www.science.az
24.06.2015 07:36

Azərbaycanın Meksikadakı səfiri AMEA Tarix İnstitutunda olub

Azərbaycan Respublikasının Meksikadakı fövqəladə və səlahiyyətli səfiri İlqar Muxtarov AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunda olub.

İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovla görüş zamanı Latın Amerikası ölkələrində, o cümlədən Meksika, Kosta Rika, Qvatemala, Kolumbiya, Panama və Peruda ermənilərin apardığı antiazərbaycan kampaniyasına qarşı tarixçi alimlərin informasiya mübarizəsi məsələləri müzakirə olunub. Görüşdə “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabının və İrəvan xanlığı tarixinə həsr olunmuş bir sıra broşürlərin ispan dilinə tərcümə olunaraq Latın Amerikası ölkələrində yayılması qərara alınıb.

İlqar Muxtarov Tarix İnstitutunun ispan dilinə tərcümə olunması nəzərdə tutulan kitabları ilə tanış olub və onların tərcümə olunub yayılması ilə bağlı bir sıra elmi-təşkilati məsələlər nəzərdən keçirilib. Qeyd olunan əsərlərin ispan dilində nəşrə hazırlanması və digər mühüm məsələlərin Tarix İnstitutunda həyata keçirilməsi barədə razılıq əldə olunub.

Y.Mahmudov institutda bu istiqamətdə AR Prezidenti İlham Əliyevin təşəbbüsü və çağırışları ilə aparılan işlər, çap olunmuş əsərlər haqqında ətraflı məlumat verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.