www.science.az
01.07.2015 07:59

AMEA-da kargüzarlıq və kadr sahəsində mövcud vəziyyətin müzakirəsinə dair seminar keçirilib

AMEA-nın Əsas binasında Rəyasət Heyəti aparatının Hüquq və kadrlar idarəsi tərəfindən akademiyanın elmi müəssisələrində kargüzarlıq və kadr sahəsində mövcud vəziyyətin müzakirəsinə dair seminar keçirilib.

Tədbiri giriş sözü ilə Hüquq və kadrlar idarəsinin rəisi, hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasiyev açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. Rasim Ağasiyev akademiyanın elmi müəssisələrində kargüzarlıq işi və sənədləşmənin mövcud qanunvericiliyin tələblərinə uyğunlaşdırılmasının əhəmiyyətindən danışıb, AMEA-nın elmi müəssisələrində kargüzarlıq və kadr sahəsindəki vəziyyətin təhlili ilə bağlı çıxış edib. Tədbirdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları, Azərbaycan Respublikası Əmək Məcəlləsində öz əksini tapmış müddəalar, eləcə də Rəyasət Heyəti və AMEA prezidenti tərəfindən verilən qərar və sərəncamları rəhbər tutan idarə rəisi bütün sənədləşmənin göstərilən tələblərə uyğun təşkilinin və qeyd olunan bəndləri zamanında yerinə yetirməyin vacibliyini vurğulayıb. AMEA Rəyasət Heyətinin 15 aprel 2015-ci il tarixli 9/7 nömrəli Azərbaycan Respublikasının əmək qanunvericiliyinə edilmiş dəyişikliklərin AMEA-nın elmi müəssisələrində tətbiqi haqqında Qərarı və "İntizam tənbehi haqqında" AMEA prezidentinin 27 aprel 2015-ci il tarixli 165 nömrəli Sərəncamının icra vəziyyəti ilə bağlı əks olunan məsələləri təhlil edən natiq yüksəkixtisaslı kadrların işə götürülməsi və bütün işlərin obyektiv formada qanunvericiliyin tələblərinə uyğun şəkildə təşkilinin hazırda akademiyanın əsas missiyalarından olduğunu xatırladıb.

AMEA-nın 27 elmi müəssisə və təşkilatı, regional bölmə və mərkəzlərində həyata keçirilən yoxlamalar zamanı müşahidə olunan vəziyyəti iştirakçıların diqqətinə çatdıran R.Ağasiyev seminarın keçirilməsində əsas məqsədin akademiya sistemində düzgün sənədləşmə fəaliyyətinin səviyyəsini yüksəltmək və bütün müəssisələrin apardığı hüquqi islahatların səmərəli nəticələr verməsini təmin etmək olduğunu söyləyib.

Sonra Hüquq və kadrlar idarəsinin Qanunvericilik təminatı şöbəsinin rəisi Aygün Arifli AMEA-nın elmi müəssisələrində kargüzarlıq fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun təşkili və tənzimlənməsi ilə bağlı çıxış edib. O, daxil olan və göndərilən sənədlərin Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun qeydiyyatının təşkilinin vacibliyini vurğulayıb. Yazışmalar zamanı istifadə olunan blankların normativ hüquqi sənədlər səviyyəsində tərtib olunmasından danışan A.Arifli rəsmi yazışmaların tələb olunan qaydalara müvafiq olaraq Azərbaycan dilində aparılmalı, mətbəə üsulu ilə çap olunmalı, o cümlədən daxil olan və göndərilən sənədlərin qeydə alınması kitabında hansı mərhələlər üzrə icra edilməli olduğundan danışıb.

Seminarda Hüquq və kadrlar idarəsinin rəis müavini Rzaqulu Hacıyev AMEA Rəyasət Heyətinin 15 aprel 2015-ci il tarixli Qərarının 1.3-cü bəndinin və AMEA prezidentinin 27 aprel 2015-ci il tarixli Sərəncamının 2.3-cü bəndinin icrası haqqında geniş nitqlə çıxış edib. R.Hacıyev elmi müəssisə və təşkilatlarda kadrların ümumi sayı, dəyişikliklər və ümumiyyətlə kadrlarla bağlı müxtəlif informasiyaları özündə əks etdirən kadrların hərəkəti barədə məlumatların mütəmadi yenilənməsi və uçotunun aparılmasına dair qaydaları diqqətə çatdırıb.

Tədbirdə qeyd olunan məsələlərlə əlaqədar əməkdaşların sualları cavablandırılıb, lazımi tövsiyyə və məsləhətlər verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir