Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Orfoqrafiyada iki "y"dan biri
04.06.2015 09:43
  • A-
  • A
  • A+

Orfoqrafiyada iki "y"dan biri

İsa Həbibbəyli

Azərbaycan dilində qoşa y səsi ilə yazılan sözlərin mütləq əksəriyyəti alınma sözlərdən ibarətdir. Və məlum olduğu kimi,  dilimizdə qoşa y samiti ilə yaranan sözlərin heç də hamısı yox, böyük bir qismi, əslində çoxusu, -iyyət şəkilçisi ilə yazılır. Bir daha o qənaətdəyik ki, yanaşı iki y samiti ilə yazılan və  -iyyət şəkilçisi ilə düzələn sözlərdə tələffüzün çıxardığı hökmü nəzərə alaraq tək y-ya keçmək zəruridir.

Bununla belə, Azərbaycan dilində qoşa y samiti ilə yazılan sözlərin heç də hamısının -iyyət şəkilçisi ilə əmələ gələn sözlərdən ibarət olmadığını nəzərə alaraq, eyni fonetik tərkibə malik digər sözlərin də yazılış qaydalarına yenidən baxmağa ehtiyac vardır.

Məlumdur ki, Azərbaycan dilində qoşa y samiti ilə yazılan maliyyə, ədliyyə, səhiyyə... tipli sözlər də mövcuddur. Fikrimizcə, həmin qəbildən olan sözləri qoşa y samitinə münasibətdə aşağıdakı kimi 2 qrupa ayırmaq olar:

1. Qoşa y səslərindən birinin tələffüzdən çıxdığı sözlər.

Məsələn: maliyyə (maliyə), ədliyyə (ədliyə), səhiyyə (səhiyə), təhliyyə (təhliyə), hədiyyə (hədiyə) və sair. Bu tip sözlərdə qoşa y - səslərindən biri artıq tələffüz edilmir. Bu sözlərdə tək y ilə tələffüz oturaqlıq qazandığı üçün ikinci y səsi artıq görünür və ya tələffüzü ağırlaşdırır. Ona görə də həmin sözlərin orfoqrafiyasına  düzəliş etmək, sözləri tək y ilə yazmaq qaçılmazdır.

2. Hələ də qoşa y samitlərindən hər ikisinin tələffüzdə saxlanıldığı sözlər.

Belə sözlərdə yanaşı gələn hər iki y səsi tələffüz zamanı eyni səviyyədə olmasa da işlədilir. Lakin həmin sözlərdə qoşa y səslərindən birincisinin daha dərin, ağırlıqlı, ikincisinin isə bir qədər yumşaq, daha tez bitən, nisbətən zəif şəkildə tələffüz edildiyi müşahidə olunur. Məsələn səviyyə, səciyyə, bələdiyyə, tədiyyə kimi sözlərdə dil sanki hələ tək y ilə düzələn sözlə mənanı ifadə etməyə tam alışmamışdır. Yanaşı, qoşa işlənmələrinə baxmayaraq onların arasında incə bir fərq vardır. “Səviyyə” sözündə birinci y səsi ilə müqayisədə ikinci y səsi çox zəif səslənir. Sanki əvvəlki y səsi sonrakı ekiz samiti sıxışdırmağa başlamışdır. Lakin orfoqrafiya lüğətində “səviyyə” sözündə hələ ki, qoşa y -lardan hər ikisi mövcuddur. Hətta adama elə gəlir ki, bu sözlər tək y səsi ilə ifadə olunarkən qoşa y səsi ilə olduğu səviyyədə mənanı dolğun ifadə edə bilmir. Prosesin bundan sonrakı inkişafını da zaman və dilin özü diqtə edəcəkdir. Ya dil “səviyyə”, “səciyyə” kimi sözləri tək y səsi ilə tələffüz etməyə alışacaq, ya da bu tip sözlər həmin mənanı ifadə edən başqa bir sözlə əvəz olunacaqdır. Artıq birinci halın baş verməsinə dair fonetik prosesin cizgiləri aşkar görünməkdədir. Məsələn, “səviyyə” sözü ilə eyni məxrəcdə tələffüz edilən “qəziyyə” sözündə ikinci y səsi funksionallığını itirmək üzrədir, yaxud da itirmişdir. Dilimiz qoşa y səsi ilə deyilən və yazılan “qəziyyə” sözünü tək y səsi ilə daha rahat tələffüz edir. Xüsusən, “hal-qəziyyə” ifadəsində ikinci y səsi tələffüz edilməyəcək qədər nazilmişdir. Dəqiq müşahidə aparılarsa, müasir dövrdə birinci halın üstünlük təşkil etdiyini, yəni “səviyyə”, “tədiyyə” kimi sözlərdə qoşa y samitlərindən ikincisinin zəiflədiyi, sıradan çıxmaqda olduğu qənaətinə gəlmək mümkündür. “Bələdiyyə” sözü də “bələdiyə” formatında işlədiləndə heç bir natamamlıq yaranmır. Ona görə hazırkı vəziyyətdə bu halın, ikinci y səsinin zəifləməsinin, əriyib itməsinin dərinləşməyə, genişlənməyə doğru bir proses olduğu müşahidə edilir. Hiss olunur ki, dil özü daxili enerjisi ilə ikinci y səsini aradan çıxarmaq üzrədir. Azərbaycan dilində ən müxtəlif sözlərdə bərabər hüquqlu qoşa y səslərindən təkhakimiyyətli y səsi uğrunda mübarizə başlanmışdır. Gec-tez bu tip sözlərdə də birinci y səsi hər ikisinin yükünü daşımaq gücündə olduğunu göstərə biləcəkdir. Və dilin daxilində gedən bu mübarizə nəticə etibarilə rahatlığa, sadələşməyə, uyğunlaşmağa xidmət edir.

Eyni zamanda, “qəziyyə” sözünün artıq dövriyyədən çıxaraq başqa sözlə əvəz edilməkdə olduğunu da göstərmək olar. Diqqət yetirsək, indi “qəziyyə” sözünün mənasını “məsələ”, “əhvalat”, “əhval” sözləri də xeyli dərəcədə əvəz edə bilir. Düşünürük ki, tək y səsi ilə deyilən “qəziyyə” kəlməsi artıq arxaikləşmişdir. Azərbaycan dilindəki “təziyyə” sözü də eynilə “qəziyyə” sözünün taleyini yaşayır. Yeri gəlmişkən, deyək ki, yuxarıdakı “Eyni zamanda” sözləri ilə başlayan cümlədə işlətdiyimiz “dövriyyə” sözündəki ikinci y səsi də aktiv funksional deyildir. Xüsusən, “dövriyyə” sözü şəkilçi qəbul edilib  işlədildikdə ikinci y səsi demək olar ki, tələffüz edilmir. Məsələn: dövriyədə, dövriyəsi... və sair kimi sözlərdə indi bizim yazdığımız şəkildə ikinci y səsinə (hərfinə) ehtiyac duyulmur. Uzun zaman qoşa y samiti ilə yazılan təhkiyyə, tövsiyyə sözlərinin artıq “Orfoqrafiya lüğəti”ndə tək y ilə yazılması y səsdüşümü hadisəsinin nəticəsində baş vermişdir.

Bütün bunlara görə, qoşa y səslərindən birinin tam şəkildə tələffüzdən çıxdığı maliyə, səhiyə, ədliyə, dövriyə kimi sözləri yeni “Orfoqrafiya lüğəti”ndə tərəddüd etmədən tək y samiti ilə yazmaq lazımdır. Bu isə öz növbəsində həmin sözlərlə ifadə olunan nazirlik və idarələrin adlarının yazılışında da uyğun dəyişikliklərin edilməsi zərurətini ortaya çıxarır.

Bundan başqa, ikinci tərəfi xeyli dərəcədə zəifləsə də bu gün dilimizdə qoşa y səsi ilə tələffüz edilən və buna görə də yanaşı iki y samiti ilə yazılan “səviyyə”, “səciyyə”, “bələdiyyə”, “təziyyə”, “dövriyyə” kimi sözləri də hər hansı bir şəkildə olur-olsun, bundan sonrakı növbəti orfoqrafiya lüğəti zamanına qədər indi olduğu kimi, yəni qoşa y səsi ilə saxlamaq mümkün olmayacaqdır. Artıq dil öz işini görməkdədir və geriyə qayıdışa ümid yoxdur. Düşünürəm ki, baş verməkdə olan, öz təbii axını ilə irəli gedən bu prosesin labüdlüyünü nəzərə alıb, bu dəfə dili qabaqlamaq, hazırlanmaqda olan “Orfoqrafiya lüğəti”ndə o sözlərdə də tək y ilə yazılışı təsbit etmək olar. Fikrimcə, belə bir addım tək y səsinə doğru gedən təbii prosesi bir qədər də sürətləndirə bilər.

Bu məqamda qoşa y səsi ilə yazılan ölkə adlarının ortoqrafiyası məsələsinə də toxunmaq istəyirəm. Məsələn: “Səudiyyə Ərəbistanı” adında “Səudiyyə” sözündəki qoşa y səsləri də Azərbaycan dilində bir y səsi ilə tələffüz olunur. Heç bir ölkənin, o cümlədən də Azərbaycanla da çox yaxın dost münasibəti olan Səudiyyə Ərəbistanının yazı və tələffüz qaydaları üzrə daxili işlərinə qarışıb, bu adın həmin ölkədə necə yazılmalı olması barədə mülahizə yürütmək bizim işimiz deyildir. Bu, qədim və zəngin ərəb dilçilərinin vəzifəsidir. Lakin Azərbaycan dilində həmin sözün də orfoepik qaydalarla orfoqrafik prinsiplərin uzlaşması əsasında yazılmalı olduğunu demək, bu dost ölkəyə xalqımızın daha doğma münasibətinin ifadəsi olar. Beləliklə, “Səudiyyə” sözündəki qoşa y səsləri tək y səsi kimi tələffüz olunduğu üçün həmin sözün Azərbaycan dilində orfoepik qaydalara uyğun olaraq bir y samiti ilə yazılması məqsədəuyğundur. Həm də nəzərə almaq lazımdır ki, müasir ərəb dilində də “Səudiyyə” sözü tək y ilə yazılır. Bizdə isə bu söz son dövrlərə qədər maliyyə, səhiyyə qəbilindən olan sözlərlə oxşar, eyni məxrəcdə tələffüz olunduğu üçün, necə deyərlər, bi qədər ibarəli səslənsin deyə avtomatik olaraq qoşa y ilə yazılmışdır. 

Bundan başqa, yazıçı və şairlərimizin əsərlərinin adlarında qoşa y səsi ilə ifadə olunan sözlərə də münasibəti aydınlaşdırmağa ehtiyac vardır. Məsələn, XII əsrdə yaşayıb-yaratmış Əfzələddin Xaqaninin məşhur “Həbsiyyə” əsərinin adındakı iki yanaşı y samitləri indi necə yazılmalıdır? Fikrimizcə, bədii əsərlərin adında istənilən məqamda tarixiliyi və müəllif hüququnu qorumaq lazımdır. Bədii əsərlərin adları qrammatik qaydalarla deyil, müəllifin təxəyyülü, baxışları, onun yaşayıb-yaratdığı dövrün, konkret ədəbi mühitin əsasında formalaşır. Ona görə də Əfzələddin Xaqaninin “Həbsiyyə” əsərinin adındakı hər iki y səsi toxunulmazdır. Ayrılıqda isə “həbsiyyə” sözü artıq canlı danışıq dili üçün və hətta ədəbi dil baxımından da arxaikləşmişdir, dilimizdə işlədilmir.  “Həbsiyyə” sözü yalnız Əfzələddin Xaqaninin əsərinin adı olaraq böyük şairin yazdığı şəkildə yaşamaqda davam edir. Həmçinin Mirzə Ələkbər Sabirin “Fəxriyyə” şeirinin adında da böyük satirik şairin yazdığı kimi qoşa y samitini saxlamağa borcluyuq. Bu məqamda “Fəxriyyə” şeirinin adı məsələsində Mirzə Ələkbər Sabirin başqa münasibətlə dediyi kimi “əvvəl nə idiksə, yenə biz şimdi həmanız”. On bir bənddən ibarət olan şeirin yalnız adında işlədilməsinə, mətndə özünə yer almamasına baxmayaraq, həmin bircə kəlmə “Fəxriyyə” sözünü ilk dəfə 26 avqust 1907-ci ildə “Molla Nəsrəddin” jurnalında çap olunan və sonralar “Hophopnamə”lərin hamısında eyni qaydada yazılan şəkildə, qoşa y ilə yazmağa əməl etməliyik. Dil faktı kimi isə “fəxriyyə” sözündə indi ikinci y səsi nəinki zəifləmişdir, hətta demək olar ki, sıradan çıxmışdır və tək y samiti ilə yazılmağa layiqli namizəd sayıla bilər.

Şəxs adlarındakı qoşa y səsi ilə ifadə olunan xüsusi isimlərə gəldikdə isə burada da yeni tövsiyə olunan adlarda Azərbaycan dilinin müasir inkişaf proseslərindən çıxış edərək, tək y səsi ilə ifadə edilən adlara müraciət olunmasını məqsədəuyğun sayırıq. Əvvəlcədən övladlara verilmiş adlarda isə istər-istəməz həmin adların rəsmi sənədlərdə, xüsusən də pasportda öz əksini tapmış qaydada adlandırmanı qəbul etməliyik. Əgər vətəndaşın adı pasportda qoşa y samiti ilə yazılmışdırsa (Əhmədiyyə, Fikriyyə, Şükriyyə sözlərində olduğu kimi), bu zaman tək y samiti ilə yazılışa keçidi yalnız o adı daşıyan şəxsin məsələni rəsmi qaydada həll etməsindən sonra yoluna qoymaq olar.

Ümumiyyətlə, hər iki qəbildən olub (iqtisadiyyat, yaxud maliyyə), qoşa y samiti ilə yazılan və tələffüz edilən alınma sözlərin bir çoxu  dilimizə terminlər kimi daxil olmuşdur. Bir vaxtlar həmin alınma sözlərə meylin qüvvətlənməsi yazıda, dövri mətbuatda “savadlı” görsənmək “azarından” da doğmuşdur. Bu mənada sözlərin qoşa y samiti ilə yazılması və deyilməsi “savadlı”, “ibarəli” görüntüsü yaratmağa da xidmət etmişdir. Böyük ədibimiz Cəlil Məmmədquluzadə hələ XX əsrin əvvəllərində “ibarəli yazmağa mayıl” olmağın mahiyyətini aşağıdakı kimi açıqlamışdır: “Və lakin bizim nəzərimizə gələn bu idi ki, əhli-qələmlərimizin əksəri, doğrudan da ibarəli yazmağa mayıl idi. Və ola bilər ki, asan və türkcə yazmaqdan o səbəbə qaçırdıq ki, türkcə yazanlar az savadlılar idi. Aşkar bir mətləbdir ki, hər bir kəs qələmi əlinə alanda təhsil etdiyi ərəb və fars dillərindən mümkün olduqca və yeri gəldikcə, çətin və asan, hansı olursa-olsun,... öz yazdıqlarını həmin bu dillərin ibarələri və kəlmələri ilə doldururdular. Hərçənd belə bir yazıçılarımız həqiqi yazıçı və yazı ustadları deyil idilər, amma xalqın gözündə alim görsənirdilər. Doğrudan da bir kəs, xüsusən, savadı az olan bir kəs, çətin və ibarəli və anlaşılmayan belə bir yazını oxuyub qanmayanda da yenə buna “pəh-pəh” deyirdi. Və hərçənd bu yazıdan feyziyab olmurdu da, genə bu yazının sahibini elmli zənn edirdi”.

Əksər alınma sözlər, o cümlədən də qoşa y samiti ilə yazılan sözlər alınma olduğu üçün bədii dildən çox elmi və siyasi üslubda olan yazılarda üstünlük təşkil etmişdir. Həmin sözlər daha çox “savadlı yazılardan”, dövri mətbuatdan bədii əsərlərin dilinə girmiş, bundan sonra kütləvilik qazanmışdır. Bu sözlər uzun müddət dəbdə olmuş və çox işlənmişdir. Lakin son yarım əsrdə zamanın ana dilinə tələbatının artması ilə tələffüzdə və yazıda sadələşmə prosesi başlanmış, ibarəli danışmaq da, yazmaq da nisbətən arxa plana keçmişdir.

Göründüyü kimi, müasir Azərbaycan dilində Şərq mənşəli alınma sözlərin sadələşərək milli ədəbi dil qaydalarına uyğunlaşması prosesi gedir. Bu proses yalnız dilimizin inkişafının göstəricisidir. İnanıram ki, dilçi alimlərimiz Azərbaycan dilində gedən alınma sözlərin milli ədəbi dil normalarına uyğunlaşması prosesinin dərinliklərini və incəliklərini, o cümlədən, qoşa y səsi ilə deyilən sözlərin yazılışını qrammatika elmi səviyyəsində daha geniş şəkildə tədqiq olunub öyrənilməsini təmin edəcək, “Orfoqrafiya lüğəti”ni yenidən hazırlayanlar isə dilimizin müasir dövrdəki özünəməxsusluqlarını nəzərə alacaqlar.

Var ol, Ana dilim!

Yazımızı böyük demokrat yazıçı, mərdi-mərdanə şəkildə sadə, açıq ana dilinin keşiyində dayanan, bu böyük işə azərbaycançılıq düşüncəsinin işığında mühüm məsələ kimi baxan vətəndaş ədib Cəlil Məmmədquluzadənin aşağıdakı sözləri ilə tamamlamaq istəyirik: “Dünya və aləm dəyişdi, mənalar özgə təbir əxz elədi. Yəni bizim dildə söyləsək, o şeylər ki, əsl mənalarını itirmişdi, qayıdıb əslini tapdı... Amma hamı buna qail oldu ki, vətən, vətən, vətən, dil, dil, dil, millət, millət, millət. Dəxi bu dairədən kənar bəni-noi-bəşər üçün özgə nicat yolu yoxdur”.

Azərbaycan dilinin keşiyində dayanmaq Vətəni və milləti inkişaf edib möhkəmləndirməyin nəinki üzvi tərkib hissəsidir, hətta ən məsuliyyətli və şərəfli bir missiyasıdır.

www.525.az

  • Paylaş: