www.science.az
24.06.2015 08:27

Beynəlxalq əlaqələr idarəsinin rəisi “Elm və Texnologiya 2015” beynalxalq konfrans-konqresində iştirak edir

AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Qulam Babayev Avstriyanın Vyana şəhərinin Hofburg Sarayında keçirilən “Elm və Texnologiya 2015” adlı beynalxalq konfrans-konqresində iştirak edir.

Tədbirin məqsədi ümümdünya ölkələrinin Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması haqqında Razılaşmanın və Milli Məlumat Mərkəzləri arasında əməkdaşlığın davam etdirilməsi, dünyanın nüfuzlu beynəlxalq elmi təşkilatlarının təcrübəsindən istifadə, Yer elmlərinin dünya miqyasında inkişaf etdirilməsindən ibarətdir.

Tədbirdə seysmologiya, nüvə tədqiqatları, geodinamika və digər sahələrdə fəaliyyət göstərən 500-dən çox alim və mütəxəssis iştirak edir.

Q.Babayev “Azərbaycanın Şamaxı-Qobustan-Abşeron ərazisində yerləşən palçıq vulkanlarının püskürməsinə səbəb olan zəlzələlər ilə əlaqədar gərginliyin qiymətləndirilməsi” mövzusunda tədqiqatın nəticələrini konfrans-konqresdə və gənc alimlər və dünyanın Milli Məlumat Mərkəzlərinin üzvlərinin yığıncağında təqdim edib.

Tədqiqatın nəticələri Yaponiya, İsveçrə, İtaliya alimləri, o cümlədən “Beynəlxalq Litosfer Proqramı” elmi cəmiyyətinin üzvləri tərəfindən böyük maraqla dinlənilib.

Konfrans-konqres öz işini iyunun 26-dək davam etdirəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.