www.science.az
02.07.2015 09:13

AMEA Birləşmiş Veteranlar Şurasının növbəti toplantısı keçirilib

İyulun 2-də Rəyasət Heyəti aparatının II Xüsusi şöbəsində AMEA Birləşmiş Veteranlar Şurasının (BVŞ) növbəti toplantısı keçirilib.

AMEA-nın elmi müəssisə və təşkilatlarının veteranlar şurasının sədrlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan BVŞ-ın sədri, AMEA-nın müxbir üzvü Rafiq Qasımov gündəlikdəki məsələləri diqqətə çatdırıb. AMEA-da veteranlara göstərilən qayğıdan danışan R.Qasımov bildirib ki, veteranlar akademiyanın nüfuzunun artmasında, quruculuq işlərinin inkişafında daim fəal iştirak etməlidirlər.

BVŞ sədri bu ilin noyabr ayında keçiriləcək AMEA-nın 70 illik yubileyinin yüksək səviyyədə təşkili ilə bağlı müvafiq qərarların qəbul edildiyini söyləyib. Vurğulayıb ki, respublikanın ali elmi qurumu olan AMEA-nın 70 illik yubileyinin qeyd olunması ölkənin elmi-mədəni və sosial-ictimai həyatında əlamətdar hadisədir.

Sonra çıxış edən II Xüsusi şöbənin rəisi, BVŞ-in sədr müavini Eldar Quliyev artıq 1 ildir ki, fəaliyyət göstərən Şura tərəfindən həyata keçirilən tədbirlərdən danışıb. Bildirib ki, Rəyasət Heyətinin qərarı ilə AMEA-nın elmi müəssisə və təşkilatlarında çalışan əməkdaşlara “Əmək veteranı” adının və vəsiqəsinin verilməsi üçün müvafiq Komissiya yaradılmışdır. Komissiyaya AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev sədrlik edir. Komissiyanın qərarı ilə 400 əməkdaşa “Əmək veteranı” adı və vəsiqəsi verilib.

E.Quliyev akademiyanın 70 illik yubileyi ərəfəsində BVŞ tərəfindən həyata keçirilən tədbirlər haqqında AMEA prezidentinin 24 noyabr 2014-cü il tarixli sərəncamının yerinə yetirilməsi ilə bağlı məlumat verib. Sərəncamdan irəli gələn məsələlərin həlli istiqamətində görüləcək işləri diqqətə çatdırıb.

Tədbirdə çıxış edən AMEA Azad Həmkarlar İttifaqının sədri, professor İsa Alıyev rəhbərlik etdiyi qurumun akademiyanın sosial və ictimai həyatındakı rolundan danışıb, akademiya əməkdaşlarının sosial-iqtisadi problemlərinin həllində bu birliyin yaxından iştirak etdiyini diqqətə çatdırıb.

Toplantıda AMEA-nın elmi müəssisə və təşkilatlarında çalışan aztəminatlı veteranlara birdəfəlik müavinatların verilməsi, onların sanatoriyalarda müalicə almaları və istirahət etmələri, həmçinin yeməkxanada güzəştli xidmətdən istifadə etmələri istiqamətində müzakirələr aparılıb.

Sonda müzakirə edilən məsələlərlə bağlı irad və təkliflər irəli sürülüb, müxtəlif fikirlər səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir