Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

04.12.2013 00:00
  • A-
  • A
  • A+

Akademik Bəhram Əsgərovun anadan olmasının 80 illiyinə həsr olunmuş tədbir keçirildi

Akademik Bəhram Əsgərovun anadan olmasının 80 illiyinə həsr olunmuş tədbir keçirildi

Bu gün Bakı Dövlət Universitetində(BDU) Respublika Dövlət Mükafatı laureatı, Əməkdar Elm xadimi, “Şöhrət” ordenli, Prezident təqaüdçüsü, akademik Bəhram Əsgərovun anadan olmasının 80, elmi, pedaqoji, ictimai fəaliyyətinin 55 illiyinə həsr olunmuş tədbir keçirildi.

Hökumət nümayəndələri, görkəmli elm xadimləri, alim və mütəxəssislərin iştirak etdiyi tədbiri giriş sözü ilə açan BDU-nun rektoru, akademik Abel Məhərrəmov B.Əsgərovun həyat və elmi fəaliyyəti haqqında məlumat verdi. Bildirdi ki, bərk cisimlər nəzəriyyəsinə böyük töhfələr vermiş və Azərbaycanda bərk cisimlər fizikası sahəsində böyük elmi məktəbin yaradıcısı olan B.Əsgərov 1933-cü ildə Tovuz rayonunda anadan olmuş, 1952-ci ildə orta məktəbi müvəffəqiyyətlə bitirərək BDU-nun fizika-riyaziyyat fakültəsinin fizika şöbəsinə daxil olmuşdur. Aspirantura təhsilini SSRİ Elmlər Akademiyası Yarımkeçiricilər İnstitutunda alan alim bərk cisimlər nəzəriyyəsinin aktual problemləri – metallar və yarımkeçiricilərdə termomaqnit effektlərin kvant nəzəriyyəsi ilə məşğul olmuşdur. 1966-cı ildən BDU-nun Fizika fakültəsinin “Molekulyar fizika” kafedrasında çalışan B.Əsgərov 1971-ci ildə “Bərk cisimlər fizikası” kafedrasının əsasını qoymuşdur.

B.Əsgərovun əsərləri, elmi araşdırmaları barədə məlumat verən A.Məhərrəmov alimin 170-dən çox əsərinin respublika ilə yanaşı, dünyanın müxtəlif ölkələrinin elmi jurnallarında nəşr olunduğunu diqqətə çatdırdı. Onun tədqiqat işlərinin real enerji spektrli yarımkeçiricilərdəki kinetik effektlərin klassik nəzəriyyəsinə həsr olunduğunu bildirdi.

Sonra A.Məhərrəmov alimə elmdə göstərdiyi xidmətlərə görə universitetin fəxri fərmanını və medal təqdim etdi.

B.Əsgərovun elmi fəaliyyəti haqqında məruzə ilə çıxış edən BDU-nun Fizika fakültəsinin dekanı, professor Məmmədəli Ramazanov alimin dünyanın bir çox ölkələrində keçirilmiş beynəlxalq konfranslarda Azərbaycanı müvəffəqiyyətlə təmsil etdiyini vurğuladı. Bildirdi ki, B.Əsgərov “Bakı Universitetinin Xəbərləri” jurnalının fizika-riyaziyyat elmləri seriyasının redaktoru, AMEA-nın “Xəbərlər” və “Fizika”, “Sumqayıt Universitetinin Xəbərləri” və “Qafqaz Universiteti” jurnalının redaksiya heyətinin üzvüdür.

Qeyd etdi ki, onun rəhbərliyi ilə 4 doktorluq 12 namizədlik dissertasiyası müdafiə olunmuşdur.

Tədbirdə çıxış edən akademik Ziyad Səmədzadə, AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat üzrə elmlər doktoru, professor Misir Mərdanov, filologiya üzrə elmlər doktoru, professor Qəzənfər Paşayev, AMEA Fizika İnstitutunun direktoru, fizika-riyaziyyat üzrə elmlər doktoru Nazim Məmmədov, AMEA Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Adil Qəribov və başqaları alimi yubileyi münasibətilə təbrik etdilər, alimlə bağlı xatirələrini bölüşdülər.

Sonda çıxış edən B.Əsgərovun ailə üzvləri alimə göstərilən diqqətə görə tədbirin təşkilatçılarına minnətdarlığını bildirdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
 
  • Paylaş: