www.science.az
24.06.2015 08:16

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

Bu gün AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib. İlk olaraq AMEA prezidenti, akademik Akif Əlizadə Azərbaycan elminin inkişafında göstərdikləri xidmətə görə və 75 illik yubileyi münasibətilə akademik Ziyad Səmədzadəyə, 85 illik yubileyi münasibətilə akademik Seyfəddin Əliyevə, 50 illik yubileyi münasibətilə akademik İradə Hüseynovaya, 75 illik yubileyi münasibətilə AMEA-nın müxbir üzvü Rauf Hüseynova və 60 illik yubileyi münasibətilə AMEA-nın müxbir üzvü Muxtar İmanova AMEA-nın Fəxri Fərmanını təqdim edib. Sonra A.Əlizadə iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

İclasda öncə Bakı Dövlət Universitetinin (BDU) rektoru, millət vəkili, akademik Abel Məhərrəmovun “Elm və təhsilin innovativ inkişafı” mövzusunda məruzəsi dinlənilib. Akademik A.Məhərrəmov bildirib ki, son illər elm və təhsilin bir-biri ilə əlaqələndirilməsinə və hər iki sahənin innovasiyaların tətbiqi yolu ilə paralel şəkildə inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir. Elm-Təhsil-İnnovasiya üçbucağının eyni bir müstəviyə gətirilməsi və balanslı şəkildə inkişaf etdirilməsi, o cümlədən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi məqsədi ilə AMEA-da olduğu kimi, universitetdə də bir sıra islahatlar aparılır.

Alimin sözlərinə görə, qloballaşan dünyada elm və təhsilin vəhdətini və elmi-texniki tərəqqini təmin edən yüksək texnologiyalar (nanotexnologiya, biotexnologiya və s.) müxtəlif elmlərin kəsişmə nöqtəsi kimi formalaşır, bu tip tədqiqatlar kimyaçı, fizik, bioloqlar və digər sahələrdə çalışan mütəxəssislərin birgə iştirakı ilə aparılır və kadr hazırlığı prosesinə multidissiplinar yanaşma tələb edir.

Akademik, həmçinin BDU-nun bir sıra beynəlxalq və yerli təşkilatlarla yanaşı, AMEA ilə əməkdaşlıq əlaqələrini önə çəkərək akademiyanın institut və təşkilatları ilə kadr hazırlığı və elmi-tədqiqat sahələrində imzalanmış əməkdaşlıq haqqında müqavilələri və anlaşma memorandumlarını diqqətə çatdırıb.

Sonra akademik A.Məhərrəmov və BDU-nun Fizika fakültəsinin dekanı, fizika elmləri doktoru, professor Məhəmmədəli Ramazanovun həmmüəllifi olduqları “Nanomateriallar sahəsində aparılan tədqiqatlar, tətbiqlər və perspektivlər” adlı məruzə təqdim olunub. Məruzəni təqdim edən M.Ramazanov bildirib ki, BDU-da hazırda nanostrukturların alınması, stabilləşdirilməsi, tədqiqi və tətbiqi istiqamətində uğurlu tədqiqat işləri aparılır. Tədqiqatlar zamanı nanostrukturlarda və onların əsasında alınmış kompozitlərdə tərkib-quruluş-xassə arasında əlaqələr və ölçü effektləri müəyyən edilib, nanokompozitlərin komponentləri arasında fazalararası qarşılıqlı təsirin onun xassələrinə təsiri tədqiq edilib.

Məruzə dinlənildikdən sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb. Akademiklər Əhliman Əmiraslanov, Qərib Məmmədov, Vaqif Fərzəliyev, Rasim Əliquliyev, Telman Əliyev, Bahadur Tağıyev, İradə Hüseynova, AMEA-nın müxbir üzvü Nazim Məmmədov və digərləri suallarla çıxış ediblər.

İclasda tədqiqatların elm, təhsil və innovasiya fəaliyyətinin inteqrasiyasında əhəmiyyətini nəzərə alaraq, onların davam etdirilməsi və BDU-da nanomateriallar sahəsində aparılan multidisiplinar tədqiqatların AMEA-nın bu istiqamətlərdə çalışan müvafiq qurumları ilə əlaqəli aparılmasının təmin edilməsi barədə qərar qəbul edilib.

Sonra mərhum akademik Bəkir Nəbiyevin 85 illik, AMEA-nın müxbir üzvləri Şahbaz Muradovun 75 illik və Vəli Baxşəliyevin 60 illik yubileylərinin keçirilməsi barədə qərar qəbul edilib.

Tədbirdə, həmçinin AMEA əməkdaşlarının xarici ezamiyyətləri ilə bağlı məsələlər, AMEA Radiasiya Problemləri İnstitutunun əməkdaşlarının Dubna Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna ezam edilməsi və bir sıra kadr məsələlərinə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.