www.science.az
19.06.2015 12:10

AMEA Şərqşünaslıq İnstitutu və Ərciyəz Universitetinin alimləri Cənubi Azərbaycanda soyqırımı aktını birgə araşdıracaqlar

Beynəlxalq elmi əlaqələrini ildən-ilə artıran AMEA akademik Zİya Bünyadov adına Şərqşünaslıq İnstitutu xarici elm və təhsil müəssisələri ilə birgə elmi layihələrin həyata keçirilməsi istiqamətində də fəaliyyətini genişləndirməkdədir. Şərqşünaslıq İnstitutunun Türkiyənin Ərciyəz Universiteti Ədəbiyyat fakültəsi Şərq dilləri bölümü ilə yeni bağladığı müqavilə bunlardan biridir. Müqaviləyə əsasən tərəflər 1918-1919-cu illərdə Cənubi Azərbaycanda soyqırımı aktını birgə araşdıracaqlar. Müqaviləni Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, prof. Gövhər Baxşəliyeva və Ərciyəz Universitetinin Ədəbiyyat fakültəsinin Şərq dilləri bölümünün rəhbəri prof. dr. Göksel Türközü imzalayıblar.

“Cənubi Azərbaycanda soyqırımı aktı (1918-1919)” adlı layihənin məqsədi Türkiyə və İranın arxiv sənədlərində Cənubi Azərbaycanda ermənilərin xalqımıza qarşı törətdikləri cinayətlərin aşkarlanması, araşdırılması və ictimaiyyətə çatdırılmasıdır.

Şərqşünas alimlər ermənilərin İranda, o cümlədən Cənubi Azərbaycanda məskunlaşma tarixi, onların yerli iqtisadi-ticarət sahələrində fəaliyyəti və sosial vəziyyəti, təşkilatlanması və bu işdə missioner təşkilatların rolu, o cümlədən ermənilərin azərbaycanlılara qarşı soyqırımı aktlarının araşdırılması istiqamətində iş aparacaqlar.

Layihə çərçivəsində yaradılan İşçi qrupunun müvafiq kitabxana və arxivlərdə çalışması üçün qarşılıqlı, eləcə də İrana ezamiyyətləri təşkil ediləcək.

Layihəni həyata keçirəcək İşçi qrupuna Şərqşünaslıq İnstitutundan “Cənubi Azərbaycan” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadə və şöbə əməkdaşları, həmçinin Ərciyəz Universitetinin Ədəbiyyat fakültəsinin Şərq dilləri bölümündən Qafar Çaxmaqlı, Unal Yoldaş, Əhməd Fərman Çələbi daxil ediliblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.