Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

09.06.2015 08:24
  • A-
  • A
  • A+

Genetik Ehtiyatlar İnstitutunda beynəlxalq təlim kursu keçirilib

Genetik Ehtiyatlar İnstitutunda beynəlxalq təlim kursu keçirilib

AMEA Genetik Ehtiyatlar İnstitutunda (GEİ) 5 günlük beynəlxalq təlim kursu keçirilib.

Rəyasət Heyətinin 11 fevral 2015-ci il tarixli Qərarı ilə maliyyələşdirilməsi məqsədəuyğun hesab edilmiş "Genom və transkriptom səviyyəsində bitki genetik ehtiyatlarının identifikasiyası, onların saxlanılması və səmərəli istifadəsi üzrə dayanıqlı sistemin yaradılması" elmi-tədqiqat proqramı çərçivəsində “Bitkilərin yaxşılaşdırılmasında Yeni Nəsil Sekvenserlərinin tətbiqi” mövzusunda kurs Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəz (İCARDA) və Yarım-Quraq Tropiklər üçün Bitki Tədqiqatları İnstitutunun (İCRİSAT) tanınmış alimlərinin iştirakı ilə baş tutub.

Beynəlxalq mərkəzlərlə mövcud əməkdaşlıqdan danışan GEİ-nin direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov bildirib ki, regionda ilk dəfə olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun pilot layihəsi çərçivəsində bu elmi müəssisədə Genomika laboratoriyası yaradılmışdır.

Bakıya ikinci dəfə səfər edən İCARDA-nın Biotexnologiya şöbəsinin müdiri, professor Aladdin Hamwieh Azərbaycanda olan inkişafı yüksək qiymətləndirib. Qeyd edib ki, onun ilk gəlişi 2011-ci ildə baş tutmuş və o zaman burada keçirilən təlim seminarında GEİ-nin gənc alimləri DNT-nin ekstraksiyası, molekulyar markerlər müasir biliklər əldə etmişdilər. İndi isə Yeni Nəsil Sekvenserlərindən istifadə etməklə tam genom və transkriptom analizi üzrə təlim kursu keçirilir. Bu da Azərbaycanda elmin müasir sahələrinin sürətlə inkişafının göstəricisidir.

İCRİSAT-ın Genomika mərkəzinin əməkdaşı, professor Mahendar Thudi çıxışında  çalışdığı qurumun geniş imkanları barədə məlumat verib. O, artıq 3 bitkinin genomunun oxunmasında iştirak etdiklərini və bu sahə üzrə dünyanın ən aparıcı mərkəzlərindən biri olduqlarını bildirib.

Açılış mərasimində İCRİSAT-ın Genomika mərkəzinin əməkdaşı  Anu Chitikineni Yeni Nəsil Sekvenser Texnologiyası ilə bağlı mühazirə oxuyub.

Sonra qonaqlar institutda fəaliyyət göstərən Milli Genbank, Biotexnologiya və Virusologiya laboratoriyaları ilə tanış olublar.

Daha sonra 25 nəfər gənc tədqiqatçının iştirakı ilə təlim kursu keçirilib.  Kursda bitkilərin sekvens üsulu ilə genotipləşdirilməsi, de-novo və re-sekvensi, transkriptom analizi, alınan nəticələrin bioinformatik və biostatistik analizi üzrə geniş məlumat verilib və praktik məşğələlər keçirilib. Seminar zamanı Darvin, Structure, Tassel, UNEAK kimi kompyuter proqramları da öyrədilib.

Kursun sonuncu günü AMEA-nın prezidenti, akademik Akif Əlizadə, AMEA-nın vitse-prezident, akademik İbrahim QuliyevAqrar Elmlər Bölməsinin akademik-katibi, akademik Qərib Məmmədov İCARDA və İCRİSAT-ın nümayəndələri ilə görüşüblər. AMEA prezidenti genomika, genetika və molekulyar seleksiya sahələri üzrə beynəlxalq mərkəzlərlə əməkdaşlığın gücləndirilməsi, tanınmış alimlərin uzunmüddətli institutlara cəlb edilməsi, birgə kadrların hazırlanması, AMEA-da yeni yaradılmış magistratura hazırlığında da elmin ən yeni sahələri üzrə mövzuların seçilməsi, magistrlərin beynəlxalq mərkəzlərdə təlim kursu keçmələrinin təşkili üzrə tapşırıq və tövsiyələrini verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: