Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Dünya şöhrətli alim, zəngin mənəviyyat sahibi
12.06.2015 08:28
  • A-
  • A
  • A+

Dünya şöhrətli alim, zəngin mənəviyyat sahibi

Azərbaycan elminin korifeylərindən biri, beynəlxalq məkanda Vətənimizi layiqincə təmsil edən və elmimizə şöhrət gətirən say-seçmə alimlərimizin sırasında akademik, Əməkdar elm xadimi Musa Musayevin  adı xüsusi yer tutur.

Musa Əbdürəhman oğlu Musayev 1921-ci ildə  Gəncə şəhərində anadan olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir. Hələ tələbəlik illərində heyvanların infeksion və invazion xəstəliklərinin öyrənilməsinə xüsusi maraq göstərmiş, protozoozları, onların törədicilərini Gəncə rayonlararası baytarlıq diaqnostika laboratoriyasında və Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun parazitologiya kafedrasında öyrənməyə başlamışdır. Elmə marağı 1946-cı ildə Moskva Baytarlıq Akademiyasının aspiranturasında təhsilini davam etdirməsi ilə nəticələnmiş və burada o, məşhur alim, SSRİ Dövlət Mükafatı laureatı, akademik S.N.Vişelesskinin rəhbərliyi ilə heyvanların leptospirozunu tədqiq etmişdir. 

Moskva Baytarlıq Akademiyasında aspiranturada təhsil alarkən Musa Musayev Ümumittifaq Dövlət təqaüdünə layiq görülmüşdür. 1948-ci ildə “Heyvanların leptospirozunun seroloji diaqnostikası” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və burada bir ilə qədər assistent işləmişdir. Dünya şöhrətli alim, akademiyamızın o vaxtki prezidenti Yusif Məmmədəliyev həmin dövrdə Moskvada olarkən istedadlı gənc alimdən xəbər tutmuş, görüşmüş, ona Azərbaycan Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutunda işləməyi təklif etmişdir. 1949-cu ildən 2010-cu ilə qədər, düz 61 il  Musa müəllim Zoologiya İnstitutunda işləmişdir. Özü də bu 61 ilin 50 ilini Zoologiya İnstitutuna direktorluq etmişdir.

Onun ilk elmi axtarışları heyvanların və insanın təhlükəli xəstəliklərindən birinin – leptospirozların öyrənilməsinə həsr olunmuşdur. Azərbaycanda bu xəstəliyin ilk hərtərəfli tədqiqatçısı odur. Xəstəliyin yayılmasının səbəbini müəyyənləşdirmək, diaqnozu, müalicəsi və profilaktikasının elmi əsaslarını yaratmaq gərgin əmək, dərin elmi axtarışlar aparmaqla mümkün olmuşdur. Məhz buna görə də Musa müəllim nüfuzlu bir alim kimi keçmiş SSRİ-də bu sahədə aparılan elmi işlərin planlaşdırılmasında, həyata keçirilməsində birbaşa iştirak etmiş və həmin sahədə çalışmaq üçün kadrlar hazırlamışdır. 1948-1960-cı illərdə o, leptospirozun diaqnostikası, epizootologiyası, patologiyası və immuniteti məsələlərini tədqiq etmiş, bir neçə məqalə və 2 monoqrafiya — “Heyvanların leptospirozunun seroloji diaqnostikası” (1950), “Qaramalın leptospirozu” (1959) əsərlərini yazmışdır.

Gənc alimin o illər təklif etdiyi “Leptospirozun seroloji diaqnostikası” üsulu indi də müasir immunoloji metodlarla yanaşı, istifadə edilir. “Qaramalın leptospirozu” monoqrafiyası müəllifin xüsusi tədqiqatlar əsasında qaramalın, o cümlədən dünyada ilk dəfə camışların leptospirozunun hərtərəfli öyrənilməsi, həm ölkəmizdə və həm də xaricdə səpələnmiş şəkildə olan külli miqdarda, ədəbiyyat materialının sistemləşdirilməsi baxımından böyük maraq doğurur. Bu monoqrafiya indiyədək leptospiroz haqqında dünya ədəbiyyatında mövcud olan məlumatların yeganə elmi ümumiləşdirilməsi kimi qalır, eyni zamanda, bu xəstəliyə qarşı tədbirlərin görülməsi işində praktiki baytar işçiləri üçün qiymətli vəsaitdir.

1956-cı ildə M.Musayev “Azərbaycanda qaramalın leptospirozu” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, 1960-cı ildə isə ona SSRİ Ali Attestasiya Komissiyası tərəfindən professor elmi adı verilmişdir. Gərgin və məqsədyönlü elmi, ictimai və pedaqoji fəaliyyətinin nəticəsi olaraq M.Ə.Musayev 1959-cu ildə Azərbaycan Elmlər Akademiyasının (indiki AMEA) müxbir üzvü, 1967-ci ildə isə həqiqi üzvü (akademik) seçilmişdir.

Musa müəllim leptospirozların öyrənilməsi ilə yanaşı, təkhüceyrəli heyvanların tədqiqi sahəsində də geniş axtarışlar aparmış, 1957-ci ildə protozoologiya laboratoriyası təşkil etmişdir.

Ölkəmizdə təkhüceyrəli heyvanların genofondu öyrənilərkən faunamızda dünya elmi üçün yeni olan 230-a qədər növ təsvir edilmişdir. Bu növlərin elm üçün yeni olan reallığı dünya alimləri tərəfindən təsdiq olunmuş, onlar ABŞ, Macarıstan və digər ölkələrdə nəşr olunan kataloq və monoqrafiyalara daxil edilmişdir.

Azərbaycan protozooloqlarının hələ 1970-ci ilə qədər əldə etdiyi nailiyyətlərinin təcəssümü olaraq, keçmiş SSRİ-də təzəcə yaradılmış (1968) Protozooloqlar Cəmiyyətinin birinci qurultayı məhz 1971-ci ildə respublikamızın paytaxtı Bakı şəhərində keçirilmişdir. Musa müəllim öz şagirdləri ilə protozooloji tədqiqatları daha da genişləndirmiş, sitologiya, biokimya, molekulyar biologiya və immunologiyanın metod və üsullarını tətbiq etməklə, protozoologiya elminin inkişafına yeni istiqamət vermişdir.

Bu fundamental tədqiqatların nəticələri 150-dən çox elmi məqalədə, o cümlədən “Ev quşlarının koksidiozlarında parazit-sahib münasibətlərinin biokimyəvi xüsusiyyətləri” (1977) və “Ev quşlarının parazitləri və onlara qarşı mübarizənin elmi əsasları” (1991) monoqrafiyalarında öz əksini tapmışdır.

Musa müəllimin elmi fəaliyyət sahəsi çox geniş olmuşdur. Onun rəhbərlik etdiyi protozoologiya şöbəsində eymeriyalar və sarkosporidilər kimi koksidilərlə bərabər parazitoloji və seroloji metodlar tədbiq etməklə kənd təsərrüfatı heyvanları ilə insanların toksoplazmozları arasındakı qarşılıqlı əlaqə, ev heyvanları və quşların, sürünənlərin, balıqların və suda-quruda yaşayanların qan parazitləri, balıqların təkhüceyrəli parazitlər kompleksi çox əhatəli tədqiq olunmuşdur. Bunun nəticəsidir ki, nəzəri və praktiki əhəmiyyətli bir çox elmi əsərlər, o cümlədən də “Azərbaycanda balıqların ibtidai parazitləri” (1966), “Azərbaycanda quşların qan parazitləri” (1994) kimi kitablar nəşr edilmişdir. Son illərdə koksidilərə aid olan və müxtəlif onurğalı heyvanlarda və insanlarda parazitlik edən, lakin indiyə qədər öyrənilməyən kriptosporidilərin tədqiqinə başlanmış, onların bəzi əsas və aralıq sahibləri müəyyənləşdirilmişdir. O, 350-dək elmi əsərin, o cümlədən 7 monoqrafiyanın müəllifidir. Onun rəhbərliyi altında 6 elmlər doktoru və 27 elmlər namizədi hazırlanmışdır.

Respublikamızda zoologiya elminin inkişaf etdirilməsi sahəsində Musa müəllimin böyük təşkilatçılıq qabiliyyətini xüsusi qeyd etmək lazımdır. O, yalnız Zoologiya İnstitutunda deyil, respublikanın digər elm və təhsil müəssisələrində çalışan alimləri də  zoologiya elminin dinamik inkişaf etdirilməsinə cəlb etməyə nail olmuşdur. Məhz bunun nəticəsidir ki, respublikamızda təkhüceyrəli heyvanlardan tutmuş ali məməlilərə qədər bütün heyvanlar öyrənilir və zoologiya elminin hər bir sahəsini öyrənə bilən alimlər yetişmişdir. Onun direktor olduğu dövrdə yüksək ixtisaslı kadrlar nəsli, o cümlədən zoologiya elminin müxtəlif sahələrini öyrənən və inkişaf etdirən 110-dan çox elmlər namizədi və doktoru yetişmişdir.

Akademik Musa Musayevin elmi-ictimai fəaliyyəti daha genişdir. O, vaxtilə keçmiş Ümumittifaq Protozooloqlar Cəmiyyətinin vitse-prezidenti və onun Azərbaycan bölməsinin sədri (1968-1991), “Bilik” Cəmiyyətinin biologiya və kənd təsərrüfatı bölməsinin elmi metodik şurasının sədri (1976-1989), Azərbaycan-Çexoslovakiya Dostuq Cəmiyyətinin sədr müavini (1963-1991), keçmiş SSRİ EA ümumi biologiya şöbəsi elmi şurasının üzvü və  bir neçə elmi jurnalın  redaksiya heyətinin üzvü, Ali Attestasiya Komissiyasının kənd təsərrüfatı bölməsi ekspert şurasının sədri, Zooloqlar Cəmiyyətinin prezidenti vəzifələrini şərəflə yerinə yetirmişdir.

1959-cu ildən AMEA biologiya elmləri bölməsinin büro üzvü olmuş, 1997-ci ildən isə bu bölmənin akademik — katibi seçilmişdir. Ona, 1974-cü ildə Azərbaycanın “Əməkdar elm xadimi” fəxri adı verilmişdir.

Akademik M.Musayev dəfələrlə Azərbaycan zoologiya elmini xarici ölkələrdə təmsil etmişdir. Keçmiş SSRİ ərazisində keçirilən əksər parazitoloji və protozooloji konfranslarda, qurultaylarda, simpoziumlarda və s. yığıncaqlarda, plenar iclaslarda çıxış etmiş, seksiyaların rəhbəri olmuşdur. O, bir çox xarici ölkələrdə – Çexoslovakiyada, Polşada, Yuqoslaviyada, Türkiyədə, Bolqarıstanda, Hindistanda, ABŞ-da, Almaniyada, Fransada, Braziliyada, Macarıstanda Azərbaycan elminin və özünün şəxsi tədqiqatlarının ən yeni nailiyyətlərini dünya elmi ictimaiyyətinə çatdırmış, həm də dünya miqyasında parazitologiya sahəsində aparılan yeni istiqamətli tədqiqatların respublikamızda da aparılmasını təşkil etmişdir.

Akademik Musa Musayev elmi və ictimai sahədəki böyük  xidmətlərinə görə bir sıra mükafatlara, o cümlədən “Şərəf nişanı”, “Qırmızı Əmək Bayrağı” və “Şöhrət” ordenlərinə, müxtəlif medallara,  Azərbaycan SSR-in Dövlət mükafatına, respublika Ali Soveti Rəyasət Heyətinin üç fəxri fərmanına... layiq görülmüşdür.

Şeyxülislam axund Məhəmməd Fərəculla Pişnamazzadənin nəvəsi olan akademik Musa Musayev  Vətənə, xalqa və elmə şərəflə xidmət edən böyük alim, sadə və təvazökar insan, zəngin mənəviyyat sahibi, xoşbəxt ata və mehriban baba idi. Musa müəllim  2010-cu ildə dünyasını dəyişmişdir.

Akademik Musa Musayev Azərbaycan  elmi, mədəniyyəti və  təhsili sahəsində  parlaq iz  qoymuş şəxsiyyət kimi yeni nəsillər  üçün  ibrət nümunəsi olacaq bir ömür yaşamışdır.

İlham Ələkbərov, Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü

www.xalqqazeti.com

  • Paylaş: