndirən natiqlər konfransın bu istiqamətdə atılan növbəti addım olduğunu vurğulayıb, iştirakçılara uğurlar arzulayıblar.

Sonra konfrans işini sessiyalarla davam etdirib. İclaslarda Azərbaycan, Danimarka, Özbəkistan, ABŞ, Böyük Britaniya, İsrail, Fransa, Bolqarıstan alim və mütəxəssislərinin məruzələri dinlənilib, müzakirələr aparılıb.

Konfransın materiallarının kitab şəklində nəşri planlaşdırılır.

Beynəlxalq konfrans iyulun 8-də başa çatacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

  • Paylaş: