www.science.az
25.06.2015 04:40

Akademik Ziyad Səmədzadənin 75 illik yubileyinə həsr olunmuş elmi konfrans keçiriləcək

İyunun 24-də AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib. İnstitutun direktoru, professor Nazim İmanovun sədrliyi ilə baş tutan iclasda şuranın üzvləri öncə 75 illik yubileyi münasibətilə akademik Ziyad Səmədzadəni təbrik ediblər.

Professor N.Müzəffərli bildirib ki, 2015-ci il iyunun 25-də görkəmli iqtisadçı alim, akademik Ziyad Səmədzadənin 75 yaşı tamam olur. Bununla bağlı olaraq AMEA Rəyasət Heyətinin 20 may 2015-ci il tarixli qərarına əsasən AMEA İqtisadiyyat İnstitutu Azərbaycan İqtisadçılar İttifaqı ilə birlikdə akademik Z.Səmədzadənin 75 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirəcək. Bunları nəzərə alan İqtisadiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə bu ilin payızında Z.Səmədzadənin 75 illik yubileyinə həsr olunmuş elmi konfransın keçirilməsi üçün 3 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılıb. Professor Tofiq Hüseynovun sədrlik edəcəyi komitəyə iqtisad üzrə fəlsəfə doktoru Əbdülsəməd Həsənov və iqtisad üzrə fəlsəfə doktoru İlkin Soltanlı da daxil ediliblər. Akademik barəsində  mətbuatda və elmi nəşrlərdə çap olunması üçün məqalələrin hazırlanması T.Hüseynov, iqtisad üzrə fəlsəfə doktoru Xosrov Kərimov və iqtisad üzrə fəlsəfə doktoru Seyfəddin Səməndərova həvalə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.