Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Elmi  İnnovasiyalar  Mərkəzinin əməkdaşı Fransada keçirilmiş beynəlxalq seminarda iştirak edib
18.06.2015 11:42
  • A-
  • A
  • A+

AMEA Elmi İnnovasiyalar Mərkəzinin əməkdaşı Fransada keçirilmiş beynəlxalq seminarda iştirak edib

AMEA Elmi İnnovasiyalar Mərkəzinin əməkdaşı Rəfiqə Ağakişiyeva 1-6 iyun tarixlərdə Fransanın Sevres şəhərində keçirilən “Elmi tədris edən müəllimlərin peşəkarlığının artırılması” mövzusunda VI Beynəlxalq seminarda iştirak edib. Fransa Xarici İşlər Nazirliyi, Fransa Elmi Tədqiqatlar və Ali Təhsil Nazirliyi, Beynəlxalq Pedaqoji Təhsil Mərkəzi (CİEP) və “La main a la pate” Elmi Təhsil Fondunun təşkilatçılığı ilə keçirilən seminar fondun yaradılmasının 20, beynəlxalq əməkdaşlığının 17 illik yubileyi münasibətilə təşkil olunub.

R.Ağakişiyeva seminarda “La main a la pate” Elmi Təhsil Fondunun direktoru Devid Jasminin dəvəti ilə ekspert qismində Azərbaycanı təmsil edib.

Dünyanın 45 ölkəsindən 50 nümayəndənin qatıldığı seminarın, o cümlədən “La main a la pate” Elmi Təhsil Fondunun məqsədi elmin təhsilə inteqrasiyasının genişləndirilməsi, elm və təhsil sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, pedaqoji və elmi resursların hazırlanması və yayımlanması, alim və mühəndisləri elm və təhsilin inkişafına cəlb etməkdir.

Qeyd edək ki, “La main a la pate” Elmi Təhsil Fondu 1996-ci ildə fizika üzrə Nobel mükafatı laureatı Corc Şapak, Fransa Elmlər Akademiyasının üzvü, “La main a la pate” Elmi Təhsil Fondunun fəxri prezidenti Pyer Lena və Fransa Elmlər Akademiyasının üzvü, Elm Komitəsinin fəxri prezidenti İv Küri tərəfindən təsis edilmiş, dünya üzrə 3 regional şəbəkəyə (Avropa Birliyi, Cənub-Şərqi Asiya və Latın Amerikası) qoşularaq 50-dən çox ölkə ilə əməkdaşlıq edir.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.

  • Paylaş: