www.science.az
02.07.2015 05:21

Akademik Cəlal Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Elm həqiqətdir” filminin təqdimat mərasimi keçirilib

İyulun 1-də “Kempinski Badamdar” otelində dünya şöhrətli Azərbaycan alimi, ictimai-siyasi xadim, ölkəmizdə biologiya və aqrar elminin görkəmli nümayəndəsi, Əməkdar elm xadimi, “Şərəf” ordenli, AMEA-nın həqiqi üzvü Cəlal Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Elm həqiqətdir” adlı filmin təqdimat mərasimi keçirilib.

Alimin 85 illik yubileyinə həsr olunmuş "Cəlal Əliyev. Davamlı inkişaf üçün fotosintez tədqiqatları-2013" mövzusunda beynəlxalq konfransın materialları əsasında hazırlanmış filmin təqdimatında dövlət və hökumət nümayəndələri, Milli Məclis deputatları, tanınmış elm adamları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AMEA-nın Molekulyar Biologiya və Biotexnologiya İnstitutunun direktoru, görkəmli alimin tələbəsi, akademik İradə Hüseynova Cəlal Əliyevin şərəfli həyat yolundan və zəngin elmi yaradıcılığından söz açıb. Böyük elm fədaisinin Azərbaycan biologiya elminin inkişafındakı müstəsna xidmətlərindən danışan İ.Hüseynova elmin bu sahəsində yeni istiqamətlərin yaranmasının məhz Cəlal Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb. Qeyd edilib ki, alimin uğurlu elmi yaradıcılığının əhəmiyyətli hissəsi ölkəmizdə taxılçılığın inkişafına yönəlib. Akademikin fotosintezin tədqiqi sahəsində yaratdığı məktəbin əldə etdiyi misilsiz nailiyyətlər, qazanılan uğurlar dünya elmi ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilib. Akademik Cəlal Əliyev elmi tədqiqatlarını 1951-ci ildən bu günədək Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunda Bitkilərin fiziologiyası və 1971-ci ildən paralel olaraq AMEA-nın Botanika İnstitutunda yaratdığı Məhsuldarlıq proseslərinin molekulyar-genetik əsasları şöbələrində aparır.

Akademikin fotosintezlə bağlı əldə etdiyi elmi nəticələrinin dünyanın bir çox ölkələrində uğurla tətbiq olunduğunu söyləyən İ.Hüseynova bildirib ki,  alim hələ ötən əsrin 70-ci illərindən başlayaraq buğdanın fotosintez fəaliyyətinin sirlərini aydınlaşdırmaqla arzu olunan istiqamətə yönəltmək üçün genetik seleksiya işləri aparıb. Cəlal Əliyev Azərbaycanda fiziki-kimyəvi biologiya, xüsusən də biokimya və biofizika sahələrində tədqiqatları genişləndirərək respublikada yeni tədqiqat istiqamətlərinin - molekulyar biologiya, molekulyar genetika, gen və hüceyrə biotexnologiyası, riyazi biologiya və bioinformatikanın bünövrəsini qoymuş və əsaslı surətdə inkişaf etdirmişdir. Onun rəhbərliyi altında aparılan molekulyar tədqiqatlar əsasında buğda bitkisinin genom kitabxanası yaradılıb, sintez olunan plazmidlərin köməyi ilə genlərin köçürülməsi nəticəsində davamlılıq geni daşıyan bitki regenerantları alınıb. Bunun əsasında gen mühəndisliyindən istifadə edilməklə kənd təsərrüfatı bitkilərinin klonal çoxalma sxemi işlənib hazırlanıb.

Qeyd edilib ki, akademik Cəlal Əliyevin təşəbbüsü ilə 300-dən çox elmi kadr hazırlanmışdır. Onlardan 85 elmlər namizədi və 11 elmlər doktoruna bilavasitə alimin özü rəhbərlik etmişdir. Qazanılmış elmi uğurlar öz əksini nüfuzlu beynəlxalq nəşrlərdə tapmışdır. Görkəmli alim respublikamızda və xaricdə nəşr edilmiş 600-dən çox elmi əsərin, o cümlədən 25 monoqrafiya və kitabın müəllifidir.

Sonra akademik Cəlal Əliyevə həsr edilmiş filmin rejissoru, Əməkdar incəsənət xadimi Cahangir Zeynallı çıxış edərək ekran əsərinin ərsəyə gəlməsində göstərilən köməyə görə AR Rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasova təşəkkürünü bildirib. Qeyd edib ki, filmdə tanınmış alimlərlə yanaşı, Cəlal Əliyevin dünyanın qabaqcıl elm mərkəzlərində fəaliyyət göstərən yetirmələrinin də dəyərli fikirləri yer alıb. Alimin 85 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransın materialları əsasında hazırlanmış ekran əsəri Avstraliya, İngiltərə, Koreya Respublikası və ABŞ-da lentə alınıb.

Sonra film nümayiş etdirilib. Ekran əsərində Cəlal Əliyevin tükənməz enerjisindən, əbədiyaşar elmi irsindən, biologiya elminə verdiyi əvəzsiz töhfələrdən bəhs olunub.

Böyük maraqla qarşılanan filmin təqdimatından sonra AMEA-nın prezidenti, akademik Akif Əlizadə görkəmli alim Cəlal Əliyevlə bağlı fikirlərini söyləyib, görkəmli alimin yüksək insani keyfiyyətlərindən geniş söhbət açıb.

Cari ilin noyabrında AMEA-nın 70 illik yubileyinin keçiriləcəyini diqqətə çatdıran A.Əlizadə vurğulayıb ki, akademiyanın bir elm məbədi kimi şöhrətlənməsində akademik Cəlal Əliyevin xidmətləri danılmazdır. O, böyük elmi məktəb yaradan alimlərdəndir. Cəlal Əliyev həm Azərbaycanda, həmçinin MDB, ABŞ, Kanada, Yaponiya, Cənubi Koreya, Avstraliya, İsrail və Avropa ölkələrinin aparıcı elmi mərkəzlərində və universitetlərində müvəffəqiyyətlə çalışan, Azərbaycan xalqına nüfuz gətirən layiqli tələbələr yetişdirmişdir. Bu xoşbəxtlik heç də hamıya nəsib olmur.

Diqqətə çatdırılıb ki, Cəlal Əliyev hələ keçmiş sovetlər dövründə nüfuzlu beynəlxalq tədbirlərdə iştirak edərək ən son yenilikləri öz elmi axtarışlarında tətbiq edib. Məhz onun səyi nəticəsində ölkəmizdə fotosintez sahəsində böyük uğurlara imza atılıb.

A.Əlizadə qeyd edib ki, 2013-cü il 5-9 iyun tarixlərində Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Fotosintez Tədqiqatları üzrə Beynəlxalq Cəmiyyətin təşəbbüsü ilə akademik Cəlal Əliyevin 85 illik yubileyi ilə bağlı keçirilmiş tədbir beynəlxalq səviyyədə azərbaycanlı alimə həsr olunan ilk konfrans idi.

Daha sonra çıxış edən Rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasov görkəmli alim Cəlal Əliyevin Azərbaycan elminin dünyada tanınması istiqamətində gördüyü işlərdən danışıb. Bildirib ki, o, öz dərin biliyini və zəngin təcrübəsini gələcək nəsillərə ötürməyi bacaran xoşbəxt alimlərdəndir.

Qeyd edilib ki, Cəlal Əliyevin elmi fəaliyyətinin 65 ildən çoxu kənd təsərrüfatı bitkilərinin, əsasən buğdanın fotosintetik məhsuldarlığının nəzəri əsaslarının öyrənilməsinə həsr olunmuşdur. Özünün ardıcıl və məqsədyönlü fəaliyyəti ilə Cəlal Əliyev məhsuldarlıq proseslərinin əsası kimi fotosintezin kompleks şəkildə tədqiqini həyata keçirmişdir. Alimin çoxşaxəli fəaliyyətinin müxtəlif istiqamətlərində qazandığı uğurların əsas səbəbi onun nadir istedadı və yüksək dərəcədə əməksevərliyidir.

Təqdimat mərasimində çıxış edən Azərbaycan Tibb Universitetinin rektoru, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov, Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Cəlal Əliyevin tələbəsi, Ekologiya və təbii sərvətlər nazirinin müavini, AMEA-nın müxbir üzvü Novruz Quliyev görkəmli alimin Azərbaycan elminin inkişafı naminə yorulmaz fəaliyyətindən, elmi yeniliklərinin dünyada maraqla qarşılanmasından söz açıblar.

Tədbir çərçivəsində Botanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvi Validə Əlizadə elmi redaktoru olduğu “Azərbaycanda yayılan fitoplazmaların genetik müxtəlifliyi” adlı kitabı ictimaiyyətə təqdim edib, akademikə həsr olunmuş yeni nəşrin elmi əhəmiyyətindən danışıb.

Tədbirə yekun vuran akademik Akif Əlizadə görkəmli alim Cəlal Əliyevin 90 illik yubileyinin daha geniş şəkildə qeyd olunacağını vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir