Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Lütfi Zadə “İnformasiya texnologiyaları problemləri” və “İnformasiya cəmiyyəti problemləri” elmi-praktiki jurnallarının fəxri baş redaktoru seçilmişdir
23.06.2015 04:19
  • A-
  • A
  • A+

Lütfi Zadə “İnformasiya texnologiyaları problemləri” və “İnformasiya cəmiyyəti problemləri” elmi-praktiki jurnallarının fəxri baş redaktoru seçilmişdir

Dünya şöhrətli azərbaycanlı alim, süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniyanın Berkli Universitetinin professoru, AMEA-nın fəxri üzvü Lütfi Zadə AMEA İnformasiya Texnologiyaları İnstitutunun “İnformasiya texnologiyaları problemləri” və “İnformasiya cəmiyyəti problemləri” jurnallarının fəxri baş redaktoru seçilmişdir.

Lütfi Zadə 4 fevral 1921-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1944-cü ildə Tehran Universitetini elektrik mühəndisliyi ixtisası üzrə bitirmişdir.

L.Zadə 1944-cü ildən 1959-cu ilə qədər Massaçussets Texnologiya İnstitutunda (ABŞ) və Kolumbiya Universitetlərində magistr və doktorluq elmi dərəcələrini almışdır. 1959-cu ildən Berkli Universitetində professor, 1963-cü ildən isə “Elektrik mühəndisliyi və kompüter elmləri” kafedrasına rəhbərlik etmişdir. Hazırda prof. L.Zadə “Soft Computing” İnstitutunun direktoru kimi fəaliyyət göstərir.

L.Zadə bir neçə fundamental elmi nəzəriyyə təklif etmişdir. L.Zadənin elmdə Z-çevirmə kimi tanınan işi diskret və rəqəmli idarəetmə, informasiya və kommunikasiya sistemlərinin yaradılmasının əsasını qoymuş bir elmi nəzəriyyədir.

Onun məşhur vəziyyətlər fəzası, dinamik sistemlərin idarəolunma və müşahidəolunma nəzəriyyələri müasir idarəetmə elminin əsasını təşkil edir. ABŞ-ın Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) bu nəzəriyyələr əsasında idarəetmə sistemlərini tədqiq edir, layihələndirir və tətbiq edir.

L.Zadənin ən böyük nəzəriyyəsi qeyri-səlis məntiq nəzəriyyəsidir. Bu nəzəriyyə təbiətdə və cəmiyyətdə gedən proseslərin qeyri-müəyyənliyini daha adekvat nəzərə almağa imkan yaratmışdır.

Alimin “Soft Computing” nəzəriyyəsi qeyri-səlis məntiq, süni neyron şəbəkələri, genetik alqoritmlər, xaos nəzəriyyəsi və ehtimal nəticəçıxarma paradiqmlərinin intellektual kombinasiyalarını özündə əks etdirərək yeni texnologiyaların əsasını təşkil edir.

Onun təəssürat nəzəriyyəsi dəqiq ölçmə aparmadan ətraf aləm haqqında tez və dolğun informasiya əldə etmək imkanı verir. Bu nəzəriyyənin məqsədi insanda mövcuda oxşar süni təəssürat sistemini yaratmağın prinsip və üsullarını təqdim etməkdir.

Qeyri-səlis məntiq, idarəetmə və soft computing sahəsində onlarla beynəlxalq jurnalın elmi redaktoru və ya redaksiya heyətinin üzvü olan L.Zadə dünyada əsərlərinə ən çox istinad edilən alimlərdən biri hesab olunur. aminer.org saytının məlumatına görə, onun 174 məqaləsinə 82820-dən çox istinad qeydə alınmışdır.

L.Zadə bir çox xarici ölkə elmlər akademiyalarının üzvüdür. O, çox sayda mötəbər cəmiyyətlərin və fondların mükafatlarına layiq görülmüş, medallarla təltif edilmişdir. Onlarla xarici dövlət və ictimai təşkilatın fəxri doktorudur.

Hazırda Berkli şəhərində İnformasiya Texnologiyaları üzrə Zadə İnstitutu fəaliyyət göstərir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: